Slimfit
  1. CƏMİYYƏT

Leş əti yeməmək üçün əti haradan alaq-iş adamı danışır

Leş əti yeməmək üçün əti haradan alaq-iş adamı danışır
Sakura

Leş əti yeməmək üçün əti haradan alaq-iş adamı danışır

“İstehlakçılar ət alarkən AQTA-nın möhürünə diqqət etsinlər və yalnız möhürlü  ətləri alsınlar”

Əvvəllər məhkum olunmuş “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanovun Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində ət tədarükü məntəqəsi yaradaraq qanuni fəaliyyət göstərən heyvan kəsimi sexi görüntüsü altında pərdələnərək  yaratdığı  cinayətkar şəbəkə  ortaya çıxdıqdan sonra bu məsələyə diqqət artıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bu sahəyə nəzarəti gücləndirməsi ilə paralel olaraq, istehlakçılar da narahatdırlar.  Dövriyyədə olan leş ətlər qarşımıza harada çıxa bilər? Bununla bağlı dünya praktikasında nə kimi mübarizə tədbirləri var? İctimai-iaşə obyektləri, restoranlar ətləri haradan tədarük edirlər? İstehlakçıların bu sahədə hüquqlarını qoruyan qanunvericilik aktları yetərlidirmi?

“Yeni Müsavat” olaraq  mövzunu yenidən gündəmə gətirməklə bir çox məqamlara aydınlıq gətirməyə çalışdıq.

“Xəmsə” MMC-nin sahibi, iş adamı Mürvət Həsənli mövzu ilə bağlı qəzetimizə açıqlama verərkən bildirdi ki, istehlakçılar daha çox sertifikatı və üzərində möhürü olan ətləri almalıdırlar: “Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunsuz heyvan kəsimi fəaliyyətlərini dayandırmaq üçün addımlar atır və bunun üçün müvafiq kəsim məntəqələri yaradılıb.  Mənim tövsiyəm odur ki, istehlakçılar ət alarkən AQTA-nın möhürünə diqqət etsinlər və yalnız möhürlü  ətləri alsınlar. Ətin dərin emalından istehsal olunan kolbasa və sosisləri isə daha çox tanınmış firmaların məhsullarından istifadə etmək daha etibarlıdır”.

İctimai-iaşə obyektləri, kafe və restoranlar, eləcə də dönərxanalarda  ət məhsullarının istehlak edilməsinə gəlincə, iş adamı bildirdi ki, Azərbaycanda dönərçilik sahəsində keyfiyyət məsələsi onu qane etmir: “Son dövrlərdə Qida Təhlükəsizliyi Agentliyi dönərxanalarda ətin keyfiyyətinə nəzarət məsələsini tam  olaraq nəzarətə götürüb. Dönərlərin hazırlanmasında iştirak edən firmaların aldığı sertifikatlara baxmaq lazımdır. Hər bir istehlakçı dönər alarkən diqqət etməlidir ki, haradan nə alır. Onun qoxusu əslində hər şeyi bildirir.  Şəxsən mən Azərbaycanda hazırlanan dönərlərə etibar etmirəm”.

Ekspertin fikrincə, burada qiymət məsələsi də önəmli nüansdır: “Bu gün ətin kiloqramı 11-12 manata satılır. Əgər 1 kiloqram kolbasa 2 manata satılırsa, deməli, bu, keyfiyyətsiz məhsuldur. Nə 2-3 manata, nə də 5 manata kolbasa olmamalıdır. Ətin kiloqramı ən azı 10 manatdır. Onun tərkibinə qatılan ədviyyatları da nəzərə alanda kolbasanın kiloqramı daha baha başa gəlir. Ona görə də ət məhsulları alanda diqqətli olmaq lazımdır”.

M.Həsənli vurğuladı ki, dünyanın hər bir ölkəsində bu məsələ nəzarətdədir, ya Qida Təhlükəsizliyi Agentliyi kimi qurumlar, ya da Baytarlıq Nəzarət Xidməti nəzarət edir:  “Əgər hər hansı bölgədə xəstəlikdən iribuynuzlu və ya xırdabuynuzlu heyvanların ölüm halları qeydə alınıbsa, bunu hər kəs bilir. Bunun say etibarilə yaşayış məntəqələrindən kənarda yandırılmasını təmin etmək lazımdır. Bu həm virusların yayılmasının qarşısını alır, həm də müəyyən mənada həmin leş ətlərin ikinci dəfə emala verilməsinin, işbazların əlinə keçməsinin qarşısı alınır. Azərbaycanda da Qida Təhlükəsizliyi Agentliyi bu işləri yüksək səviyyədə aparır. Onların işi həm də çox çətindir. Artıq şəhərdə 10-a yaxın ünvanda böyük kəsim məntəqələri tikilib. Ət almaq istəyən vətəndaşlar məhz həmin məntəqələrdən ala bilərlər. Biz də restoranda istifadə etmək məqsədilə əti alanda bu ilə qədər Respublika Baytarlıq Nəzarəti Xidmətinin möhürünün  olmasına diqqət edirdik, bu ildən isə AQTA-nın möhürü vurulmuş ətləri alıb istifadə edirik. Həmin ətlərin sertifikatını da tələb edirik”.

İş adamının sözlərinə görə, hazırda Azərbaycanda istehlak bazarında yararlı ət məhsullarının həcmi daha çoxdur: “Mən deyərdim ki, istehlak bazarında ətlərin 90-95 faizi yararlı məhsullardır. Xaricdən gətirilən donmuş ətlər isə əsasən kolbasa istehsalı üçün idxal olunur. Bunlar daha çox Hindistandan gətirilən ətlərdir. Bu ətlər ölkəyə daxil olarkən gömrükdə AQTA tərəfindən yoxlanılır və daha sonra ölkəyə buraxılır. Burada yararsız ətlərin qarşısını almaq mümkündür. Gömrükdə idxal prosesi aparılarkən AQTA-nın arayışı da əhəmiyyətli rol oynayır.  Leş əti satanların olması da əvvəldən bəlli idi. Onun qarşısının alınması müsbət haldır. Bu leş əti əsasən Bakıya rayonlardan gəlir. Bərdə bazarından, İmişlidən, Beyləqandan və digər rayonlardan gəlir. Qida Təhlükəsizliyi Agentliyi bunun qarşısını yerindəcə ala bilər. Bu sahəni tənzimləmək üçün yetərincə qanun da var. Sadəcə, bu qanunlardan yararlanaraq sözügedən sahəni tənzimləmək lazımdır”.

Mənbə: Musavat.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR