Leonid Aqutin: Bakının abu-havasını heç nə ilə qarışıq salmaq olmaz
Müğənni, Rusiyanın əməkdar artisti Leonid Aqutin özünün 50 illik yubileyinin şərəfinə Bakıda solo konsert ilə çıxış etmək niyyətindədir. Bu barədə musiqiçinin özü “Vestnik Kavkaza” nəşrinə verdiyi eksklüziv müsahibəsində bildirib.
“Biz hələlik bu barədə heç bir təşkilatçı ilə danışmamışıq, amma öz 50 illiyimdə Bakıda solo konsert keçirməyi planlaşdırıram. Növbəti yazda ola bilər”, - o qeyd edib.
Bundan başqa bu yay Bakıda “JARA-2018” Beynəlxalq musiqi festivalı çərçivəsində yubiley axşamı keçiriləcək Leonid Aqutin son vaxtlar Azərbaycan paytaxtının əldə etdiyi inkişafı da qeyd edib.
“Mən həyatımda Bakıda baş verən belə inkişafı görməmişəm. Ərəb Əmirliklərində oxşar görünməmiş yüksəliş ola bilər. Sadəcə olaraq bu şəhər indi inanılmaz dərəcədə gözəldir. Hər dəfə gəlib onun necə inkişaf etdiyini, çiçəkləndiyini görmək xoşdur. Çox xoşdur ki, tez-tez həm özəl tədbirlərə, həm də böyük tədbirlərə - festivallara, solo konsertlərə dəvət edirlər”, - musiqiçi bildirib.
Bundan başqa o xəbər verib ki, Bakıdakı “JARA” festivalındakı çıxışı başqa konsertlərdən bir az fərqlənəcək. “Deyə bilmərəm ki, bu mənim yubiley çıxışım olacaq yeganə festival konsertim olacaq, amma o xüsusi olacaq, digər proqramlardakı kimi olmayacaq. Ümumiyyətlə Bakı əlbəttə ki, abu-hava və dənizdir. Mənim xoşuma gələn budur ki, onu heç nə ilə qarışıq salmaq olmaz. Həm festivalın, həm də ümumilikdə şəhərin öz üzü var. Bu təkcə port, dəniz şəhəri deyil, o fərqlidir. Başqa beləsi yoxdur”, - müğənni diqqət yetirib.
O həmçinin qeyd edib ki, Azərbaycanda və ümumilikdə Qafqazda cazı çox sevirlər. “Ümumiyyətlə Qafqaz cazı başa düşür”. Deyə bilmərəm ki, ancaq Azərbaycanda cazı başa düşürlər, bu belə deyil. Amma Azərbaycan - bizim keçmiş respublikalardan biridir və indi Qafqaz ölkələrindən biridir. Bu ölkədə nəinki cazı sevirlər, onu yaxşı anlayırlar, yaxşı hakimdirlər və ifa edirlər. Orada dünya səviyyəli çoxlu istedadlı musiqiçilər, artistlər, ifaçılar var”, - Leonid Aqutin fikrini yekunlaşdırıb.
Tərcümə: Famil Ələkbərov
Mənbə: Vestnik Kavkaza
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət