Lənkəranda kənd yolları sıradan çıxır
Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, cənub bölgəsinə düşən aramsız yağışlar Lənkəran rayonunun üç kəndinə gedən yolda uçqunlara səbəb olub.
Nəticədə, 22 kilometrlik Hirkan-Daşdatük-Biləsər yolunun son altı kilometrliyində - Xanbulan, Daşdatük və Biləsər kəndlərinə aparan hissəsində problemlər yaranıb.
Yolboyu bir neçə yerdə torpaq sürüşmələri asfalt qatını dağıdıb. Yolun bir hissəsinin çökməsi yarğanlara səbəb olub. Yolun yuxarı hissəsindən torpaq kütləsi aşağı doğru hərəkət edərək qoruyucu baryerləri zədələyib.
Yolda çökmələrin olması yeni uçqunlara imkan yaradıb. Dağ massivindən aşağı axan sel suları yolun su ötürücüləri keçən hissəsində dağıntılara səbəb olub. Yolun bərpası üçün əraziyə texnikalar gətirilsə də, təmir-bərpa işləri hava şəraiti sabitləşəndən sonra aparılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət