Laçın rayonu üzrə fermerlər şurası yaradılıb
Laçın rayonu üzrə fermerlər şurası yaradılıb. Laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayon Taxtakörpü ərazisində keçirilən görüşdə fermerlər şuralarının gələcək fəaliyyəti müzakirə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun qabaqcıl fermerlərinin iştirak etdiyi toplantıda Laçın Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Sahib Quliyev çıxış edərək, fermerlər şurasının fermerlərin qarşılaşdıqları çətinliklərin öyrənib həll edilməsi, aqrar sahədə mövcud problemlərin aradan qaldırılması və bu sahənin inkişafı ilə bağlı təkliflər irəli sürülməsi məqsədilə yaradıldığını bildirib.
Diqqətə çatdırılıb ki, laçınlı fermerlər məcburi köçkünlük həyatı yaşasalar da, aqrar sahədə fəaliyyətlərini genişləndirirlər. Bildirilib ki, laçınlı fermerlər cari ilin məhsulu üçün 2981,8 hektar sahədə müxtəlif kənd təsərrüfatı bitkiləri, o cümlədən 1122,5 hektarda dənli bitkilər, 15,8 hektarda bostan bitkiləri, 6,5 hektarda soğan və 1837 hektarda yonca əkiblər. Bu il ilk dəfə ipəkqurdu bəsləyən laçınlı məcburi köçkünlər 1052,1 kiloqram barama istehsal ediblər.
Toplantıda fermerlər şurasının sədri və 21 nəfər üzv seçilib. Görüşdə fermerləri maraqlandıran suallar cavablandırılıb. Laçınlı fermerlər rayon üzrə aqroservisin və yun istehsalı müəssisəsinin yaradılması, gübrə və texnika ilə təminat kimi fikir və təkliflər irəli sürüblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət