Slimfit
  1. SİYASƏT

Laçın nəzarət-buraxılış məntəqəsi necə quraşdırıldı? - Əli Hüseynli şərh edir

Laçın nəzarət-buraxılış məntəqəsi necə quraşdırıldı? - Əli Hüseynli şərh edir
Sakura

Laçın nəzarət-buraxılış məntəqəsi necə quraşdırıldı? - Əli Hüseynli şərh edir

“Bu günlərdə Azərbaycan-Ermənistanın beynəlxalq hüquqla tanınmış sərhədində - yəni, Laçın rayonu Həkəri çayı üzərində körpüdə Azərbaycan sərhəd nəzarət-buraxılış məntəqəsinin quraşdırılması ətrafında xarici ölkələrdə və onların bəzi dairələrində manipulyasiyaların edilməsi yolverilməzdir. Xüsusən də, Azərbaycan-Ermənistan arasında sülhə çağırış edən tərəflərin belə bəyanatlar verməsi riyakarlıq və bilərəkdən sənədlərin yanlış təfsiri ilə bağlıdır”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli deyib.

Onun sözlərinə görə, onsuz da Azərbaycan beynəlxalq hüquqla tanınmış sərhədləri çərçivəsində bütün tədbirləri həyata keçirmək, o cümlədən öz ərazisində Azərbaycan-Ermənistan sərhədində istənilən tədbirləri sərhəd perimetri boyu həyata keçirmək hüququna malikdir:

“Amma hesab edirəm ki, bilərəkdən iki fərqli məsələ qarışdırılır. Birincisi odur ki, 10 noyabr 2020-ci il üçtərəfli Azərbaycan-Ermənistan-Rusiya Bəyanatla Qarabağ münaqişəsinə son qoyulmuş, Ermənistan kapitulyasiya etmiş və üzərinə bir sıra öhdəliklər götürüb.
Ətraflı

İkincisi isə ondan ibarətdir ki, növbəti mərhələdə Avropa İttifaqı Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin əldə olunması prosesində vasitəçilik cəhdləri göstərmişdir ki, bu da 6 oktyabr 2022-ci il tarixli Praqa görüşündə öz əksini tapır”.

Əli Hüseynli qeyd edib ki, bu iki proses ümumilikdə bir-biri ilə bağlı, amma fərqli sənədlərlə və tərəflərlə tənzimlənir:
“Beləliklə, Laçında Azərbaycan tərəfinin nəzarət-buraxılış məntəqəsinin quraşdırılması 10 noyabr Bəyanatının müddəalarına tam uyğundur. Belə ki, Bəyanatın 6-cı maddəsinə görə Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. Elə məhz bu bəndin icrası həmçinin belə bir nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasını zəruri edirdi. Belə bir nəzarət-buraxılış məntəqəsi hər iki istiqamətdə hərəkəti nəinki məhdudlaşdırmır, əksinə onu təhlükəsiz edir. Beləliklə, 6-cı maddəyə görə Laçın dəhlizi müvəqqəti olaraq Rusiya sülhməramlıları kontingentinin nəzarəti altında qalsa da, bu maddənin sonuncu bəndi ilə Laçın dəhlizindəki təhlükəsizlik zəmanəti Azərbaycan üzərindədir ki, bu da indi quraşdırılmış nəzarət-buraxılış məntəqəsi vasitəsi ilə həyata keçirilməlidir”.

Milli Məclisin sədrinin birinci müavininin sözlərinə görə, Ermənistan tərəfi isə 10 noyabr Bəyanatının iki vacib müddəasını hələ də manipulyasiya etməkdədir:

“Birincisi, Bəyanatın 9-cu maddəsinə görə Ermənistan da Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz hərəkəti yaratmalı və təhlükəsizliyinə zəmanət verməlidir. İkincisi isə, Bəyanatın 4-cü maddəsinə görə erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması təmin edilməli idi ki, bunu biz hələ tam şəkildə müşahidə etmirik. Ona görə də Azərbaycan tərəfinin nəzarət-buraxılış məntəqəsini bu mərhələdə yaratması 10 noyabr Bəyanatının bütün müddəalarının icrasını sürətləndirəcək. Xarici dairələr əgər həqiqətən də səmimi olaraq bu məsələnin həllinə töhfə vermək istəyirlərsə, onda qərəzli fikirlərdən əl çəkməli, ancaq Ermənistan tərəfini öz öhdəliklərini icra etməyə məcbur etməlidirlər”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR