Slimfit
  1. ƏDƏBİYYAT

Kursantlarım...İgidlərim...Şəhidlərim...

Kursantlarım...İgidlərim...Şəhidlərim...
Sakura

Kursantlarım...İgidlərim...Şəhidlərim...

Cəmilə müəllimələrindən bir vaxtlar kursantları olmuş igid şəhidlərinin əziz xatirəsinə ithaf olunur.

 

 

Ana, dur qarşıla məni

Öp, oxşa, əzizlə məni

İgidim de, Şəhidim de

Gəl laylanla uyut məni.

 

Sən heç ağlama, Anam

Ruhumu dağlama, Anam!

Axı mən ölməmişəm

Bil, həmişə yaşaram.

 

Yarıma söyləyin ki,

Arxamca ağlamasın

Körpəmi qoruyun ki,

Ürəyi sızlamasın.

 

Məqamım şəhidlikdir

Ucalardan ucayam

Tanrımdan razıyam ki,

Bu Vətənin oğluyam.

 

Qanım halaldır ona

Bu dava çatsın sona

Haqq öz yerini tutsun

Düşmən bağrı ovulsun!

 

Mənaca bir-birindən doğan, daha yüksək amalları şərh edən dərin mənalı sözlər...Sanki başının üzərindən qara buludlar əskik olmayan Vətənimizi mənfur, məkrli düşməndən azad etmək, qorumaq üçün doğulmuşdunuz.

Bir vaxtlar parta arxasında əyləşərək ürkək baxışlarla müəllimlərinizi, komandirlərinizi dinləyirdiniz. Bizlər hər dərs sizlərə vətənpərvər olmağı, vətəni sevib-qorumağı öyrətməyə çalışmışıq...Məgərsə sizlər elə anadan qəhrəman, Vətən sevgisi ilə doğulmuşsunuz. Elə bu qəhrəmanlıq göstərmək istəyi, Vətən təəssübkeşliyi sizlərin hərbiçi olmağınıza səbəb olmuşdur.

Deyirlər müəllim olmaq müqəddəs peşədir. Bu doğrudur...Vaxtilə müəllim olmaq istəməsəm də tale mənə bu müqəddəs peşədə çalışmağı və həmçinin sizləri yaxından tanımağı nəsib etdi. Artıq on ildən çoxdur ki, bacardığım qədər sizlərə əsl vətəndaş olmaq, vətənini sevmək və qorumaq, savadlı kadr olmaq kimi ülvi xüsusiyyətlər aşılamağa çalışıram. Və bunlardan da böyük qürur hissi keçirirəm. Bu illər ərzində sizlərə mümkün qədər qayğı göstərməyə, gücüm çatan qədər hər fəaliyyətinizi izləməyə çalışmışam. Uğurlarınıza sevinmişəm, acılarınız ürəyimi sızladıb. Ancaq bu dəfəki sızıltı tamam başqa sızıltı oldu...

Doğrudur müəllim olmaq şərəflidir. Mənim fikrimcə sizlərin müəllimi olmaq daha şərəflidir. Bu heç də gəlişi gözəl sözlər deyil. Bilirsiniz  niyə?

      ....Bu illər ərzində sizlərin həmişə təkrar-təkrar verdiyiniz bir sual olub: “ Mülki təhsil müəssisələrində işləmək asandır, yoxsa hərbi təhsildə?”  Mən də həmişə sizlərin müəllimi olmağın çətin də olsa, daha məsuliyyətli, daha maraqlı, daha şərəfli olduğunu söyləmişdim və indi də bu fikirdəyəm. Çünkı hər kəs səhhəti üçün, təhsili üçün başqa olkə həkiminə,  müəlliminə müraciət edə bilər. Amma vətəni qorumaq üçün kənar ölkə vətəndaşına arxayın olmaq olmaz. Elə buna görə də əsl Vətən keşikçisi yetişdirmək vacibdir və olduqca şərəflidir. Bu işdə zərrəcə əməyim varsa özümü xoşbəxt insanlardan sayıram.

Bu günlər siz öz əməllərinizlə bir daha sübut etdiniz ki, mən yanılmamışam. Bir vaxtlar sizlərə vətən sevgisi aşılamağa çalışırdıqsa, bu günlər sizlər əməllərinizlə Vətəni necə sevmək lazım olduğunu hamıya öyrətdiniz.

Bir vaxtlar sizlərə əməlinizlə, dürüstlüyünüzlə  ucalmağı öyrətməyə çalışırdıqsa,  indi ucaldığınız zirvələrin çoxları üçün əlçatmaz olduğunu göstərdiniz.

Hər birinizin baxışlarındakı düşmənə  olan nifrət  açıq aydın oxunurdusa, bu gün siz düşməni o nifrət dəryasında boğdunuz...

Hər biriniz mənim nəzərimdə səmalarda cövlan edən bir qartal idiniz. İndi qəhramanlığınız sizləri elə zirvəyə ucaldıb ki, qartallar o zirvənin kölgəsində qanad çalırlar...

Hər biriniz nəzərimdə bir dağ idiniz. İndi ucaldığınız  zirvələr o dağlara kölgə salır...

         İnsan zəkası sizlərin bu qəhrəmanlığını vəsv etməyə çətinlik çəkir. Mənə elə gəlir ki, siz elə anadan o zirvələr üçün doğulmuşsunuz. Ona görə də o anaların əlləri öpülməlidir. Mən bu gün fəxrlə dünyaya car çəkmək istəyirəm ki, ” mən bu Qəhrəmanları çox yaxından tanıyıram, ən azından onların müəllimi olmuşam. Və bununla fəxr edirəm!”.

Uğrunda ölən varsa Vətəndir deyirlər...Siz  ölümünüzlə  ölümsüzlük qazandınız. Ölümünüzlə  bu  vətəni qazandınız. Vətən də sizə  oğul dedi, qəhrəman oğul. Vətən oğlu, sevimli şairimiz Məmməd Araz  deyirdi ki, “Vətən mənə oğul desə mamır olub qayasında bitərdim”. Bəli, bu gün  Vətən sizlərə oğul dedi və həm də ucalara qaldırdı. Mamır olub qayasında bitmədiniz. Vətən sizi öz qoynuna  aldı. Vətənin  qoynu  isə torpağın altı deyil,  ən uca zirvəsi olan Şəhidlik  zirvəsidir. Hər kəsin ucala bilməyəcəyi məqam.

Məqamınız mübarək olsun!

Ruhunuz şad olsun!

Sizlərin təbirincə desək: Vətən sağ olsun!

Aprel, 2016.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR