Kukla Teatrı növbəti beynəlxalq festivala hazırlaşır
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir beynəlxalq festivala hazırlaşır. Teatrın yaradıcı kollektivi oktyabrın 5-dən 14-dək Moskvada keçiriləcək S.V.Obraztsov adına IX Beynəlxalq Kukla Teatrları Festivalında iştirak edəcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin rəhbərliyi ilə festivala qatılacaq kollektiv “Ağ və qara” tamaşası ilə çıxış edəcək. Beynəlxalq festivallarda dəfələrlə mükafatlara layiq görülmüş bu tamaşanın quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Tatyana Melnikovadır. Birhissəli tamaşada rolları Rauf Babayev, Rəhim Rəhimov, Lina Məmmədova, İqbal Əliyev, Cavid İbrahimov və başqaları ifa edəcək.
Qeyd edək ki, tədbir MDB ölkələrinin “Mədəniyyət ili” çərçivəsində təşkil olunur. V.Obraztsov adına Rusiya Dövlət Akademik Mərkəzi Kukla Teatrında keçirilən bu ənənəvi festival çox məşhurdur və onun proqramına ən məşhur teatrların yüksək peşəkarlıqla hazırlanan tamaşaları daxil edilir. Bu dəfə yeddi ölkədən 17-dən çox teatr kollektivinin iştirak edəcəyi tədbir yalnız tamaşaların nümayişi və mükafatlandırılması ilə yekunlaşmayacaq. Festival çərçivəsində, həmçinin Rusiya və digər ölkələrin məşhur teatr mütəxəssislərinin, teatrşünasların iştirakı ilə “dəyirmi masa”lar və ustad dərsləri keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət