KSQ və BSQ sualları niyə dərsliklərdən salınmır? - Nazirlikdən AÇIQLAMA
Bəzən orta məktəblərdə şagirdlər üçün sınaq məqsədi ilə keçirdiyi Kiçik Summativ Qiymətləndirmə (KSQ) və Böyük Summativ Qiymətləndirmədə (BSQ) suallar dərslik kitablarından hazırlanmır. Belə ki, həmin suallar əlavə oxu materiallarından, iş dəftəri və test kitabçalarından tərtib olunur. Ona görə də KSQ və BSQ-lərdə 10 sualdan bəzən cəmi ikisi dərsliklərdən salınır.
Maraqlıdır, bəs niyə müəllimlər suallarda əlavə vəsaitlərdən istifadə edir? Şagirdin dövlətin verdiyi dərslikdə keçmədiyi məsələlərlə bağlı sualların KSQ və BSQ-yə salınması nə dərəcədə düzgündür?
Redaktor.az məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu göndərdi.
Cavab olaraq bildirildi ki, summativ qiymətləndirmələr müvafiq siniflər üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır:
"Summativ qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri hər bir sinif və fənn üzrə 4 səviyyədə tərtib edilir. 1-ci və 2-ci səviyyəyə təhsilalanların əksəriyyətinin cavablandıra biləcəyi suallar aid edilir. 3-cü və 4-cü səviyyəyə daha hazırlıqlı şagirdlərin cavablandıra biləcəyi suallar aid edilir. Səviyyələr üzrə sualların qiymətləndirmə ballarının 100 ballıq şkalada bölgüsü aşağıdakı kimi nəzərdə tutulur:
– 1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir;
– 2-ci səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;
– 3-cü səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;
– 4-cü səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir".
Cavabda o da qeyd olunub ki, summativ qiymətləndirmələrdə müvafiq siniflər üzrə müəyyən edilməmiş (və ya reallaşdırılmayan) məzmun standartları əsasında qiymətləndirmə vasitələrindən istifadə yolverilməzdir:
"Lakin sual məzmun standartını əhatə edirsə, onun hansı mənbədən götürülməsi mühüm deyil".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət