Kremldən həyəcan təbili: Rusiya əhalisi sürətlə yox olur
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində bildirib ki, Kreml ölkədə demoqrafik proseslərdə mənfi tendensiyanın davam etməsindən xəbərdardır.
Azərtac xəbər verir ki, Rusiyanın Hesablama Palatası ölkədə əhalinin sayında azalmanın dörd il dalbadal davam etdiyini bildirib.
D.Peskov əlavə edib ki, bu tendensiya əvvəllər də, o cümlədən milli layihələrin hazırlanması vaxtı məlum idi.
“Bildiyiniz kimi, onlardan biri də demoqrafiya proseslərinə həsr olunub. İndi doğuşların stimullaşdırılması, çoxuşaqlı ailələrin dəstəklənməsi və digər demoqrafik tədbirləri saymağa lüzum görmürəm. Onlar artıq dəfələrlə bəyan edilib”, -deyə mətbuat katibi vurğulayıb. O xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin öz çıxışlarında ölkənin demoqrafik çuxurda olmasını dəfələrlə qeyd edib və bu, ilk növbədə, tarixi amillərlə əlaqədardır. “Bu çuxur, hər şeydən əvvəl, Böyük Vətən müharibəsi illəri ilə bağlıdır, sonra 90-cı illərin əvvəlində Sovet İttifaqının süqutu ilə daha da dərinləşdi. İndi hər iki çuxur özünü göstərir və bu səbəbdən də bu cür mənfi dinamika müşahidə olunur”, -deyə D.Peskov sözlərinə yekun vurub.
Hesablama Palatasının məlumatına görə, Rusiyada işçi çatışmazlığı ilə əlaqədar 2018-ci ildə 125 minə yaxın miqrant qəbul olunub. Lakin bu insanlar azalan əhali sayının yalnız 57,2 faizinin yerini doldurub. Ölkəni tərk edən rusların sayı isə 44 faiz artıb. Cari ilin səkkiz ayı ərzində Rusiyada əhalinin sayı 219,2 min nəfər azalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət