Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətləri artırılıb
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
Oxu.Az xəbər verir ki, sərəncama əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bundan sonra cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəli cinayətlərin mərkəzləşmiş statistikasının elektron formada aparılmasını təşkil edəcək, həmçinin həmin cinayətlərlə bağlı statistik məlumatların toplanması, emalı və ötürülməsi üzrə informasiya sisteminin fəaliyyətini təmin edəcək.
Nazirlər Kabinetinə “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi Qaydası”nı üç gün müddətində təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət