Slimfit
  1. PSİXOLOGİYA

Körpələrə çox sayda oyuncaq vermək niyə zərərlidir?

Körpələrə çox sayda oyuncaq vermək niyə zərərlidir?
Sakura

Çox oyuncaq uşaqları diqqətsiz edir

"The Telegraph" yazır ki, elm valideynlərin onsuz da çoxdan şübhələndiyi bir həqiqəti təsdiq edib.

Çox sayda oyuncağı olan uşaqların diqqəti yayğın olur və onlar oyun zamanı zəruri olan zövqü ala bilmirlər.

ABŞ-ın Ohio ştatındakı Toledo Universitetinin alimləri araşdırma üçün 36 körpəni dəvət ediblər. Uşaqları ayrıca bir otağa salaraq onlara əvvəlcə 4, sonra isə 16 oyuncaq veriblər.

Araşdırma göstərib ki, oyuncaqların sayı az olanda körpələr daha çox yaradıcılıq nümayiş etdiriblər.

Bundan başqa az oyuncaqla uşaqlar bir-birləri ilə daha çox oynamağa, oyunun müddət və məkanını genişləndirməyə meyl göstəriblər.

Tədqiqat müəllifləri bu qənaətə gəliblər ki, valideynlər, məktəblər və uşaq bağçaları uşaqlar üçün nəzərdə tutulmuş oyuncaqların sayını çox da artırmamalıdırlar.

Əslində az sayda oyuncaqla təkrar-təkrar oynamaq uşaqların yaradıcılıq qabiliyyətini artırır. Eyni zamanda az oyuncaq uşaqların diqqətini daha kəskin edir.

"Bu araşdırma körpələrə verilən oyuncaq sayının onların oyun keyfiyyətinə necə təsir göstərdiyini öyrənmək üçün aparılıb, - tədqiqat komandasının başçısı professor Carly Dauch "Infant Behaviour and Development" (Körpə Davranışı və İnkişafı) jurnalında yazır.

Alim qeyd edir ki, uşaqlara verilən oyuncaqların sayı artdıqca, onlarda diqqət yayınması daha tez-tez baş verir.

Professor Carly Dauch yazır ki, "körpəlik çağında uşaqlarda inkişaf prosesi getsə də, onlar hələ diqqətlərinə tam hakim ola bilmirlər".

Tədqiqatın gəldiyi əsas nəticə budur ki, ifrat sayda oyuncaq uşaqların yaradıcılığını artırmasa da, onlarda diqqət yayğınlığının yaranmasına səbəb olur.

"Uşaq bir oyuncaqla daha uzun müddətdə oynayırsa, bu ona həmin oyuncağa daha diqqətli olmaq imkanı yaradır və daha çox yaradıcılıq qabiliyyəti aşılayır" - məqalədə deyilir.

"The Telegraph" yazır ki, britaniyalılar hər il uşaq oyuncaqlarına 3 milyard funt sterlinq xərcləyirlər və bu ölkədə hər uşağın orta hesabla 238 oyuncağı olur. Hərçənd elə valideynlərin öz fikrincə də, uşaq bu qədər oyuncaqdan orta hesabla yalnız 12-nə bağlana bilir. Bu isə onların ümumilikdə malik olduqları oyuncaqların 5 faizindən də azdır.

Lakin oyuncaqların sayı ilə bağlı əvvəllər də elmi araşdırmalar aparılıb. Məsələn, 1990-cı illərdə alman tədqiqatçılar Elke Schubert və Rainer Strick qəribə bir eksperiment keçirmişdilər. Onlar Münhen bağçalarından birində bütün oyuncaqları 3 ay müddətinə yığışdırmışdılar.

Cəmi bir neçə həftədən sonra uşaqların bir-birləri ilə oynaması daha yaradıcı və daha sosial şəkil almışdı. Alimlər sonradan bu tədqiqat barədə "Oyuncaqsız uşaq bağçası" adlı kitab da yazmışdılar.

Başqa bir kitab müəllifi, Joshua Becker də hesab edir ki, uşaq rəflərdə daha çox oyuncağının olduğunu bilirsə, əlində oyuncağa o qədər də dəyər və diqqət verə bilmir.

"Oyuncağı çox olan uşaq təbii ki, onların qayğısına daha az qalacaq, - Becker deyir, - Onlar bu oyuncaqlara dəyər verə bilməyəcəklər, çünki düşünəcəklər ki, bunları həmişə yeni oyuncaqlarla əvəz etmək olar."

Alim bildirir ki, daha az oyuncaq uşaqlara çətin problemlərin həllində qənaətcilliyi və tədbirliyi öyrədir.

Bunlar isə həyatda çox lazımlı vərdişlərdir.

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR