Slimfit
  1. İQTİSADİYYAT

Koronavirusla mübarizə üçün stimullaşdırıcı dəstək

Koronavirusla mübarizə üçün stimullaşdırıcı dəstək
Sakura

Koronavirusla mübarizə üçün stimullaşdırıcı dəstək

Azərbaycanda koronavirus pandemiyasının nəticələrinin aradan qaldırılması ilə bağlı məsul qurumlar tərəfindən ciddi addımlar atılır. Tibb mütəxəssisləri koronavirusa yoluxmuş vətəndaşların həyatını xilas etməyə çalışır, hüquq-mühafizə orqanları vətəndaşların bu virusa yoluxmaması üçün sosial izolyasiya tədbirlərinə əməl edilməsinə nəzarəti gücləndirir, iqtisadi sahəni təmsil edən qurumlar isə vətəndaşların rifahının qorunması istiqamətində ciddi tədbirlər görürlər.

Artıq Azərbaycanda pandemiyanın nəticələrindən zərər çəkmiş sahələrdə çalışanlar bu tədbirlərin bəhrəsini görməkdədirlər. İqtisadiyyat Nazirliyinin açıqladığı son rəqəmlərə görə, indiyədək ölkəmizdə 63 000 sahibkar dövlət tərəfindən maliyyə dəstəyi alıb və bu proses davam etdirilməkdədir. 

Qısa zamanda 100 min litrə yaxın tibbi spirt

Pandemiya müddətində Azərbaycanda həyata keçirilən tədbirlər tibb sahəsinə ciddi dəstək verib. Koronavirus infeksiyasının yayıldığı ilk vaxtlarda dünyada bəzi dərman vasitələri, tibbi spirt və maskalara tələbat xeyli artdı və bir sıra ölkələrdə tibbi spirt qıtlığı yaşandı.

Bu tələbatı qarşılamaq məqsədilə, İqtisadiyyat Nazirliyinin tövsiyəsinə əsasən, təyinatı tibbi spirt istehsalına imkan verən müəssisələr bu prosesə cəlb olundu və bununla da ölkəmizdə tibbi spirt istehsalının həcmi artırıldı. Qısa müddət ərzində bu istiqamətdə görülən işlər bu məhsulun qiymətində baş verə biləcək süni artımın və qıtlığın qarşısını aldı.

Daxili istehsal tibbi maskalara olan tələbatı ödədi

Pandemiyanın genişlənməsi tibbi maskalara tələbatı da əhəmiyyətli dərəcədə artırdı. Bu da öz növbəsində yeni bir təşəbbüsə yol açdı. İqtisadi alətlərin düzgün istifadəsi sayəsində Azərbaycanda qısa müddətdə - cəmi iki həftə ərzində yerli istehsal təşkil edildi.

Dünyanın bir çox ölkələrində tibbi maska çatışmazlığı olduğu halda, Azərbaycan bu məhsula, həmçinin, dezinfeksiya məhsulları və qoruyucu vasitələrə olan tələbatını daxili istehsal hesabına ödəməyə müvəffəq oldu.

Bundan əlavə, dövlət başçısı tərəfindən imzalanmış fərmanla idxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısında dəyişiklik edildi və baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxalı əlavə dəyər vergisindən azad edildi.

Bütün bu tədbirlər həm də tibb sahəsinin üzərinə düşən öhdəliyin qurumlar arasında bölüşdürülməsinə şərait yaratdı və pandemiya ilə mübarizədə öz effektini göstərdi.

Qanunvericilikdə stimullaşdırıcı addımlar və yeni güzəştlər

Azərbaycanda pandemiya ilə mübarizə tədbirləri bununla bitmir. Bütün bunlara paralel olaraq, qanunvericilikdə də dəyişikliklər üçün təkliflər hazırlandı. Təkliflər paketinə ölkədə pandemiya dövründə yaranmış çətinliklərin kompensasiya edilməsi üçün bir sıra vergi güzəştləri və tətillər daxildir.

Güzəştlərdən biri epidemiyanın qarşısının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən, dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılmasıdır.

Digər tərəfdən, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi nəzərdə tutulub.

Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində zəruri olan tibbi avadanlıq və aksesuarlar, habelə əhalinin ərzaq ehityaclarının təmin edilməsi ilə bağlı bəzi ərzaq növlərinin, o cümlədən, uşaqlar üçün qida məhsullarının müddətli olaraq ƏDV-dən azad olunması nəzərdə tutulur.

Bütün bu tədbirlər isə Azərbaycanda pandemiyadan sonrakı dövrdə iqtisadi artımın təmin edilməsi üçün əlverişli şərait yaradacaq.

 

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR