Koronavirusla bağlı yeni laboratoriya işə başladı
Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısını almaq məqsədilə bir çox yeni laboratoriyalar qurulub və istifadəyə verilib.
Sumqayıtda 1 saylı Şəhər Xəstəxanasının nəzdində fəaliyyət göstərən laboratoriya da onlardan biridir.
Yeni tipli laboratoriya aprel ayının sonlarında quraşdırılsa da, zərurət yarandığından, mayın 8-dən fəaliyyətə başlayıb. Burada COVID-19 virusunun aşkarlanması üçün xüsusi testlər aparılır.
Laboratoriyanın müdiri Aqşin Hümbətov bildirib ki, müəssisə Almaniya istehsalı olan müasir texnologiyalarla tam təchiz olunub və burada ən kiçik ölçülü virusların təyini mümkündür.
Laboratoriya fəaliyyətə başlamazdan əvvəl Sumqayıt şəhərindən olan test nümunələrinin cavabını yalnız Bakıdan almaq mümkün idi. Hazırda isə laboratoriya Sumqayıtla yanaşı, həm də Abşeron sakinləri üçün xidmət göstərir. Laboratoriyada bütün təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə həyata keçirilir. İşçilər qapalı şəraitdə, xüsusi qoruyucu vasitələrdən – kombinezon geyimlər, tibbi maska, tibbi eynək və əlcəkdən istifadə etməklə fəaliyyət göstərirlər.
Hazırda Azərbaycanda 20-dən çox koronavirus infeksiyasını aşkar edən laboratoriya fəaliyyət göstərir.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət