Slimfit
  1. CƏMİYYƏT

Koronavirusa qarşı peyvənd Azərbaycana nə vaxt gətiriləcək? - TƏBİB-dən AÇIQLAMA

Koronavirusa qarşı peyvənd Azərbaycana nə vaxt gətiriləcək? - TƏBİB-dən AÇIQLAMA
Sakura

Koronavirusa qarşı peyvənd Azərbaycana nə vaxt gətiriləcək? - TƏBİB-dən AÇIQLAMA

Dünyanın aparıcı ölkələrinin məşhur virusoloqları COVID-19-a qarşı peyvəndin hazırlanması üzərində nailiyyət əldə etməyə yaxındırlar. Əldə olunan üç eksperimental vaksinin təhlükəsiz olduğu və immunitet yaratdığına dair ümidverici xəbərlər gəlir. Onlardan biri İngiltərənin Oksford Universitetində hazırlanır.

Erkən sınaqların nəticələrinin ümidverici olduğu bildirilsə də, peyvəndlərin tam təhlükəsiz olduğu və uzunmüddətli immunitet yaratdığı hələ təsdiqlənməlidir. Bunun üçün üç vaksinin üçü də real həyat şəraitində genişmiqyaslı sınaqdan çıxmalıdır.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, məşhur “Pfizer” şirkəti koronavirus əleyhinə vaksini kliniki sınaqlardan keçirəcək və istifadə edə biləcək ilk kampaniya ola bilər. Dövlət başçısı qeyd edib ki, ABŞ hakimiyyətinin 100 milyon doza ala biləcəyi şirkət “Pfizer” ola bilər.

“Mənim administrasiyam vaksinin bəyənilməsindən sonra onun 100 milyon dozasının dərhal istehsalı və çatdırılması ilə bağlı “Pfizer”lə tarixi razılaşmaya nail oldu. Ümid edirəm ki, icazənin alınmasının prosesi çox sürətli olacaq”, – deyə ABŞ prezidenti deyib.

Rusiya Müdafiə Nazirliyi də koronavirusa qarşı vaksinin klinik sınaqlarının fazasının uğurla başa çatdığını açıqlayıb. Sınaqlar akadamik N.Burdenko adına Baş hərbi klinikanın bazasında Qamaley adına Milli epidemiologiya və mikrobiologiya tədqiqat mərkəzi ilə birgə həyata keçirilib.

“Könüllülərin 20 nəfərdən ibarət ikinci qrupu hərbi hospitaldan buraxılıb. Buraxılışdan əvvəl könüllülər tədqiqat protokoluna uyğun olaraq, yekun müayinədən keçiriliblər və qanın nəzarət analizini veriblər. Analizin nəticələri birmənalı olaraq, bütün könüllülərdə vaksinasiya nəticəsində immun cavabının əldə olunduğunu göstərir” – Müdafiə Nazirliyinin press-relizində deyilir.

Qeyd edək ki, Çin alimləri də özlərinin hazırladıqları vaksinin insan üzərində sınaqdan keçirilməsinin nəticələrini “The Lancet” jurnalında dərc ediblər. Bu vaksinin üzərində “CanSino Biologics Inc” şirkəti və hərbi ekspertlər işləyirlər. 18-83 yaş arasında olan 508 sağlam könüllü üzərində keçirilmiş sınaqlar vaksinin təhlükəsiz olduğunu və immunitet yaratdığını nümayiş etdirib.

Dünya Səhiyyə Təşkilatının vəzifəli rəsmisi Mixail Ryan isə bildirib ki, vaksinlərlə bağlı xəbər yaxşıdır, amma hələ irəlidə uzun yol var. Onun sözlərinə görə, bu vaksinlərin daha geniş miqyasda və real dünya şəraitində özünü doğrultmasına ehtiyac var.

Mütəxəssisləri düşündürən əsas suallardan biri sınaqdan keçirilmiş vaksinlərin ədalətli bölünməsi, kasıb ölkələrin bundan necə faydalana biləcəyi ilə bağlıdır. Bu istiqamətdə Azərbaycan hökuməti nə etməyi planlaşdırır? Müvafiq qurumlar hansı şirkətlərin məhsullarının alınacağı barədə araşdırmalar aparırlarmı? Bununla bağlı danışıqlar, hər hansı razılaşma varmı? Eyni zamanda müstəqil tibb mütəxəssisləri necə düşünür? Hansı ölkədən peyvənd vasitələri almaq daha əlverişli və etibarlıdır? Qlobal peyvənd əldə olunması siyahısında ölkəmiz hansı yerdədir, yəni peyvənd ölkəmizə ən yaxşı halda nə zaman gəlib çatacaq?

TƏBİB: “Hələ ki, təsdiqlənmiş vaksin yoxdur”

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) cavab olaraq bildiriblər ki, bu istiqamətdə hələlik iş aparılmır. “Hazırda dünyada yeni növ koronavirus infeksiyasına qarşı təsdiq olunmuş vaksin mövcud deyil. Ona görə də TƏBİB başqa ölkələrə və şirkətlərə peyvəndin əldə olunması ilə bağlı müraciət etməyib. Beynəlxalq səviyyədə təsdiq olunmuş vaksinlər yaradıldıqdan sonra onun alınıb ölkəyə gətirilməsi ilə bağlı məlumatlar ictimaiyyətə açıqlanacaq”, – deyə məlumatda qeyd olunur.

Mirbala Qafarov: “Peyvənd əhalinin 30-40 faizi üçün nəzərdə tutulur”

İstefada olan tibb xidməti polkovnik-leytenantı, hərbi epidemoloq Mirbala Qafarov bildirib ki, dünyada peyvənd hazırlamaq üzrə aparıcı ölkələr var, hər ölkəyə bu işi aparmaq üçün sertifikat verilmir: “Peyvənd hazırlandıqdan sonra test mərhələsindən keçirilir və ona beynəlxalq sertifikat verilir. Bu sahə üzrə ixtisaslaşmış mərkəzlərdən biri Fransada məşhur Pastern İnstitutudur. Hələlik bu qurumun peyvənd materialları üzrə mötəbər bir açıqlaması yoxdur. Moskvada da peyvəndlər üzrə Elmi Təqdiqat İnstitutu var. Onların açıqlamasına görə, perspektiv peyvənd materiallarının birinci sınaq mərhələsini başa vurublar. Könüllülər üzərində ilk sınaqlar uğurlu olub, indi ikinci mərhələyə hazırlaşırlar”.

Hərbi epidemioloq onu da qeyd edib ki, bu sahədə dünyanın ən mötəbər qurumlarından biri də ABŞ-ın İnfeksion Xəstəliklərə Nəzarət Mərkəzidir.

O ki qaldı ölkələrin vaksinlər əldə etməsinə, M.Qafarov deyir ki, heç bir ölkə əhalisinin 100 fazini peyvəndləməyi nəzərdə tutmur: “Peyvənd materialı hər bir ölkədə ilkin olaraq əhalinin 30-40 faizi üçün nəzərdə tutulur. Prioritet qruplar müəyyən edilir və onlara peyvənd vurulur. Qruplara isə dövlətin həyati vacib sayılan qurumlarında çalışanlar daxildir. Məsələn, neft sektoru, elektrik, qaz, su və s. kommunal təchizatlarda işləyənlər ilk sıraya aid edilir. Daha sonra isə risk qrupuna daxil olan şəxslər peyvəndləməyə cəlb olunurlar”.

Mütəxəssisin sözlərinə görə, Azərbaycanda peyvənd materialları sifariş edilməzdən əvvəl bu qruplar işlənib hazırlanmalıdır. “Peyvəndlər hansı ölkədən gətiriləcək, hansı miqdarda alınacaq, yalnız bundan sonra bu barədə danışmaq olar. Burada əsas məqsəd kollektiv immunitet səviyyəsini təmin etməkdir. Fon immunitet səviyyəsi əldə olunmalıdır ki, əhalinin həssaslığına nəzarət təmin olunsun” – deyə hərbi epidemioloq vurğulayıb.

Mirbala Qafarov bir məqama da diqqət çəkib: “Qonşu Gürcüstanda COVİD-19-la mübarizəyə cəlb olunanlar arasında maraqlı şəxslər vardı – ölkənin baş infeksionisti, baş terapevti və məşhur Luqar Mərkəzinin başçısı. Bu mərkəz ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə yaradılıb. Orada infeksion xəstəliklərə nəzarət mərkəzi və bioloji vasitələrin indikasiyası üzrə təqdiqatlar aparılır. Çox pesrspektivli qurumdur. Təfərrüatına varmadan deyim ki, Azərbaycanda bu mərkəzə analoji qurum fəaliyyət göstərir və eyni prinsiplə çalışır. Amma onun mütəxəssisləri COVİD-lə mübarizəyə cəlb olunmayıblar”.

Həkim: “Birinci mərhələdə vaksin alınmasını doğru saymıram”

Tanınmış həkim Müşfiq Hüseynov bildirib ki, Azərbaycan çox istəsə, ehtiyac olsa belə, hazırki vəziyyətdə vaksin sifariş etməməlidir: “Çünki mütləq ilk partiyaların hansı nətəcələr verəcəyini gözləməkdə yarar var. Digər tərəfdən, deyək ki, ABŞ-da 360 milyon insan yaşayır. Onun 300 milyonuna peyvənd vurulsa, bu böyük həcmdə sifarişdir. Yəni sıranın bizə gəlməsi də zaman alacaq. Mən birinci mərhələni gözləyib, ikinci-üçüncü sifarişlərdə peyvənd alınmasını daha doğru sayıram.

Mənbə: Konkret.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR