Slimfit
  1. DÜNYA

Koronavirus tarixi gedişata təsir edəcəkmi?

Koronavirus tarixi gedişata təsir edəcəkmi?
Sakura

Koronavirus tarixi gedişata təsir edəcəkmi?

Deyirlər ki koronavirus dünyada bir çox dəngələrlə yanaşı, insanların düşüncə tərzini və ideoloji prioritetləri dəyişəcək. Amma bu mövzuya baş vuran politoloqlar və siyasətçilər bir qayda olaraq mənsub olduqları, yaxud tərcih etdikləri ideoloji çərçivədən kənara çıxmırlar. Millətçilər liberalizmin, liberallar millətçiliyin, dindarlar ateizmin, ateistlər dinin və s. və i.a. zəiflyəcəyini, çökəcəyini iddia edirlər. Verilən proqnozların bir proqnoz yox, təbliğatdır. Son yüzilliklər ərzində baş vermiş daha təhlükəli pandemiyalar millətçiliyi, dini, liberalizmi və digər ideoloji cərəyanları sarsıtmayıbsa, koronavirus da sarsıtmayacaq. Gördüyünüz şəkil 102 il əvvəl "İspan qripi" adlı epidemiya dövründə çəkilib. Necə də oxşar mənzərədir.. Neçə ki, 50 milyon civarında insanın ölümünə səbəb olan həmin qlobal faciə unudulub, koronavirus pandemiyası da bir müddət sonra unudulacaq. Ta növbəti pandemiyaya qədər... *** Mövzunu hər kəs öz istəyinə, yaxud təbliğ etdiyi cameənin, rejimin maraqlarına uyğun manipulyasiya edir. Məsələn, Türkiyənin NTV kanalının "Passaport" proqramında koronavirus pandemiyası "kapitalizmin böhranı" kimi yorumlanır, halbuki, kütləvi tələfata səbəb olan COVİD-19 virusu dünyada sosializmin son dayağı olan Çinin iyrənc mətbəxinin törəməsidir. Koronavirus Azərbaycanda, Rusiyada və Türkiyədə Qərb əleyhinə təbliğatın yeni leytmotivinə çevrilib. Ehtimal edirəm ki, əbədi hakimiyyət hərislərinin hökmdar olduğu bütün başqa dövlətlərdə - məsələn, mediasını izləmədiyimiz Suriyada və Şimali Koreydada da bu cür kampaniya aparılmaqdadır. Demokratiya fobiyası. Onlar hakimiyyəti nə vaxtsa təhvil verməmək, xalqa qaytarmamaq üçün daim demokratiyanı gözdən salmağa çalışır. Eyni zamanda anlayırlar ki, demokratiyanın istinad etdiyi dəyərlərə qarşı açıq təbliğat aparmaq əks effekt yaradar. Ona görə bu dəyərləri yox, onların əsasən hakim olduğu Qərb dövlətlərini gözdən salmağa çalışırlar. Bunun örnəkləri ilə hər gün qarşılaşmaqdayıq. Məsələn, Almaniya kansleri Angela Merkel çıxışlarından birində dedi ki, "Təsirli tədbirlər görməsək, əhalinin 60-70 faizi koronavirusa yoluxa bilər". Bəlkə də demokratik bir dövlətin başçısı olduğu üçün təhlükənin real miqyası barədə əhalini xəbərdar etməyi özünə borc bildi. Amma Türkiyənin yandaş mediasında (məsələn, Bəyaz TV) bu açıqlama "Merkel Almaniyanın acizliyini etiraf etdi" kimi yorumlandı. Başqa bir misal: Fransa prezidenti Emanuel Makronun "Avropa Birliyi koronavirusla birgə mübarizə aparmasa, qurumun mövcudluğu şübhə altına düşə bilər" açıqlaması Rusiya mediasında sevinclə qarşılanıb. Belə yazırlar: "Avropa Birliyinin mövcudluğu şübhə altında". Daha bir misal: İspaniyada bir həkim deyib ki, reanimasiyalarda hər həkim və hər tibb bacısına 50-dən çox koronavirus xəstəsi düşür. Deyib ki, bu səbəbdən həkimlər hər xəstəyə lazım olan tibbi yardımı göstərmək üçün vaxt çatdıra bilmir. Nəticədə bəzi pasientlər, həkim ona ilk yardımı göstərənəcən canını tapşırır. Bu açıqlamanı Avropanın baş media orqanı olan "Euronews" hər 15 dəqiqədən bir təkrar efirə verir - söz azadlığı var. Bizdə belə bir açıqlamanı nəinki rəsmi media orqanları efirə verməz, hətta bu və ya digər arzuedilməz həqiqəti sosial şəbəkədə açıqlayan həkimi təpə-qapaz edib həbsə atardılar. Necə ki, tez-tez kimlərisə həbs edir, qorxudur, sındırır, üzr istəməyə məcbur edirlər. Avropada baş nazirin də virusa yoluxduğunu açıqlayarlar, amma bizdə heç "JEK" rəisini yoluxduğunu açıqlamazlar. "Dövlətçilik" deyib istənilən xəbəri gizldərlər. Qərbdəki söz və mətbuat azadlığını isə, onun özünə qarşı istifadə edərlər. Rusiya telekanalları bu məlumatı "ispaniyalı həkimin etirafı" başlığı altında paylaşır, bunu "Qərbdə idarəetmə və tibb sisteminin böhranı" kimi təqdim edirlər. Halbuki, Rusiya səhiyyə sisteminin HƏR GÜN 4 mindən artıq (!) yeni xəstə ordusunu qəbul etmək zərurəti ilə üzləşəcəyi təqdirdə,onun hansı günə düşəcəyini təsəvvür etmək çətin deyil... *** O gün BBC-də dərc olunan maraqlı bir məqalədə qeyd edilir ki, 14-cü əsrdə Avropada baş vermiş vəba epidemiyası çoxlu sayda kənd sakinlərinin ölümünə səbəb olduğu üçün bu, "torpaq sahiblərinin işçi qüvvəsi sarıdan ciddi problemlərlə üzləşməsinə gətirib çıxarmış, sağ qalmış kəndlilərə onlardan daha çox əməkhaqqı tələb etmək imkanı qazandırmışdı... İnsanları işlətmək artıq daha çox xərc tələb etdiyi üçün işverənlər onları əvəz edəcək qənaətcil texnologiyalara investiya ayırmaq qərarına gəlmiş; beləcə, sənayeləşmənin önü açılmışdı.". Sanki vəba epidemiyası olmasa, sənayeləşmənin önü açılmayacaqdı. Ola bilər ki, pandemiya sənayeləşməni sürətləndirib, amma 14 əsrdə vəba xəstəliyi olmasa da, bəşəryyət indiki sənayeləşmə səviyyəsinə gəlib çatacaqdı. Məncə pandemiya bu dəfə də qlobal dəyişikliyə səbəb olmayacaq. Osa-olsa, onsuz da baş verməkdə olan hansısa dəyişikliyi sürətləndirəcək. Məsələn, koronavirus hesabına Azərbaycanda ilk dəfə olaraq virtual tədris tədbiq olunmağa başladı. Ola bilər ki, pandemiya sayəsində bütün dünyada internet servislər, virtual tədris və virtual menecmentin inkişafı sürətlənəcək.

Mənbə: turan.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR