Koronavirus ölkənin daşınmaz əmlak bazarına necə təsir göstərəcək?
"Azərbaycanda koronavirus pandemiyası (COVİD-19) ilə əlaqədar daşınmaz əmlak bazarı çox ağır dövrünü yaşayır".
Bunu “Report”a MBA konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov bildirib.
O qeyd edib ki, hazırda daşınmaz əmlak bazarında (ilkin və təkrar mənzil bazarında, kirayə mənzil bazarında, fərdi yaşayış və bağ evləri və torpaq bazarında ) aktivlik sıfır səviyyəsindədir: “Bütün istiqamətlər üzrə satış dayanıb".
O vurğulayıb ki, hazırda daşınmaz əmlak bazarında ucuzlaşmanın faizini hesablamaq çətindir: "Lakin əhalinin gəlirlərinin azalması şəraitində daşınmaz əmlak bazarında ucuzlaşma qaçılmazdır”.
Bildirək ki, ötən il əmlak bazarı üzrə ekspertlər 2020-ci ildə bazarın ümumi dinamikliyi keçən ilkindən fərqlənəcəyini bəyan etmişdilər. Daşınmaz əmlakın bütün istiqamətləri üzrə qiymət artımları 10%-dək gözlənilirdi. Amma ilkin mənzil bazarı üzrə bəzi ərazilərdə qiymət artımının 15% və daha çox olacağı bildirilmişdi.
Xatırladaq ki, Azərbaycanda koronavirus pandemiyasına 273 yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər vəfat edib, 243 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Koronavirus pandemiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. İnsanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət bu gündən 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət