Dərc edildi: Baxış sayı: 666
Koroğlu - Meydan başına
Qıratım kişnəyib girər,
Atılar meydan başına.
Qılınc çəkib dəlilərim,
Od ələr düşman başına.
Yaxşı ər, yaxşı at minər,
Ortada göstərər hünər,
Atılanda nizə, şeşpər
Qaldırar qalxan başına.
Gər girişsəm çalhaçala,
Quş gərəkdi qanad sala,
Çəkib uçurdaram qala,
Bəy, paşa, sultan başına.
Dava düşəndə Eyvaz xan,
Yüz yağıya verməz aman,
Dolanıb olasan qurban
Bir belə oğlan başına.
İgiddə olar namus, ar
Dar gündə görər gücü kar.
Koroğlu, dəlilər, Nigar
Yığılar dövran başına.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət