Slimfit
  1. ƏDƏBİYYAT

Koroğlu - Koroğlu dastanı/Qulun qaçması (II hissə)

Koroğlu - Koroğlu dastanı/Qulun qaçması (II hissə)
Sakura

Koroğlu - Koroğlu dastanı/Qulun qaçması (II hissə)


Dəmirçioğlu dəlilərdən soruşdu:
– Deyin görüm, məsləhətiniz nədi?
Tanrıtanımaz dedi:
– Mənim məsləhətim budu: o qədər gözləyək ki, at ilə qulu
gətirsinlər. Elə ki, gətirdilər, ikisini də götürək. Birbaş çıxıb gedək.
Bizim Ələmqulu xanın yanında nə işimiz var? Sonra ortalıqda hiyləmiylə
olar. Xan tayfasına bel bağlamaq olmaz.
Gürcüoğlu dedi:
– Yox, Tanrıtanımaz, hər nə desən de, bunu demə. Biz gərək xanın
yanına gedək. Getməsək heç olmaz.
Dəmirçioğlu dedi:
– Tanrıtanımaz, Gürcüoğlu ayrı fikirlə deyir. Amma ki, biz xanın
yanına getməliyik. Yoxsa sən deyən kimi eləsək, elə biz də olarıq
xanların, paşaların tayı. Day ondan sonra heç kəs bizim sözümüzə
inanmaz. Bir də deyərlər ki, Koroğlu dəliləri qorxdular. Lap hiylə də
olsa, biz gərək gedək. Amma ki, işimizi də möhkəm tutaq.
Dəlilər soruşdular:
– Necə?
Dəmirçioğlu dedi:
– Belə ki, bizim birimiz gərək atla qulu götürüb Çənlibelə aparaq.
Koroğluya çatdıraq ki, işdi hiylə-zad olsa, atla qul əldən getməsin.
İndi deyin görüm, Çənlibelə hansınız gedəcəksiniz?
Gürcüoğlu Məmməd üzünü Tanrıtanımaza tutub dedi:
– Tanrıtanımaz, sən özün bilirsən ki, mən dost yolunda candan
keçərəm. Amma bu yerdə gərək sən mənə kömək eləyəsən. O necə
deyirlər, ölmüşəm, yerdən götür. Mən gərək o xanın məclisinə gedəm.
O qıza heç olmasa bir doyunca baxam. Mən ölüm, sözümü yerə salma!
Tanrıtanımaz dedi:
– Sən niyə ölürsən? Qurban olsun sənə at da, qul da, Ələmqulu
xanın özü də. Hələ desən, lap Ələmqulu xanın...
Gürcüoğlu Məmməd tez onun sözünü kəsdi ki:
– Amandı elə söz demə!
Dəlilər gülüşdülər. Bu dəmdə bir də gördülər ki, dəstə gəlir.
Ərəbatı da gətirirlər, qulu da.
Tanrıtanımaz dedi:
– Eybi yoxdu. Siz gedin Ələmqulu xanın yanında keyf eləyin. Mən
də bu keyfin əvəzini yolda quldan çıxacağam.
Dəmirçioğlu dedi:
– Ancaq biz Ələmqulu xanın yanında bircə gün qalacağıq. Sabah
axşam Çənlibeldə olacağıq. Olduq, olduq. Olmadıq, onda bilin ki, o
necə deyərlər, başımız əlimizdə deyil. Koroğluya elə beləcə deyərsən.
Sonrasını özü bilər. Hər necə ki, eləmək lazımdı, özü elər.
Bəli, dəstə gəlib çatdı. Ruqiyə xanım atı da, qulu da Dəmirçioğluna
verib dedi:
– Əl-əhdi minəl-vəfa. Biz öz vədimizi yerinə yetirdik. Siz də öz
sözünüzün ağası olun.
Dəmirçioğlu dedi:
– Bizə Koroğlu dəlisi deyərlər, xanım! Bizdə xilaf söz olmaz.
Ondan Dəmirçioğlu götürüb qulu mindirdi Tanrıtanımazın atına.
Ayaqlarını da atın qarnının altında möhkəm-möhkəm bağladı. Qul
başladı yalvarmağa ki:
– Bir qələtdi eləmişəm.
Dəmirçioğlu dedi:
– Bizə heç zad demə! Hər nə ki sözün var, Çənlibeldə Koroğluya
deyərsən.
Elə ki, qulun işi düzəldi, ondan Tanrıtanımaz da Ərəbata minib onu
saldı qabağına. Elə yol başlamaq istəyəndə Dəmirçioğlu dedi:
– Ayə, Tanrıtanımaz, sən Tanrısız, Allahsız bir adamsan. Yolda
acıqın tutar, ona bir şey-zad eləyərsən ha... Bax, Çənlibelə salamat
apar çıxart!
Tanrıtanımaz dedi:
– Tanrını da tanımasam, Koroğlunu tanıyıram. Elə şey eləmərəm.
Bunu deyib, Tanrıtanımaz ata dəydi. Qul da qabağında Çənlibelə
tərəf yola başladı. Dəmirçioğlu o qədər gözlədi ki, onlar gedib gözdən
itdilər. Ondan üzünü Ruqiyə xanıma tutub dedi:
– Xanım, indi biz sizin qulluğunuzda hazırıq. Haraya deyirsən
gedək!
Ruqiyə xanım dedi:
– Qulluq sahibi olasınız! Buyurun!
Ruqiyə xanım düşdü qabağa. Dəmirçioğlu sağ tərəfində, Gürcüoğlu
Məmməd sol tərəfində, qalan adamlar da onların dalınca şəhərə
tərəf yol başladılar. Bəli, şəhər qapıları taybatay açıldı. Qoşun çıxdı
istiqbala. Qurbanlar yıxıldı yerə, cahi-cəlal ilə gəlib çatdılar xanlar
qapısına. Ələmqulu xan özü yerindən durub onları pişvaz elədi. Əllərindən
tutub məclisə gətirdi. Birini sağ tərəfində oturtdu, birini də sol
tərəfində. Vəzir, vəkil, hamı yerli-yerində əyləşdi, sonra məclisin
yuxarı tərəfində bir ipək pərdə asdılar. Ruqiyə xanım da öz başının
qızları ilə gəlib bu pərdənin dalında qərar tutdu. Ələmqulu xan başladı
söhbətə. Bir az oradan danışdı, bir az buradan danışdı, axırı mətləb
üstə gəlib dəlilərdən üzrxahlıq elədi.
Amma məclisdə nə danışıldısa Gürcüoğlu Məmməd heç birini
eşitmədi. Gözləri elə zillənib qalmışdı pərdənin dalında. Dəmirçioğlu
hətta bir-iki dəfə onu dümsüklədi də, bir şey çıxmadı.
Elə ki, xan üzrxahlığını elədi, yemək-içmək başlandı. Saqi girdi
məclisə. Ələmqulu xan dəlilərə burada bir qonaqlıq verdi, bir qonaqlıq
verdi ki, nə deyim. Yedilər, içdilər, çalğıçılar çaldı, oxuyanlar oxudu,
gecədən də bir pas keçmiş məclis dağıldı. Hamı yatdı. Amma sən gəl
ki, ilan vuran yatdı, amma nə Dəmirçioğlunun gözünə yuxu getdi, nə
də Gürcüoğlu Məmmədin. Səhəri beləcə açdılar. Dan yeri söküləndə
Dəmirçioğlu qalxdı ki:
– Dur! Getmək lazımdı.
Gürcüoğlu dedi:
– Dəmirçioğlu, ölümə desən bu saat gedərəm. Amma ki, Ruqiyə
xanımı aparmamış buradan gedəsi deyiləm.
Dəmirçioğlu dedi:
– Ayə, dəli olma, axmaq olma, biz qızı necə apara bilərik? Buna
aləm nə deyər? Koroğlu nə deyər? Biz kişi ilə dost olmuşuq, çörək
kəsmişik.
Gürcüoğlu dedi:
– Bəs necə eləyək?
Dəmirçioğlu dedi:
– Heç zad. Necə eyləyəcəyik. Gedərik, mən əhvalatı Koroğluya
deyərəm, elçi göndərərik, alarıq.
Gürcüoğlu dedi:
– Onda bir gün də qalaq. Heç olmazsa bircə dəfə də, pərdə dalından
da olsa, onu görüm, sonra gedək.
Dəmirçioğlu nə qədər elədisə bir şey çıxmadı. Gürcüoğlunu yola
gətirə bilmədi. Axırda çar-naçar qaldı.
İndi bunlar burada qalmaqda olsunlar, eşit Çənlibeldən.
Tanrıtanımaz sağ-salamat Çənlibelə gəlib atı da, qulu da Koroğluya
verdi. Qul düşdü Koroğlunun ayaqlarına. Koroğlu heç ona tərəf
baxmadı da. Dəli Həsənə işarə elədi ki:
– Apar, sal ağasının yanına. Qoy uşaqlar da gəlsinlər, sonra onların
işinə baxacağam.
Qulu da Əhməd tacirbaşının yanına salıb, başladılar Dəmirçioğlugili
gözləməyə. Gündüzü gözlədilər, gecəni gözlədilər, sabahı da
axşamacan gözlədilər, dəlilər gəlib çıxmadı. İş belə olanda Koroğlu
acıqlandı. Hay vurdu, bir Dəli Mehtərdən, bir də xanımlardan başqa
Çənlibeldə nə qədər dəli var idi, hamısı atlandı. Gecə ilə yeddi min
yeddi yüz yetmiş yeddi dəli duman kimi Ələmqulu xanın şəhərini
araya aldı. Elə ki, səflər düzəldi, dəstələr hərə öz yerini tutdu, Koroğlu
Tanrıtanımazı çağırdı ki:
– De görüm, nə məsləhət görürsən? Gecə ikən şəhərə girək, ya
səhəri gözləyək?
Tanrıtanımaz dedi:
– Koroğlu, biz yaxşı eləyib gəlmişik. Ehtiyat ki, var yaxşı şeydi.
Amma ki, mənim ürəyim çox sakitdi. Dəlilərin başında heç bir şey
yoxdu. Yəqin elə Gürcüoğlunun şuxluğu tutub. Qızın yanından ayrıla
bilmir. Dəmirçioğlu da ona görə dayanıb qalıb. Hər halda səhəri gözləmək
yaxşıdı. Sonra xəcalətli olarıq.
Dəlilər Tanrıtanımazın fikrini bəyəndilər, o qədər gəzdilər ki,
səhər açıldı. Şəhər əhli duran-duran baxdı ki, şəhərin ətrafı tutulub.
Camaatı vahimə aldı. Töküldülər xanlıq qapısına. Ələmqulu xan durub
gördü ki, bəli, necə deyirlər elədi. Şəhərin ətrafı elə tutulub, elə
tutulub ki, elə bil ətdən divar çəkilib. Tez vəziri çağırıb göndərdi ki,
bilsin-görsün bu nə olan işdi. Vəzir gəlib çatanda gördü nə... Gələn
Koroğludu... Koroğlu vəziri görcək dedi:
Qarı düşmən, fənd-felini bilirəm,
Dəlilərim bu şəhərdə qalıbdı.
Saat yarım sizə möhlət verirəm,
Dəlilərim bu şəhərdə qalıbdı.
Şəhərin yerində kotan əkərəm,
Zər-zibasın Çənlibelə çəkərəm,
Misri qılınc çəkib al qan tökərəm,
Dəlilərim bu şəhərdə qalıbdı.
Koroğlu fərmanı mərdi-mərdana,
Dəlilərim yerikləyir al qana,
Qataram şəhərdə tozu dumana,
Dəlilərim bu şəhərdə qalıbdı.
Vəzir başı lovlu qayıdıb əhvalatı Ələmqulu xana danışdı. Ələmqulu
xan Ruqiyə xanımı çağırdı. Ruqiyə xanım dedi:
– Qorxma! Mən bu saat işi yoluna qoyaram. Oradan birbaş gəldi
Dəmirçioğlugilin otağına. Dəlilər də işdən bixəbər hazırlaşırdılar ki,
yola çıxsınlar. Ruqiyə xanım aldı görək nə dedi:
Dərdiz alım, qoç qardaşlar,
Bir umudum sizə gəlir...
Çox çətin olubdu işlər,
Bir umudum sizə gəlir...
Kəsiblər dörd bir yanımı,
Dağıdarlar xanımanımı,
Axıdarlar al qanımı,
Bir umudum sizə gəlir...
Şad ürəyim olubdu qan,
Könlüm olubdu pərişan,
Ruqiyə xanım sizə qurban,
Bir umudum sizə gəlir...
Dəlilər soruşdular:
– Nə olub?
Ruqiyə xanım hal-əhvalatı danışdı. Dəmirçioğlu dedi:
– Sən heç qorxma, Ruqiyə xanım. Bu saat biz özümüz gedərik
onun yanına.
Bunu deyib, ikisi də bayıra çıxdı. Atları minib, birbaş Koroğlunun
yanına gəldilər, Koroğlu elə ki, dəliləri sağ-salamat gördü, arxayınladı,
onları məzəmmət eləməyə başladı. Dedi:
Barakallah, səd mərhəba!..
Tez gələn beləmi əyləni?
Yaxşı yaradız qulluğa,
Tez gələn beləmi əyləni?
Fikrinizə nə qoyubsuz?
Qeyri yollara uyubsuz,
Görünür məndən doyubsuz,
Doymayan beləmi əyləni?
Demə dünya gedər belə,
Uymayın fitnəyə-felə,
Koroğlunu gətdiz dilə,
Tez gələn beləmi əyləni?
Dəlilər ikisi də başlarını saldılar aşağıya. Dəmirçioğlu dedi:
– Koroğlu, biz taqsırkarıq. Hər nə eləsən ixtiyarsan.
Bunu deyib Dəmirçioğlu qılıncını çıxardıb iki əlinin üstündə Koroğlunun
qabağına qoydu, özü də diz çökdü. Koroğlu onun qolundan
yapışıb qaldırdı. Sonra soruşdu:
– De görüm, əsl müqəssir kimdi? Sənsən, ya Gürcüoğlu?
Dəmirçioğlu dedi:
– Elə ikimizin də taqsırımız birdi. Bir-birindən nə əskikdi, nə artıq.
Koroğlu nə qədər elədi ki, Dəmirçioğlu işin əslini desin, demədi.
Elə bircə bunu dedi ki:
– İkimizin də taqsırımız birdi.
Koroğlu işi bilirdi. Bilirdi ki, Dəmirçioğlu Gürcüoğlu Məmmədə
görə gecikib. Amma onu da bilirdi ki, Dəmirçioğlu ölüm də olsa, yoldaşı
pis ayaqda tək buraxmaz, namərdlik eləyib yoldaşı ələ verməz.
Odu ki, onu bir də sınamaq üçün belə qısnayırdı. Elə ki, gördü
Dəmirçioğlu sözündən dönmədi, yoldaşın sirrini açmadı, dedi:
– Mərhəba! Mən səni qəsdən sınayırdım. Sağ ol! Sonra dönüb
Gürcüoğlundan soruşdu:
– Hə... nə var, nə yox, Gürcüoğlu? Deyəsən Ələmqulu xanın qızı
çox xoşuna gəlib.
Gürcüoğlu başını aşağı saldı. Elə bunlar bu sözdə idilər, Ələmqulu
xan öz vəzir-vəkili ilə gəlib çatdı. De əl verdilər, görüşdülər, Ələmqulu
xan dedi:
– Qoç Koroğlu, mən səninlə dost olmaq istəyirəm. Bütün dəlilərinlə
mənə qonaqsan.
Koroğlu nə qədər boyun qaçırmaq istədisə olmadı. Axırda Ruqiyə
xanım irəli yeriyib dedi:
– Qoç Koroğlu, sən buradan elə beləcə çıxıb getsən atamı bütün
dünyada bədnam elərsən. Kişi dostluq üçün uzanan əli kəsməz.
Koroğlu Ruqiyə xanımın sözündən keçə bilmədi. Ancaq şəhərə də
girmədi. Hökm elədi, şəhərin kənarında çadırlar quruldu. Üç gün, üç
gecə yemək, içmək oldu. Ələmqulu xan Koroğluya bir qonaqlıq verdi
ki, hələ ruzigarın gözü belə qonaqlıq görməmişdi. Elə ki, üç gün
tamam oldu, Koroğlu Ələmqulu xanı çağırıb dedi.
– Xan, elədiyin hörmətə görə çox sağ ol! Ancaq mənim səndən bir
təvəqqəm var.
Xan dedi:
– Təvəqqə nədi? Sən əmr elə, mən yerinə yetirim.
Koroğlu dedi:
– Yox. Bu elə bir şeydi ki, əmrlə olmaz. Belə iş ancaq təvəqqədən
aşar.
Xan dedi:
– Buyur!
Koroğlu sazı basdı döşünə dedi:
Qulluğuna bircə kəlmə sözüm var,
Mənim bu sözümdən incimə, ay xan!
O sözlər bu yerin sözü döysə də,
Sən Allah, o sözdən incimə, ay xan.
Xan dedi:
– Əşi, incimək nədi? Sən lap əhd eləsən mənim başımı istəyəcəksən,
o da ki sənə qurbandı. Sözünü de!
Koroğlu dedi:
Lazımdı araya elçi salaydım,
Neçə minnətçiylə dilçi salaydım,
Qayda budu, gedib, bir də gələydim,
Mənim bu işimdən incimə, ay xan!
Xan məsələni başa düşdü. Ancaq gözlədi ki, görsün sözün axırı nə
olur. Koroğlu aldı sözün o biri xanəsini dedi:
Koroğlunun sözün yazma qələtə,
Hesab etmə qanmaza, nabələdə,
Ruqiyə xanımı gəl ver Məmmədə,
Sən gəl bu sövdadan incimə, ay xan!
İncimək nədi? Xan Allahdan belə bir qohumluq axtarırdı. O saat
molla, qazı çağırıldı. Ruqiyə xanımın kəbini kəsildi Gürcüoğlu Məmmədə.
Toy təzədən başlandı. Üç günün üstünə bir dörd gün də gəldilər,
oldu yeddi gün, yeddi gecə. Yeddi günün tamamında istədilər
gəlini tapşırsınlar bəyə. Koroğlu razı olmadı. Dedi:
– Çənlibeldə dəlilərin də, xanımların da anası Nigardı. Mən gərək
aparıb bir toy da orada eləyəm.
Dəlilər atlandı. Ruqiyə xanımı da götürüb Çənlibelə gəldilər.
Xanımlar işdən xəbərdar oldular. Nigar Ruqiyə xanıma xoşgəldin elədi.
Toy təzədən başlandı. Sazlar səs-səsə verdi, saqi məclisə girdi. Koroğlu
belə baxdı Nigarı sağ yanında gördü, belə baxdı Eyvazı sol yanında
gördü, qabağa baxdı yeddi min yeddi yüz yetmiş yeddi dəlini qabağında
gördü. Ürəyi atlandı, qəlbi coşdu, üçtelli sazı sinəsinə basdı, dedi:
Məclis qurduram həmişə,
İşrətim, damağım ola!..
Əmliklər çəkdirəm şişə,
Bir ağır yığnağım ola!..
Çənlibeldə köçüm, qonum,
Atlasdan biçilər donum,
Ortadan qalxmaya xonum,
Gündə yüz qonağım ola!..
Vuram xotkar, tutam paşa,
Xanlar məndən çəkə haşa,
Bu dövranım vara başa,
Sönməyən çırağım ola!..
Eyvaz imdadıma çata,
Dəmirçioğlu şeşpər ata,
Sıçrayıb minəm Qırata,
Bəlli Əhməd dayağım ola!..
Şir qanı ola qanımda,
Qorxu olmaya canımda,
Dəlilər olsa yanımda,
Qırram yüz min yağım ola!..
Düşmən qanın içəm, doyam,
Müxənnət gözlərin oyam,
Çəkəm bəzirganlar soyam,
Tacirlər dustağım ola!..
Koroğluyam savaşımda,
İgid dəlilər başımda,
Nigar əyləşə qarşımda,
Keçən cavan çağım ola!..

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR