Slimfit
  1. ƏDƏBİYYAT

Koroğlu - Koroğlu dastanı/Koroğluynan Ərəb Reyhan (III hissə)

Koroğlu - Koroğlu dastanı/Koroğluynan Ərəb Reyhan (III hissə)
Sakura

Koroğlu - Koroğlu dastanı/Koroğluynan Ərəb Reyhan (III hissə)


Bu dəmdə bir dəli nərə səsi gəldi. Ərəb Reyhan döndü ki, budu bir
dəstə gəlir, qabaqlarında da Eyvaz.
Eyvaz Ərəb Reyhanı görcək tanıdı. Dedi:
– Ya budu ki, bu saat Koroğlunu ver, ya budu ki, bir hay vurub
şəhərin torpağını torba ilə daşıtdıracağam.
Ərəb Reyhan da igid adam idi. Yeridi qabağa dedi:
– Eyvaz, Koroğlu bax, odu minarədə.
Eyvaz belə baxanda Koroğlunu gördü. Ərəb Reyhan dedi:
– İndi bura bax!
Bunu deyib Ərəb Reyhan minarənin dibinə işarə elədi. Eyvaz baxdı
ki, minarə elə handa-handadı yıxılsın. İki yüzəcən külünglü adam da
hazır dayanıb əmr gözləyir. Ərəb Reyhan dedi:
– Koroğlu mənim əlimdədi. Bircə dəfə işarə eləsəm minarə
gedəcək. İndi sən gəlmisən onu qurtarmağa. Yaxşısı, budu ki, nə sənin
qoşunun qırılsın, nə də mənim. Gəl bu meydanda ikimiz vuruşaq, sən
məni öldürdün, Koroğlu da sənin, hər şey də sənin. Nə eləyərsən
özün bilərsən, yox, mən səni öldürdüm, genə də nə eləyərəm özüm
bilərəm.
Eyvaz bir Ərəb Reyhana baxdı, bir dönüb Koroğluya baxdı, bir də
belə dönəndə baxdı ki, Hürü xanım gəlib meydanın bir tərəfində
dayanıb bunlara baxır. Elə bil dünya-aləm Eyvazın başına fırlandı. Bir
dəli nərə çəkib meydanı dolanmağa başladı. Koroğlu da minarədən
baxırdı. Gördü yox, deyəsən Eyvaz vuruşmaq istəyir. Koroğlu Ərəb
Reyhanın gücünə bələd idi. Bilidi ki, Eyvaz onun öhdəsindən gələ
bilməyəcək. Odu ki, qışqırıb dedi:
– Eyvaz, məbada meydana girəsən. Əgər igiddi, qoy mənnən
vuruşsun.
Gördü yox, Eyvaz heç eşitmir. Dedi:
– Ayə, minarənin yıxılacağından mənə ziyan yoxdu. Qorxma, qoy
uçursunlar.
Eyvaz hara, söz eşitmək hara? Elə idi, elə idi ki, dönmüşdü bir
aslan balasına, zəncir gəmirirdi. Bir dəfə meydanı gərdiş eləyib üzünü
tutdu Ərəb Reyhana. Dedi:
Mərdsən, gəl meydana, paşa!
Savaşaq indi sənnən mən.
Gör gücümü, eylə haşa,
Savaşaq indi sənnən mən.
Götürrəm əlimə nizə,
Mərdlər əhsən desin bizə,
Duraq meydanda üz-üzə,
Savaşaq indi sənnən mən.
Demə mənə bu hədyanın,
Yəqin bil ki, allam canın,
Qılıncla tökərəm qanın,
Savaşaq indi sənnən mən.
Gərək dost, düşmanın seçəm,
Çətin olar qorxam qaçam,
İstərəm ki, meydan açam,
Savaşaq indi sənnən mən.
Mən Eyvazam, durmuşam mərd,
Yaman ürəyə ollam dərd,
İgidsənsə ol meydangərd,
Savaşaq indi sənnən mən.
Eyvaz sözünü tamam eləyib atı vurdu, Ərəb Reyhan da öz atını
cövlana gətirdi. Koroğlu gördü day ayrı əlac yoxdu, bir dəli nərə çəkib
dedi:
Eyvazım minəndə Dürat belinə,
Gərək göydə quşlar qanad saxlasın,
Dava günü hər kim düşsə əlinə,
Qabağında diz çökübən ağlasın.
Şığıyıb düşmana qəddini bükər,
Girəndə şəhərə bürc-barı sökər,
Paşalar başında acı turp əkər,
İgid gərək zərbəsini haxlasın.
Mərd böyüyüb mərd ağası, mərd xanı,
Tutacaq şöhrəti cümlə-cahanı,
Gəzəcək Misiri, Şamı, Osmanı,
İgid gərək qabağında tablasın.
Qərəz, Ərəb Reyhanla Eyvaz başladılar davaya. Şeşpərdən, gürzdən
murad hasil olmadı, əl elədilər qılınca. Qılınclar sındı, töküldü, əl
elədilər nizəyə, nizədən də kar çıxmayanda atdan düşüb başladılar
küştüyə. İlan kimi sarmaşdılar bir-birinə. Kotan kimi başladılar meydanın
torpağını sökməyə. Eyvaz cavan, bərkə-boşa düşməmiş adam,
Ərəb Reyhan min ilin pəhləvanı. Day, o necə deyərlər, pəhlivanlıq
elminin bir dəlmə-deşiyi yox idi ki, Ərəb Reyhan oraya baş vurmamış
ola. Neçə-neçə adlı pəhlivanlar basmışdı. O necə deyərlər, ad çıxartmışdı.
Girələyib Eyvazın çiyin damarlarını saldı cənginə. Eyvazın
gözləri başladı qaralmağa. Elə bil ki, dünya, aləm durdu başına hərlənməyə.
Koroğlu baxdı ki, Eyvaz gedir. Ürəyi tablamadı. Elə bir nərə
çəkdi ki, dağ-daş titrədi, dedi:
Canım Eyvaz, gözüm Eyvaz,
Bir bəri dön, bax bu yana!
Amandı qoç dəlilərim
Qoyma dönsün qəlbi qana!
Ondan üzünü meydanda duran Hürü xanıma tərəf tutub dedi:
Dayanıbdı o, xan kimi,
Baxır sənə sultan kimi,
Qalx, alıcı tərlan kimi
Təzədən gir bu meydana!
Qılıncın ağzı zağlıdı,
Dostunun yolu bağlıdı,
Koroğlu qəlbi dağlıdı,
Qoyma batsın çən-dumana!
Elə bil ki, Koroğlunun sözlərindən Eyvaza qüvvət gəldi. Bir güc
verib Ərəb Reyhanın əlindən qurtardı. Dəlilərin əhsən səsi göyə ucaldı.
Eyvaz bir dəfə meydanı hərlənib dedi:
Koroğlu buyurub buyruğu,
Gərək mən sənin, mən sənin.
Çəkib qopardam boynunu
Gərək mən sənin, mən sənin.
Bir ac qurdam, gəldim bura,
Əyri qılınc boynun vura,
Gözaltını alam sora
Gərək mən sənin, mən sənin.
Eyvazam, gərək yetirəm,
Hürüyə qulluq bitirəm,
Adın dünyadan itirəm
Gərək mən sənin, mən sənin.
Sözünü qurtarıb qızmış nər kimi özünü atdı Ərəb Reyhanın üstünə.
Elə birinci həmlədə Ərəb Reyhanı vurub sərdi yerə. Day aman verməyib
düşdü üstünə. Bu dəfə də Eyvaz Ərəb Reyhanın çiyin damarlarını
keçirtdi barmaqlarına. Ərəb Reyhanın ağzı başladı köpüklənməyə,
Koroğlu işi belə görəndə dedi:
Yaxşı yerdə axşamladın,
Ərəb oğlu, Ərəb oğlu.
Boynuna kəfən doladın,
Ərəb oğlu, Ərəb oğlu.
Döyül bir də bac verəsi,
İndi alar can kirəsi,
Sənsən yer-yurdun birəsi,
Ərəb oğlu, Ərəb oğlu.
Tanı Koroğlu soyunu,
Gör cida təki boyunu,
Açdı başına oyunu,
Ərəb oğlu, Ərəb oğlu!
Eyvaz birdən Ərəb Reyhanın çiyinlərini buraxıb yapışdı bel kəmərindən.
Bir “ya mədəd!” – deyib dik qaldırdı göyə, vurub yerə, çökdü
sinəsinə.
Meydan qarışdı bir-birinə. “Əhsən, əhsən!” səsindən qulaq tutuldu.
Koroğlu minarədən üzün Ərəb Reyhana tutub dedi:
Uca dağların başında
Duman olu, çiskin olu.
Qar yağıban girdə bağlar
Acı yellər əskin olu.
Bir igidin zatı olsa,
Qolunun qüvvəti olsa,
Meydan görmüş atı olsa,
Zülfüqarı kəskin olu.
İgidə yoldaş olmasa,
Bir qoşuna baş olmasa,
Hu deyib savaş olmasa,
Ağır leşkər basqın olu.
Alıcı quşlar əllərdə
Ovlağı olar göllərdə,
Qərib igid, yad ellərdə
Dinə bilməz, miskin olu.
Ögünmə quzum, ögünmə,
Daşlar alıban dökünmə,
Hu deyib meydana girmə,
Əl var əldən üstün olu.
Bunu deyib, Koroğlu işarə elədi. Eyvaz xəncəri çəkib dayadı Ərəb
Reyhanın boğazına. Onda döndü Koroğluya tərəf ki, görsün onun fikri
nədi. Koroğlu dedi:
– Eyvaz, mən bir dəfə onu mərdliklə basıb, mərdliklə də buraxmışdım.
Amma o bunun əvəzində mənə namərdlik elədi. Namərdi də
gərək bu dünyada yaşamasın.
Eyvaza elə bu söz bəs idi. Bayaq ha xəncəri çəkib, başı leşdən elədi,
leşi başdan.
O saat dəlilər minarənin qapısını açdılar. Koroğlu çıxdı bayıra.
Ərəb Reyhanın qoşunu sərkərdələrini ölmüş görüb təslim oldular.
Dəlilər hamısı doldular şəhərə.
Paşanı nə qədər axtardılar, tapa bilmədilər. O necə deyərlər, oldu
bir parça yağlı əppək, çəkildi göyə. Koroğlu dedi:
– Eybi yoxdu. Bu da bir cür igidlikdi. Bu cür adamların igidliyi
ondu. Doqquzu qaçmaqdı, biri heç gözə görünməmək. Day axtarmayın!
Qərəz, dəlilər atları mindilər. Hamı hazırlandı. Koroğlu hay vurdu
ki, yola düşsünlər. Dəstə hərəkətə gəldi. Koroğlu baxdı ki, Eyvaz hələ
heç ata minməyib, heç deyəsən minmək fikrində də deyil. Soruşdu ki:
– Eyvaz, nə gözləyirsən? Niyə minmirsən?
Eyvaz cavab vermədi. Koroğlu bir də soruşdu. Eyvaz yenə də
cavab vermədi. Koroğlu üçüncü dəfə soruşanda Eyvaz sazı götürdü.
Gözlərini dolandırıb bir dəfə ətrafa baxdı, dedi:
Uca dağların başında,
Ala-dəmgil qar görünür.
Mənim bu dəli könlümə
Bir alagöz yar görünür.
Göründü dostumun kəndi,
Əməydim ləbindən qəndi,
Açıldı köksünün bəndi,
Qoynunda cüt nar görünür.
Koroğlu dönüb Eyvazın baxdığı tərəfə baxanda nə gördü? Gördü
Hürü xanım qulaş saçları töküb gərdəninə, boynunu qoyub çiyninə, elə
baxır, elə baxır ki, elə bil bir dənə yaralı ceyrandı. Koroğlu məsələni
başa düşdü. Elə bu fikirdə idi ki, nə eləsin.
Eyvaz aldı sözün o biri xanəsini, dedi:
Mən Eyvazam, dözəmmərəm,
Al geyinib bəzənmərəm,
Çənlibeldə gəzənmərəm,
Dünya mənə dar görünür.
Məsələ Koroğlu üçün aydın oldu. Day fikirləşməyə yer qalmadı.
Ata bir qırmanc vurdu, Hürünün yanına çatanda əlini uzadıb dik götürdü,
qoydu tərkinə, düzəldi yola. Eyvaz da qalxıb atı mindi, düşdü Koroğlunun
dalına.
Qərəz, dəstə şəhərdən çıxıb Çənlibelə tərəf yola düzəldi. Bir az getmişdilər,
bir də baxdılar ki, oğlan, tərkində də bir nəfər gedir. Koroğlu
çatıb soruşdu:
– Dostum, sən hara?
Oğlan dedi:
– Çənlibelə. Day bundan sonra mən Qarsda duruş gətirə bilmərəm.
Koroğlu dedi:
– Bəs o tərkindəki kimdi?
Oğlan dedi:
– Anamdı. Elə yerli-dibli birdəfəlik köçürəm.
Bəli, orda uzun-uzun yol ilə, burda müxtəsər dil ilə, dəstə gəlib
Çənlibelə çatdı.
Day pişvaz, nə pişvaz. Görüş, nə görüş... Koroğlu hökm elədi Hürü
xanımın ayağının altında yeddi yüz yetmiş yeddi qurban kəsdilər.
Koroğlu dedi:
– Gərək Eyvaza elə bir toy eləyəm ki, ruzigarın közü belə toy görməmiş
ola.
Dəlilər dedi:
– Koroğlu, indi toy vaxtı deyil.
Koroğlu dedi:
– Elə əsl toy vaxtı indidi. Hasan paşa istəyirdi ki, Bolu bəyin, bir
də Ərəb Reyhanın əli ilə iş düzəltsin. Bolu bəyi darmadağın eləyib,
nişanlısı Dünya xanımı gətirmişəm. Ərəb Reyhanı da cəhənnəmə vasil
eləyib, Hürü xanımı gətirmişəm. İnşallah Toqatı da dağıdıb Hasan
paşanın özünü Çənlibelə gətirəcəyəm.
Məclis quruldu, toy başlandı. Koroğlu baxdı ki, Eyvaz məclisdə
yoxdu. Soruşdu:
– Hanı Eyvaz?
Dəli Həsən dedi:
– Axır adət var. Sən onun atasısan. Sən rüsxət verməsən, o gəlməz.
Koroğlu sazı basdı döşünə, dedi:
Çağırın Eyvazı, gəlsin məclisə,
Verin şirin badə, cana nuş olsun!
Qurun nərtaxtanı, gəlin oynayaq,
Atın ağ zərləri şeşi beş olsun!
Bir xələt biçərəm Eyvaz boyundan,
İncimərəm xasiyyəti-xoyundan,
Kəsin tunculardan, qırın qoyundan,
Yeyin dəlilərim, keyflər xoş olsun!
Uca dağlar başın almasın duman,
Koroğlu könlünə gəlməsin güman,
Verrəm o igidə beş yüz min tümən,
Qançırqada gələn qanlı baş olsun!
Dəli Həsən ilə Dəmirçioğlu Eyvazı gətirdilər məclisə, Koroğlu bir
Eyvaza baxdı, boy-buxununa, şəsti-bəstinə nəzər saldı. Paltar, geyim,
yaraq-yasaq, durna teli də başında.
Koroğlunun ürəyi atlandı. Sazı basdı döşünə, dedi:
Geyinib əlvan sərasər,
Yaşıl üstdən allar Eyvaz.
Qanlı qəmzən gündə eylər
Hay demədən qanlar, Eyvaz!
Hüsnün aydan aldı bacı,
Gün üstə qoydu xəracı,
Şəkər təlxdi, nabat acı,
Ləblərindi ballar, Eyvaz!
Koroğluyam, mən də varam,
Olmaz qənimə yalvaram,
Caharguşə cümlə alam,
Sənə qurban mallar, Eyvaz!
Söz tamama yetdi. Koroğlu Eyvaza yer göstərdi. Elə bu dəmdə xəbər
gəldi ki, Nigar xanım izn istəyir, Hürü xanımı məclisə gətirsin.
Koroğlu izn verdi. Xanımlar Hürü xanımı gətirdilər məclisə, Koroğlu
baxdı ki, Hürü xanım heç Eyvazdan geri qalan deyil. Nigar xanım Hürünü
bir geyindirib, kecindirmişdi, bir ziynət vermişdi ki, gəl görəsən.
Hürü xanım Koroğlunu görəndə utandı, gəlinlik tellərini yığışdırdı.
Koroğlu ayağa durub, sazı götürdü, özü dövran açıb məclisə girdi, dedi:
Hürü, Allahı sevirsən,
Qoy tökülsün şux tellərin!
Gəl saxlama dal gərdəndə,
Qoy tökülsün şux tellərin!
Sən bir yaşılbaş sonasan,
Baissən min bir qana sən.
Nə ola sözüm anasan,
Qoy tökülsün şux tellərin!
Koroğlunun dirliyilə,
Dəlilərin birliyilə,
Xan Eyvazın ərliyilə,
Qoy tökülsün şux tellərin!
Deyirlər ki, Eyvazın toyu düz qırx gün, qırx gecə çəkdi. Həsən paşa
Ərəb Reyhanın qırxını verən gün, Eyvaz da Hürü xanımla murad verib,
murad aldı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR