Slimfit
  1. ƏDƏBİYYAT

Koroğlu - Koroğlu dastanı/Koroğluynan Ərəb Reyhan (II hissə)

Koroğlu - Koroğlu dastanı/Koroğluynan Ərəb Reyhan (II hissə)
Sakura

Koroğlu - Koroğlu dastanı/Koroğluynan Ərəb Reyhan (II hissə)


İndi bunlar gözləməkdə olsunlar, sənə kimdən xəbər verim, bizim
oğlandan, yəni evin sahibindən. Elə ki, qoşun doldu həyətə, oğlan
məsələni başa düşdü. Bildi ki, paşalar xəbər tutublar. Özünü itirməyib
durdu, qaranlıqda özünü adamların arasına vurub çıxdı küçəyə. De asta
qaçan namərddi. Birbaş özünü saldı Hürü xanımın yanına. Hürü xanım
da oyaqdı. Hürü xanım onu görcək soruşdu:
– Nə var? Bu nə qoşunkeşlikdi? Yoxsa Koroğludan xəbər tutublar?
Oğlan əhvalatı danışdı. Hürü xanım dedi:
– Yaxşı eyləyibsən ki, qaçıbsan. Yoxsa sən də ələ keçərdin.
Sonra oğlana dedi:
– Yaxşı, düzünü de görüm, Koroğlunun burada olmağını bir adamazada
deməyibsən ki?
Oğlan bir getdi fikirə. İndi başa düşdü ki, bu işlər hamısı onun öz
taqsırıdı. Əhvalatı, necə ki, olmuşdu, qəssaba necə demişdi, qəssab
camaata necə demişdi, hamısını danışdı.
Hürü xanım heç bir söz demədi. Dinməz-söyləməz başını saldı
aşağıya. Oğlan baxdı ki, vallah, Hürü xanım elə hirslənib ki, o necə
deyərlər, bıçaq vursan qanı çıxmaz.
Durdu ayağa ki:
– Mən də gedirəm. Qoy məni də tutsunlar, ikimizi də bir yerdə
assınlar. Mən bu namussuzluğu götürə bilmərəm ki, mənim ucumdan
o kişi tutulsun, mən sağ qalam.
Hürü xanım dedi:
– Yaxşı getdin, səni də tutdular. Bundan Koroğluya nə mənfəət
olacaq?
Oğlan dedi:
– Bəs nə eləyim?
Hürü xanım dedi:
– Get, gözlə. Elə ki, səhər açıldı, şəhərin kənarından qoşunu götürdülər,
bir dənə yüyrək at minib, özünü yetir Çənlibelə. Əhvalatı xəbər ver.
Söz oğlanın beyninə batdı. Oradan özünü verdi şəhərin kənarına.
Bir yerdə gizlənib, o qədər gözlədi ki, şəhər darvazaları açıldı. Bir
dənə at minib özün vurdu yola. İndi oğlan getməyində olsun, sənə
deyim Koroğludan.
Elə ki, hava yavaş-yavaş başladı bozarmağa, Koroğlu gördü bir
uca minarənin başındadı, qoşun da dörd bir tərəfi tutub. Qaldı məəttəl
ki, nə eləsin. Aşağı düşsün? Nə yarağı, var, nə atı. Burada qalsın, nə
vaxtacan qalsın? Ürəyi qübar elədi. Dəlilər yadına düşdü. Dedi:
Misri qılınc əldə təng olanlarım,
Qoçaq igidlərim yanımda gərək!
Kəsilə kəllələr, boş qala leşlər,
Dal xançallar düşman qanında gərək!
Alıb piyaləni içən sağıdan,
Qoxmayın hər yetən qanlı yağıdan,
Hoy deyəndə ağır tüplər dağıdan
Xan Eyvazım bu gün yanımda gərək!
At süzüb özünü mənə yetirən,
Koroğluya yüz min qulluq bitirən,
Səksək putu bir əlində götürən
Dəmirçioğlu bu gün yanımda gərək!
Qollarına dəmir polad taxdıran,
Düşmanları girvələrdən baxdıran,
Su yerinə qızıl qanlar axdıran,
Dəli Həsən bu gün yanımda gərək!
Koroğlu çağırır genə Səfəri,
Yox imiş dünyanın sonu, səməri,
Qıraram dəstəni, vurram nəfəri,
Ərənlərin piri yanımda gərək!
Koroğlu oxuduqca səhər də yavaş-yavaş açılırdı. Axırda hər tərəf
işıqlandı. Sis, duman çəkilib getdi. Koroğlu minarənin başından Çənlibelə
tərəf baxdı. Amma hərci elədi, Çənlibeli görə bilmədi. Dağlar,
elə bil ki, qəsdən aranı kəsmişdi. Koroğlu dedi:
Göydən bir cüt sona endi,
Aylı dağın arasına.
Yar ki yardan küsər oldu
Ağlar, sızlar, çarası nə?
Qızıl almanı dişləsin,
Ətrafını gümüşləsin,
Yol düşsün, karvan işləsin
Nigar yarın obasına.
Koroğluya olan oldu,
Qaynadı peymanam doldu,
Dəlilərim məndən oldu,
Dağlar düşdü arasına.
Elə ki, səhər açıldı, gün çıxıb dağlara yayıldı, uzaqdan, dağların başının
üstündən Çənlibel dağlarının qarlı başları göründü. Bu, Koroğlunu
qubarlandırdı:
Uzaq-uzaq dağ başında
Tala-tala qar görünür.
Nə dəlilər, nə Çənlibel,
Nə alagöz yar görünür.
Ətrafım tir, kaman, oxdu,
Dəlilər yanımda yoxdu,
Mən yalğızam, düşman çoxdu,
Qaçmaq mənə az görünür.
Divanə könlüm şad olmaz,
Laçın könlüm ovsun almaz,
Baxıram, Eyvaz görünməz,
Dünya mənə dar görünür.
Bu sinəm yaralı düşdü,
Dağların maralı düşdü,
Yar məndən aralı düşdü,
Tərlan uçmaz, sar görünür.
Koroğlunun məlul çağı,
Durulmaz keyfi, damağı.
Bar gətirib gürcü bağı,
Dal budaqda nar görünür.
Ərəb Reyhan Koroğlunun belə dərdli-dərdli oxumağını eşidib çox
şad oldu. Paşanı da götürüb, gəldi minarənin ayağına. Çağırıb dedi:
– Koroğlu, sabahın xeyir olsun! Allah heç kəsin borcunu heç kəsdə
qoymaz. Yaxşı yerdə düşübsən əlimə.
Koroğlu dedi:
– Ərəb Reyhan, sənin mənimlə xüsusi haqq-hesabın var. Day bu
qoşunu-zadı niyə yığıbsan bura? Yol ver düşüm, vuruşaq. Ya sənə
verən Allah, ya mənə.
Ərəb Reyhan dedi:
– Yox, Koroğlu! Bu da olmadı keçən səfərki. Mən indi səni sağsalamat
oradan düşürtsəm hamı mənə axmaq deyər.
Koroğlu dedi:
– Bəs fikrin nədi?
Ərəb Reyhan dedi:
– Fikrim odu ki, gərək özün təslim olasan, çıxıb orada qollarını
bağlayalar, sonra düşürdələr aşağıya.
Koroğlu dedi:
– Yaxşı, təsliməm. Çıx, bağla qollarımı.
Ərəb Reyhan dedi:
– Yox, mən yox. Mən oraya çıxmaram.
Koroğlu dedi:
– Yaxşı, buyursun, kim çıxır, çıxsın.
Ərəb Reyhan baxdı ki, bü doğrudan da axmaq fikirdi. Heç kəs
qorxudan oraya çıxmaz. Əmr elədi kamandarlar gəldilər. Koroğlu
baxdı ki, Ərəb Reyhan onu oxa basmaq istəyir. Dedi:
– Ayə, mən səni bir ağıllı adam bilirdim. Amma sən lap sarsaqsanmış.
Yaxşı, mən minarənin içinə girəndən sonra ox mənə nə eləyəcək?
Ərəb Reyhan gördü yox, bu da axmaq fikirdi, Koroğlu doğru deyir.
Dedi:
– Yaxşı, eybi yoxdu. Ox da atmarıq. Elə sən otur orada, biz də dayanaq
burada. Axırda acından, susuzundan ölərsən, leşinə sahib olarıq.
Koroğlu baxdı ki, bu çox pis tədbirdi. Əgər doğrudan belə eləsələr,
acından, suzundan öləcək. Getdi fikrə ki, nə eləsin. Çox götür-qoydan
sonra gördü ki, qorxutmaqdan başqa çarəsi yoxdu. Dedi:
– Yaxşı, sən məni o qədər axmaq hesab eləyirsən ki, mən təktənha
durub gələm buraya. Mənim adamım indi Çənlibelə çatıb. Çox
çəkməz ki, yeddi min yeddi yüz yetmiş yeddi dəli alar Qarsın üstünü.
Görüm onda nə eləyəcəksiz.
Bu sözdən paşa da, Ərəb Reyhan da düşdülər qorxuya. Paşa elə bil
yatmışdı, ayıldı. Çağırdı ki:
– Əyə, bir baxın görün o qarının oğlu haramzada haradadı? O heç
mənim gözümə dəymədi. Bəlkə elə onu göndərib xəbərə.
Düşdülər ora oğlan, bura oğlan, oğlan hayanda idi? Tapa bilmədilər
ki, tapa bilmədilər. Məsələ lap aydın oldu. Paşa tutdu Ərəb Reyhanın
yaxasından ki:
– Tez ol, nə eləyirsən, elə! Dəlilər şəhərə dolsa, daşı daş üstə qoymazlar.
Ərəb Reyhan əmr elədi, külüngçülər, qazmaçılar gəldilər, hökm
elədi ki, bu saat başlayın minarənin dibini qazımağa. Onda ya özü
qorxudan təslim olar, ya da ki, minarəylə bir yerdə yıxılıb ölər. O,
öləndən sonra dəlilərlə danışmaq asandı.
Külüngçülər başladılar minarənin dibini qazımağa. Koroğlu gördü
ki, yox, iş şuluxlaşdı. Fikirləşdi ki, eybi yoxdu. Qoy qazısınlar. Elə ki,
gördüm minarə doğrudan da yıxılır, düşüb duraram lap aşağıda, qapının
yanında. Görək ondan sonra kim peşiman olacaq. Əgər buradan
salamat çıxaram, mən bilərəm neyləyrəm.
Bəli, külüngçülər qazımaqda olsunlar, Koroğlu da gözləməkdə
eşit, indi sənə kimdən deyim, oğlandan.
Oğlan atı elə sürmüşdü ki, Çənlibelin ətəyinə çatanda, at yıxılıb
çatladı. Dəlilər pusqudan çıxıb, onu tutdular, birbaş Çənlibelə gətirdilər.
Dəli Həsən soruşdu:
– Kimsən? Haradan gəlirsən?
Oğlan bütün əhvalatı başdan-ayağa danışdı. Özü də başladı yalvarmağa
ki:
– Tez olun. Yoxsa Koroğlunu öldürərlər.
Dəlilər Nigar xanımdan soruşdular:
– Nigar xanım, söz sənindi. De görək, necə eləyək?
Nigar xanım dedi:
– Bu saat Çənlibeli başsız qoymaq olmaz. Mən deyirəm belə
eləyək. Dəli Həsən min dəli ilə öz yerində qalsın. Dəmirçioğlu da min
dəli ilə öz yerində. Qalan dəliləri Eyvaz götürüb Koroğlunun dalınca
getsin.
Ondan üzün Dəli Həsənə tutub soruşdu:
– Sən nə deyirsən?
Dəli Həsən də, Dəmirçioğlu da, Eyvaz da hamısı Nigar xanımın
fikrini bəyəndi. O saat dəlilər atlandı. Bizim oğlana da bir at verdilər,
mindi, düşdü qabağa. De sürhasür, sürhasür, gəlib yetişdilər Qarsın
ətrafına. Eyvaz dedi:
– Biz əgər belə şəhərə girsək, Koroğluya xətər yetirərlər.
Hökm elədi, dəlilərdən yeddi yüz nəfəri ayrıldı. Hər yüzü verdi bir
dəstəbaşıya. Yüz nəfər də özü götürdü. Qalan dəlilərə tapşırdı ki, şəhəri
mühasirəyə alıb gözləsinlər. Dava qızışanda hər tərəfdən dolsunlar.
Yeddi yüz dəli, altı dəstəbaşı, bir də oğlan dördəmə, siyirməqılınc
atları sürdülər şəhərə. Keşikçiləri qoymadılar ki, nəfəs alsınlar. Keçib
girdilər şəhərin içinə. Hər dəstə başladı bir küçə ilə getməyə. Eyvaz
özü də oğlanı götürüb, yüz nəfər dəli ilə düşdü küçələrin birinə. Bu
küçə hansı küçə ola, hansı küçə ola, haman o küçə ola ki, Koroğlu gedib
Hürü xanıma rast gəlmişdi. Elə bir az at sürmüşdülər ki, Hürü xanımın
imarəti göründü. Oğlan baxdı ki, Hürü xanım durub pəncərədə yola
baxır. Tez ata bir taziyanə çəkib özünü yetirdi onun bərabərinə ki:
– Hürü xanım, muştuluğumu ver! Xan Eyvazın özünü dəlilərlə
gətirmişəm. Bu saat Ərəb Reyhana bir toy tutsunlar ki...
Hürü xanım belə baxanda gördü budu, siyirməqılınc bir dəstə atlı
gəlir ki, hərəsi min cana dəyər. Amma qabaqlarında bir oğlan gəlir, bir
oğlan gəlir ki, elə bil on dörd gecəlik aydı. Bildi ki, bu xan Eyvazdı,
Hürü xanım Eyvazın tərifini çox eşitmişdi. Amma özünü heç
görməmişdi. Baxdı ki, vallah, bu bir oğlandı, bir oğlandı Yusif-zad
nədi bunun yanında. Bir ürəkdən min ürəyə vuruldu Eyvaza. Qara
saçlardan üç tel ayırıb, basdı turunc məmələrin üstünə. Dedi:
De, sən handa, bura handa,
Adı bəlli xan Eyvazım?!
Misri qılınc durmaz qında,
Adı bəlli xan Eyvazım!
Coşar dəli könül, coşar,
Coşuban həddindən aşar,
Xan tərpənər, qoşun qaçar,
Adı bəlli xan Eyvazım!
Bəlkə gəlmisən sorağa,
Daşın atılar irağa,
Hürü aparsın otağa,
Adı bəlli xan Eyvazım!
Söz tamama yetişdi. Aldı Eyvaz onun cavabında dedi:
Uzaq ellərdən gəlmişəm,
Dindirmə, məni dindirmə!
Yarı mənzildə qalmışam,
Dindirmə, məni dindirmə!
Mən bülbüləm, gülüm alam,
O dərddən saralıb, solam,
Bir ağası itmiş qulam,
Dindirmə, məni dindirmə!
Seçərəm sultanı, xanı,
Axıdaram qızıl qanı,
Eyvaz, qoç Koroğlu hanı?
Dindirmə, məni dindirmə!
İndi eşit Koroğludan. Külüngçülər minarənin dibini o qədər qazmışdırlar
ki, minarə az qalırdı yıxılsın. Koroğlu işi belə görüb, düşüb
lap aşağıda kəsmişdi minarənin qapısını. Elə bu dəmdə bir də qulağına
bir səs gəldi. Diqqətlə qulaq verib gördü oxuyan Eyvazdı. Hər şey
yaddan çıxdı. Nə qorxu qaldı, nə hürkü. Dik çıxdı minarənin başına.
Sevindiyindən bir dəli nərə çəkib dedi:
Şükür olsun bir Allaha,
Bu gələn Eyvaz səsidi.
Məni yadına salıbdı,
Bu gələn Eyvaz səsidi.
Girər meydana xan kimi,
Dolar gözləri qan kimi,
Bir alıcı tərlan kimi,
Bu gələn Eyvaz səsidi.
İndi bağladar qolunu,
Qırar sağını, solunu,
Yada salıb Koroğlunu,
Bu gələn Eyvaz səsidi.
Koroğlu hələ sözünü tamam eləməmişdi ki, şəhərdə vurhavur
qopdu. Ərəb Reyhan belə baxanda gördü vallah, budu, bir dəstə siyirməqılınc
atlı elə gəlir, elə gəlir ki, elə bil bir dəstə tərlandı ördəyə,
qaza gəlir. Tez keçdi meydanın bu biri tərəfinə ki, qoşun böyüklərini
çağırsın. Baxdı ki, bir belə dəstə də bu tərəfdən gəlir. Belə dönəndə
gördü budu, bir dəstə atlı da bu biri küçədə, olar bir üç yüz-dörd yüz
əskəri qatıb qabağına qarqa-quzğun kimi qova-qova gətirir. Ərəb
Reyhan özünü itirdi. Bilmədi nə eləsin. Elə bu dəmdə Qars paşasının
qoşun böyüyü özünü yetirdi ki:
– Nə durubsunuz? Dəlilər şəhərə ətdən divar çəkiblər. Başınızın
çarəsini eləyin.
Ərəb Reyhan dedi:
– Görürəm. Qoy gəlsinlər. Sən qoşunu hazır saxla! Elə ki, onlar
gəlib buraya doldular, sən dallarını kəs!
Qoşun böyüyü dedi:
– Nə dallarını kəs? Bunlar nədi ki? Beş-altı min dəli şəhərin
ətrafını tutub. Bunlar elçilərdi belə gəlirlər.
Ərəb Reyhan baxdı ki, bir su içim saatda dəlilər meydanın ətrafını
aldılar.

 

(III hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR