Slimfit
  1. ƏDƏBİYYAT

Koroğlu - Koroğlu dastanı/Hasan paşanın Çənlibelə gəlməyi (I hissə)

Koroğlu - Koroğlu dastanı/Hasan paşanın Çənlibelə gəlməyi (I hissə)
Sakura

Koroğlu - Koroğlu dastanı/Hasan paşanın Çənlibelə gəlməyi (I hissə)

Qasid qasidin dalına düzülmüşdü. Xotkara gündə bir xəbər gəlib çatırdı. 

Özü də bir-birindən qara, bir-birindən bəd xəbərlər:

Bolu bəyin ölməyi, Ərəb Reyhanın ölməyi. 

İndi də xəbər gəlib çatmışdı ki, Koroğlunun oğlu tapılıb gəlib. 

Özü də necə oğul? Elə bir bundan hesabını apar ki, Koroğlunun özünü iki dəfə yıxıb.

Bu xəbəri eşidəndən sonra xotkarın əli lap yerdən-göydən üzüldü.

Tez bir qasidi bir namə ilə göndərdi Hasan paşaya ki, “gərək əlində
yağ da daşsa, qoyub özünü mənə yetirəsən”.
Hasan paşa namədən hali olub qaldı mat-məəttəl ki, necə eləsin?
Getsin, necə getsin? Getməsin, necə getməsin. Çox götür-qoydan sonra
baxdı ki, getməkdən başqa çarəsi yoxdu. Tədarük görüb, İstanbula
yola düşdü.
Xotkar Hasan paşanı görcək, elə birinci sözü bu oldu:
– Hasan paşa, bir mənə de görüm, nəyi gözləyirsən? Gözləyirsən
Koroğlu gəlib səni Toqatda, məni də İstanbulda öldürsün?!
Hasan paşa dilini saldı işə. Min yerdən min bəhanə gətirdi. Ancaq
heç biri bir quruşa dəymədi. Xotkarın axırıncı sözü bu oldu ki:
– Hasan paşa, bilmirəm. Sənə qırx gün möhlət verirəm. Ya budu
ki, gərək Çənlibeli dağıdıb, Koroğlunun başını gətirəsən, ya budu ki,
qırx birinci gün sənin özünü dar ağacından asdıracağam.
Hasan paşanın qüdrəti qalmadı ki, bircə kəlmə kəsə. Ordan durub,
birbaş gəldi Toqata. Qoşun böyüklərini yığıb başladı hazırlığa. İndi
Hasan paşa burada hazırlaşmaqda olsun, sənə deyim aşıq Cünundan.
Aşıq Cünun bütün bu şeylərin hamısını cikindən bikinə kimi əl
altından öyrənib, daban aldı Çənlibelə. Əhvalatı, necə ki, biz bilirdik,
eləcə Koroğluya danışdı. Koroğlu dedi:
– Eybi yoxdu. Siz öz işinizdə olun! Qoyun gəlsin. Hasan paşa ilə
də burada görüşərik.
Bu sözdə Dəli Həsən yeridi qabağa dedi:
– Koroğlu, özünə çox da arxayın olma. Buna Hasan paşa deyərlər.
Bu nə Bolu bəyə bənzəməz, nə də Ərəb Reyhana. Qoy biz də hazırlaşaq.
Dəlilər də, xanımlar da hamısı Dəli Həsənin fikrini bəyəndilər.
Axırda belə oldu ki, Dəli Həsən dəlilərin üç min say-seçməsini ayırıb,
Çənlibelin Toqat baxarındakı bəndərləri tutdu. Başladılar Hasan paşanı
gözləməyə.
Bir gün keçdi, beş gün keçdi, on beş gün keçdi, Hasan paşadan
xəbər çıxmadı.
Günlərin bir günü səhər tezdən Koroğlu bir də baxdı ki, budu,
keşikçi bir adam gətirir. Gəlhagəl, gəlhagəl, Koroğlu baxdı ki, bu adam
elçi paltarındadı. Soruşdu:
– Kimsən? Nə istəyirsən?
Elçi ədəb salamını yerinə yetirib dedi:
– Qoç Koroğlu, mən sənin dostun Ələmqulu xanın qasidiyəm.
Gəlmişəm sənə xəbər verəm ki, Ələmqulu xan öz başının adamları ilə
sənə qonaq gəlir.
Koroğlu dedi:
– Xoş gəlir, səfa gətirir. Hər kim mənə qonaq gəlsə, gözümün
üstündə yeri var.
Ondan Dəmirçioğlunu, Eyvazı, bir də Gürcüoğlu Məmmədi çağırdı
ki:
– Tez olun, hazırlıq görün! Gərək Ələmqulu xanı elə qarşılayaq ki,
Gürcüoğlu Məmmədin, bir də Ruqiyə xanımın başı aşağı olmasın.
Hazırlıq başlandı. Qoyun kəsən kim, ocaq yandıran kim, atını
tumarlayan kim, elə oldu ki, elə bil Çənlibel toya hazırlaşır. Koroğlu
tez bir adam qaçırtdı Dəli Həsənin yanına ki, bəs əhvalat belədi.
Qonaq gəlir. Tez gəlsin. Ondan üzünü tutdu elçiyə ki:
– Yaxşı, xan nə vaxt gələcək?
Elçi dedi:
– Qoç Koroğlu, xan gəlib. Mən onları Çənlibelin üç ağaclığındakı
bulağın başında qoyub gəldim. Dedilər ki, biz Koroğlunu burada
gözləyəcəyik.
Koroğlu qalxdı ayağa ki:
– Evin yıxılsın, bəs səhərdən niyə bunu mənə demirsən? Kişinin
yanında biabır olduq. De görüm, neçə nəfərdirlər?
Koroğlu hay vurdu yeddi yüz dəli atlansın. Özü də Dəli Mehtəri
səslədi ki, Qıratı gətirsin. Bəli, dəlilər atlandı. Qırat gəldi. Koroğlu
ayağını qoydu üzəngiyə ata minsin, nə fikirləşdi, nə fikirləşmədi,
birdən üzünü Bəlli Əhmədə tutub dedi:
– Bəlli Əhməd, mən qayıdınca o elçinin əlinə-ayağına zəncir
vurub, göz altında saxlarsan.
Bəlli Əhməd “baş üstə” deyib, o saat bir ağır kotan zəncirini saldı
elçinin boynuna. Elçi işi belə görəndə qışqırdı.
– Bu nədi? Mən bu saat gedib xana deyəcəyəm. Qonağın elçisini
də zəncirə vurarlar?
Bəlli Əhməd dedi:
– Ayə, narahat olma! Bu bizim qaydamızdı. Elə ki, Koroğlu qayıdıb
gəldi, ondan sonra səni lap yuxarı başda oturdacağam.
Elçi başladı dartınıb-çırpınmağa ki:
– Mənə heç bir şey lazım deyil. Bu saat məni buraxın, mən çıxıb
gedirəm.
Koroğlu nə fikirləşdi, nə fikirləşmədi, birdən misri qılıncı çəkib
cumdu elçinin üstünə, tutdu onun boğazından ki:
– Bu saat de görüm, sən kimsən? Buraya nəyə gəlmisən? Yoxsa
başını bədənindən ayıracağam.
Elçi işi belə görəndə düşdü Koroğlunun ayaqlarına ki:
– Amanın bir günüdü, Koroğlu! Bir qələtdi eləmişəm əcdadım ilə.
Mənə yazığın gəlsin. Bir sürü külfətim var. Aman ver, deyim.
Koroğlu dedi:
– Amandı de! Amma yalan desən, vay halına!
Elçi dedi:
– Vallah-billah, bircə kəlmə yalan desəm, hər nə bilirsən elə!
Necə ki, var, düzünü deyəcəyəm. Amma gərək söz verəsən ki, məni
buraxacaqsan.
Dəlilər, xanımlar hamısı mat-məəttəl qaldılar ki, görəsən bu nə
sirrdi. Koroğlu dedi:
– Dedim sənə ki, amandasan. Danış!
Elçi başladı ki:
– Can Koroğlu, mən səhərdən hər nə demişəmsə hamısı yalandı.
Mən heç bilmirəm ki, Ələmqulu xan kimdi. Məni buraya göndərən
toqatlı Hasan paşadı. Budu, on beş min qoşun ilə gəlib sənin üstünə.
Bu adla istəyir ki, səni aparıb qabaqca özünü tuta, sonra da Çənlibelə
yeriş eləyə.
Koroğlu qayıdıb oturdu, dedi:
– Yaxşı, bəs qoşun hardadı?
Elçi dedi:
– Biz buraya axşam çatmışıq. Gecə ilə qoşunu bəndərgahlarda gizlədib,
özü yüz-yüz əlli adamla səni bulaq başında gözləyir.
Koroğlu getdi fikrə. Elə bu dəmdə Dəli Həsənin dalınca gedən
adam başı lovlu gəldi ki:
354
– Hər yeri ələk-vələk elədim. Nə Dəli Həsən var, nə də dəlilər..
Bütün bəndərgahlar da boşdu.
Koroğlu qalxıb tutdu onun boğazından ki:
– Sən nə danışırsan?
Dəli dedi:
– Can Koroğlu, məni niyə öldürürsən? Mən işin olanın sənə
deyirəm. İnanmırsan adam göndər, yoxlatdır.
Tez dəlilərdən bir neçəsini göndərdilər. Xəbər gəldi ki, bəs deyilən
doğrudu. Nə Dəli Həsən var, nə də ki, dəlilər. Koroğlunun gözləri
döndü qan çanağına. Elə oldu ki, day bir adam cürət eləyə bilmədi
ağzını açıb bir kəlmə dinə. Nigar xanım işi belə görəndə durub gəldi
qabağa. Dedi:
– Koroğlu, belə dayanmaqdan bir şey çıxmaz. Olan olub. İndi bir
tədbir görmək lazımdı. De görək, nə eləyək. O necə deyərlər, düşmən
kəsib qapının ağzını.
Koroğlu elə bil yatmışdı, oyandı. Durdu ayağa. Amma durdu, nə
durdu. Elə qalxdı ki, elə bil Qaf dağı gurultu ilə yerindən oynadı. Elə
bircə bunu dedi ki:
– Neynək. Qoy olsun.
Sonra üzün Eyvaza tutdu, dedi:
– Dəlilərdən iki min götürüb kəsərsən bəndərgahları. Onu-bunu
bilmirəm. Çənlibelə bir adam buraxsan, başını özüm kəsəcəyəm.
Ondan döndü Dəli Mehtərə, dedi:
– Dəlilərdən yetmiş nəfər götür. Hasan paşanın qabağına gedəcəyik.
Koroğlunun bu sözündən dəlilər qaynamağa başladılar. Koroğlu
baxdı ki, dəlilər buna razı deyillər. Amma qorxudan da bir adam cürət
eləyə bilmir ki, danışsın, dedi:
– Tez olun! Gərək Hasan paşa başa düşməsin ki, biz onun işdəklərini
bilmişik.
Sonra üzünü tutdu Dəmirçioğluya, dedi:
– Qorxmursan ki?
Dəmirçioğlu güldü, dedi:
– Can Koroğlu, sən rüsxət ver, onları kotan zənciri ilə Toqatacan
qovlayım. Qorxmaq nədi?
Koroğlu dedi:
– Hazırla zəncirini! Yerdə qalan dəlilərin hamısını götürüb kəsərsən
Yağı qoruğunun bəndərini. Elə ki, mən dava başladım, özünü
vurarsan qoşuna. Ya budu gərək hamımız qırılaq, ya budu gərək
Çənlibelə düşmən ayağı dəyməyə. Amma dəstənin içinə qorxaq adam
buraxma. Araya pərxaşlıq salar.
Qərəz, Koroğlu elə ki, deməlisini dedi, tapşırılmasını tapşırıb qurtardı,
atı mindi, Dəli Mehtəri də yetmiş dəli ilə götürüb düzəldi yola.
Çənlibel dəydi bir-birinə. Eyvaz hay vurdu, iki min dəli belə ayrıldı.
Dəmirçioğlu hay vurdu, iki min dəli belə ayrıldı. İşi belə görəndə
xanımlar da qalxdılar ayağa. Qılınc götürdülər, altdan geyinib üstdən
qıfıllandılar. Eyvaza qoşulub bəndərgahlara çıxdılar. İndi hərə öz
işində olsun, bir görək Koroğlugil nə elədilər.
Koroğlu dəlilər də yanında gəlib çatdı elçinin dediyi bulağın yanına.
Koroğlu elə gedirdi ki, guya heç bir şeydən xəbəri yoxdu. Bulağa bir
az qalmış baxdı ki, budu necə elçi demişdi, olar yüz, yüz əlli adam
əyləşiblər burada. Elə ki, Koroğlugili gördülər, hamısı qalxdılar ayağa.
Koroğlu da gəlib çatdı. Ucadan bir xoş gəldin eləyib soruşdu:
– Bəs hanı xan?
– Koroğlu, xan yoxdu, gələn paşadı. Sənə mən zəhmət vermişəm.
Ancaq məni gərək bağışlayasan. Mən qorxdum ki, sən gəlməyəsən,
odu ki, sənin dostun Ələmqulu xanın adını verdim.
Koroğlu dedi:
– Gəlmisən, lap yaxşı eləmisən. Qonaq ki var, bizim əzizimizdi,
iki gözümüzdü. Buyurun gedək! Hamınıza gözümüz üstə yer var.
Hasan paşa dedi:
– Əziz olasan. Mən elə bilməsəydim, heç Toqatdan durub buraya
gəlməzdim. Mən bilirdim ki, sən mərd adamsan. Məni bu qoca vaxtımda
başı aşağı eləməzsən.
Koroğlu dedi:
– Allah eləməsin. Başı aşağı düşmənin olsun. Buyurun gedək!
Ayə, Dəli Mehtər qonaqlara yol göstər!
Hasan paşa dedi:
– Yox, Koroğlu, gəl elə biz söhbəti indi buradaca eləyək. Eybi
yoxdu. Elə getmiş kimi varıq. Vaxt olar, inşallah Çənlibelə də gedərik.
Bir də mən Çənlibelə belə getmək istəmirəm. Oraya, Allah qoysa,
mən gərək başqa cür gedəm.
Koroğlu hərifin sözlərini başa düşdü. Ürəyində dedi: “Ay sənin o
meyidini görüm. Allah qoysa səni Çənlibelə mən öz istədiyim kimi
aparacağam”.
Koroğlu Hasan paşa ilə danışa-danışa ətrafa nəzər yetirdi. Gördü
qoca tülkü qoşunu elə gizlədib ki, bir nəfərinin də başı görsənmir.
Hasan paşa dedi:
– Düş, Koroğlu! Düş, elə söhbətimizi bu bulağın başında eləyək.
Koroğlu bir yoldaşlarına baxdı, başa düşdü ki, heç kəs onun atdan
düşməyinə razı deyil. Heç, əslinə baxsan, belə yerdə atdan düşmək
ağıllı iş də deyildi. Amma ki, Koroğlu bunu öz qeyrətinə sığışdıra
bilmədi. Fikirləşdi ki, əgər atdan düşməsəm, deyərlər qorxdu. Odu ki,
elə birdən aşırılıb atdan düşdü, yüyəni Dəli Mehtərə verib, özü Hasan
paşanın yanına gəldi. Koroğlu elə cəld atdan düşdü ki, dəlilər heç bir
şey eləyə bilmədilər. Durub gözləməyə başladılar.
Bəli, elə ki, Koroğlu ilə Hasan paşa bulağın başında qabaq-qabağa
əyləşdilər, Hasan paşa sözə başlayıb dedi:

 

(II hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR