Slimfit
  1. ƏDƏBİYYAT

Koroğlu - Koroğlu dastanı/Durna teli (II hissə)

Koroğlu - Koroğlu dastanı/Durna teli (II hissə)
Sakura

Koroğlu - Koroğlu dastanı/Durna teli (II hissə)

Dəli Həsən dedi:
– A kişi, bir dayan görüm, belə haraya gedirsən?
Kişi cavab verdi ki:
– Çöldə biçinçilərimiz var, onlara çörək aparıram. Nə sözün var,
tez ol de tələsirəm. Gərək tez qayıdam şəhərə.
Dəli Həsən dedi:
– Yaxşı, şəhərdə nə var ki belə? Xeyir ola.
Kişi dedi:
– Aslan paşa bu gün Koroğlunun üç dəlisini asdıracaq. Böyük
şadyanalıq olacaq. İndi tələsirəm ki, tez o şadyanalığa çata biləm.
Dəli Həsən kişidən elə bu sözü eşitcək əlini atıb kişinin xırtdəyindən
tutub dik atın üstündən götürdü. Elə eləcə gətirdi Koroğlunun
hüzuruna. Koroğlu baxdı ki, kişi çoxdan cəhənnəmə vasil olub.
Soruşdu ki:
– Bunu niyə boğdun?
Dəli Həsən əhvalatı danışdı. Koroğlu baxdı ki, demək bu gün Eyvazgili
doğrudan da asacaqlar. Ürəyi qəzəblə dolub aldı, görək nə dedi:
Uca-uca dağ başında
Yaz bir yana, qış bir yana.
Titrəşir ağzım içində,
Dil bir yana, diş bir yana.
Nə edək, dəlilər, edək!
Düşmənin bağrını didək!
Xan Eyvaza kömək edək!
Dörd bir yana, beş bir yana.
Hər nə oldu mənə oldu,
Qaynadı paymanam doldu,
Gördün ki, düşmən güc gəldi,
Qov bir yana, qaç bir yana.
Koroğlunun yox əlacı,
Misirdən gəlir xəracı,
Çəkəndə Misri qılıncı,
Leş bir yana, baş bir yana.
Koroğlu dəliləri dörd bir-beş bir elədi. Dedi:
– Camaata qarışın, şəhərə girin. Amma ta ki, mən əllərimi bığıma
çəkməmiş, davaya başlamayın.
Koroğlu bunu deyib özü tək başına çiynində də saz şəhərə girdi.
Bu burada qalsın, sənə kimdən deyim, Aslan paşadan.
Aslan paşa dar ağacı qurdurmuşdu. Dəliləri də dar ağacının yanına
gətirtmişdi. Cəllad qabaqca Eyvazı dar ağacına gətirdi. Qollarını çırmalayıb
ipi hazırlamağa başladı. Dəmirçioğlu işi belə görəndə gözlərini
yaş tutdu, aldı, görək nə dedi:
Hanı mənim qoç Koroğlum,
Gələ girə bu meydana!
Çəkəndə Misri qılıncı,
Qəbzəsi qana boyana!
Qırat bir burdan atıla,
Müxənnət, ölkən çapıla!
Koroğlu burda tapıla,
Hərəniz qaça bir yana!
Dəmirçioğlunu dindir,
Suçunu boynuna mindir,
Biz iki dəlini öldür,
Gəl, sən qıyma Eyvaz xana!
Dəmirçioğlu sözünü tamam eləyəndə Koroğlu gözləri qızmış özünü
meydana saldı. Aslan paşa da meydanda idi. Koroğlunun çiynində saz
görüb dedi:
– Əyə, aşıqsanmı?
Koroğlu dedi: – Aşığam.
Aslan paşa dedi:
– Onda Koroğlunun dəlilərini asdırmaqdan qabaq bir oxu, kefimiz
açılsın.
Koroğlunun başında gələn dəlilər adamların arasında idi. Dava
başlamaq üçün Koroğlunun işarəsin gözləyirdilər. Hamısı elə idilər ki,
dodaqlarını gəmirib, bığlarını çeynəyirdilər. Koroğlu dəlilərə baxıb
götürdü, görək nə dedi:
Dəlilərim, bu gün dava günüdü,
Müxənnəs ölkəsi talanmaq gərək!
Qoç iyidlər yarasından bəllənər,
Şərbət tək qanını yalanmaq gərək!
Mərd iyidlər nərə çəksin davada,
Şahin kimi şikar tutsun yuvada,
Misri qılınc cövlan vursun havada,
Bağırsaq cəmdəyə dolanmaq gərək!
Koroğlu içəndə düşmən qanını,
Mərd meydanda nərəsindən tanını,
Qırın vəzirini, tutun xanını,
Leş-leşin üstünə qalanmaq gərək!
Aslan paşa dedi:
– Ay aşıq, sən elə ölüb öldürməkdən deyirsən. Bu nədi? Niyə
qışqırırsan? Bir az alçaqdan oxusana!
Koroğlu Aslan paşanın cavabında dedi:
– Qulas as, oxuyum.
Acığından qan Koroğlunun beyninə vurmuşdu, gözləri qıpqırmızı
qızarmışdı. Dar ayağında dayanan Eyvaza baxıb aldı görək nə dedi:
Canım paşa, gözüm paşa,
Paşa qoy, gəlsin Eyvazı!
Budu sana sözüm paşa,
Paşa, qoy gəlsin Eyvazı!
Göydən ildırım tökdürrəm,
Yurdunda bostan əkdirrəm,
Torpağın dağa çəkdirrəm,
Paşa, qoy gəlsin Eyvazı!
Əyləşib paşalar, bəylər,
Sinəmdən baş verib millər,
Koroğlu iltimaz eylər,
Paşa, qoy gəlsin Eyvazı!
Koroğlu oxumağında olsun, paşa da qulaq asmağında, sənə kimdən
xəbər verim, Giziroğlu Mustafa bəydən. Bağdad tərəfindən Giziroğlu
Mustafa bəy adında bir iyid var idi. Giziroğlunun başında da qırx
atlısı var idi. Özü də Koroğlu ilə düşmən idi. Atalar deyiblər ki, iki
qoçun kəlləsi bir qazanda qaynamaz. O iyid, bu iyid. Giziroğlu Mustafa
bəy çoxdan idi ki, başının atlılarıyla bərabər o dağ sənin, bu dərə
mənim Koroğlunu axtarırdı. Onunla dava eləmək istəyirdi. Birdən
xəbər çıxdı ki, bəs Aslan paşa Koroğlunun üç dəlisini tutub özlərini də
bu gün asdıracaq. Bu iş Giziroğluna xoş gəlmədi. Bir hay vurub
dəstəsini başına yığıb dedi:
– Aslan paşa Koroğlunun üç dəlisini tutub, bu gün dara çəkdirəcək.
Mən Koroğluynan düşmənəm. Bu öz yerində, amma Aslan paşanın bu
namərdliyinə yol verə bilmənəm. Gedək onları qurtaraq.
Giziroğlu bilmirdi ki, Koroğlu özü də Bağdada gəlib. Dəstəsini
götürüb şəhərə gəldi, gəlib meydandan bir az aralı dayandılar. Baxdı
ki, Koroğlu aşıq paltarında məclisdədi. Dayanıb baxmağa başladı. Bu,
burada qalsın sənə kimdən deyim sədrəzəmdən. Aslan paşanın
sədrəzəmi Koroğludan şübhələnmişdi. Ağzını Aslan paşanın qulağına
yapışdırıb dedi:
– Paşam sağ olsun, bu adam ya Koroğludu, ya da ki... elə Koroğludu
ki, var.
Aslan paşa heç ona baxmayıb dedi:
– Əşi, sən də... Koroğlu burada nə qayırır. Qoymazsan oxusun.
Giziroğlu Mustafa bəy baxdı ki, gün keçir, amma Koroğlu elə
məclisdə gəzib oxuyur. Fikirləşdi ki, bəlkə Koroğlunun dəliləri hələ
gəlib çıxmayıb, tək dava eləməkdən qorxur. Gün yubadır. Qoy burada
olmağımı ona bildirim.
Giziroğlu Mustafa bəy şeşpərini əlinə aldı, nişan edib atdı. Şeşpər
gəlib məclisin yanındakı məscidin gümbəzinə dəydi. Paşa dik ayağa
qalxıb çığırdı ki:
– O nədi? Onu kim atdı?
Koroğlu baxdı ki, sədrəzəm əkilmək istəyir. Tez sazı döşünə basıb
paşaya dedi:
– Paşa qulaq as!
Laf eyləmə, Aslan paşa,
Sədrəzəm qaçdı sandım.
Havadakı humay quşlar
Yuvasından uçdu sandım.
Meydanda iyidlik satdı,
Gəlmədi, günü yubatdı,
Giziroğlu şeşpər atdı,
Şeşpər yerə keçdi sandım.
Koroğluyam, bilməm nədən,
Qara bağrım oldu zədən,
Eyvazdımı dara gedən?
Yaralarım deşdi sandım.
Elə ki, Koroğlu sözünü deyib qurtardı, bir dəlilərə baxıb dedi:
Hoydu, dəlilərim hoydu,
Yeriyin meydan üstünə!
Havadakı şahin kimi,
Tökülün al qan üstünə!
Qoyun bədöylər kişnəsin,
Misri qılınclar işləsin,
Kimi tənab qılınclasın,
Kiminiz düşman üstünə!
Koroğlu çəkər haşını,
Bəylər elər tamaşanı,
Mən özüm Aslan paşanı,
Hərəniz bir xan üstünə.
Koroğlu oxuya-oxuya əlini bığına çəkdi. Dəlilər hər tərəfdən əli
qılınclı töküldülər. Dava başlandı. Ara qızışmışdı, hər dəli birinin üstünə
yeridi. Koroğlu Aslan paşanın üstünə hücum elədi. Dəlilər də qoşunun
üstünə töküldülər. Koroğlu Misri qılıncı çəkib Aslan paşanın boynunu
vurub yerə saldı. Dəlilər tənabları qılıncladılar. Eyvazın, Dəmirçioğlunun,
Bəlli Əhmədin qollarını açdılar. Dəmirçioğlu dar ağacının birini
çıxartdı, əlinə alıb özünü düşmən qoşununa vurdu. Xan Eyvazla Bəlli
Əhməd də qoşuna cumdular. Dava bir qızışdı, bir qızışdı ki, ruzigarın
gözü belə dava görməmişdi.
İyidlər vuruşdu, qorxaqlar qaçdı. Mərdlə namərd seçildi, mərd
oğul bəsləyən anaların başı ucaldı, namərd bəsləyən analar yerə girdi.
Davanın şirin yerində Giziroğlu Mustafa bəy öz dəstəsi ilə gəlib çatdı.
İki tərəfdən Aslan paşanın qoşununu araya aldılar. Qoşundan qırılan
qırıldı, qaçan qaçdı, dağıldı.
Düşmən basılandan sonra Giziroğlu başında dəstəsi geri qayıtdı.
Bu tərəfdən Koroğlu özünü paşanın xəzinəsinə yetirdi. Bir təpik vurdu,
xəzinənin qapısı taybatay açıldı. Koroğlu bir də baxdı ki, biçinçi qoca
əlində bir xurcun kəsdirib xəzinənin qapısını.
Koroğlu dedi:
– Qoca, gir xəzinədən xurcununu doldur apar.
Tay qocanın halını soruşma. Özünü xəzinənin içinə salıb xurcununu
xırcım-xırcım doldurub düzəldi yola.
Elə ki, dava qurtardı, hamısı birlikdə kefləri saz, damaqları çağ
atlanıb Çardaxlı Çənlibelə yola düşdülər. Koroğlu bilirdi ki, Giziroğlu
Mustafa bəy elə belə çıxıb getməyəcək. Hökman onun yolunu
kəsəcək, onunla vuruşacaq, özü də dəlilərin yanında. Çünki bilirdi ki,
Giziroğlu mərd adamdı. O ancaq Koroğlunun özü ilə haqq-hesab
kəsmək istəyir. Yoxsa əslində onunla düşmənçiliyi yoxdu. Odu ki,
qəsdən dəlilərindən geriyə qalmışdı. Qıratı bir çay qırağı ilə yavaşyavaş
sürürdü. O tərəfdən də Giziroğlu Mustafa bəy doğrudan da
Koroğlunun yolunu kəsmişdi. Koroğlu gəlib onun yanına çatmağa az
qalmışdı. Qırat kişnəyib götürüldü.
Giziroğlu Mustafa bəy Alapaçanı onun dalına saldı. Qırat Alapaçanın
səsini eşitcək yerindəcə dayandı. Koroğlu dönüb Giziroğlunu
yanında gördü. Koroğlu həmhuş eləyib əl açana qədər Giziroğlu onun
başından bir əmud elə vurdu ki, Koroğlu atdan birbaş yaxındakı çaya
yıxıldı. Giziroğlu sıçrayıb yenə də onun başının üstünü aldı. Koroğlu
çaydan çıxdı. Giziroğluna əl verdi. Sonra atını minib dinməz-söyləməz
yoluna davam elədi. Bir az gedib dəlilərə çatdı. Amma bu işi yolda
dəlilərə açmadı. Atları sürüb gəldilər Çənlibelə çatdılar. Koroğlu
Qıratdan, dəlilər də öz atlarından töküldülər. İçki məclisi quruldu.
Dəlilər oturub kefə başladılar. Bunlar kefdə olsunlar, sənə kimdən
deyim, Giziroğlundan. Giziroğlu elə ki, öz adamlarının yanına qayıtdı,
hamısı dedilər ki, Koroğludan qorxub qaçıbsan. Giziroğlu nə qədər
dedi ki, qorxmamışam, vuruşduq. Ancaq nə o məni basa bildi, nə də
mən onu. Dəstə inanmadı. Axırda Giziroğlu hrslənib dedi:
– İnanmayırsınız gedək Çənlibeldə bir də vuruşaq. Özünüz görün.
Hamısı birlikdə Çənlibelə gəldilər. Amma Giziroğlunun fikri bu
idi ki, Koroğlu ilə vuruşanda elə eləsin heç birisi basılıb xar olmasın.
Bəli, elə ki gəlib Çənlibelə çatdılar, baxdılar ki, məclis qurulub. Dəlilər,
xanımlar, Koroğlu özü hamı kefə məşğuldu, Giziroğlu öz adamlarına
dedi:
– Bu kefi pozmaq namərdlikdi. Gəlin gözləyək, qurtarsınlar, sonra.
Hamı razılaşdı. Bir tərəfdə durub gözləməyə başladılar.
Nigar xanım Eyvazı sağ yanında əyləşdirmişdi. Bilmirdi ki, oğlunu
ölümdən qurtardığına görə Koroğluya necə razılıq eləsin. Baxıb-baxıb
dedi:
– Ay Koroğlu, sən ki, belə iyidliklər göstərirsən, görən bu dünyada
sənin kimi iyid tapılarmı?
Koroğlu bir fikirləşdi, aldı, görək nə dedi:
Analar oğul doğubdu,
Giziroğlu Mustafa bəy.
Bu dünyaya tək gəlibdi,
Giziroğlu Mustafa bəy.
Nizəsinin ucu qanlı,
Dəliləri dəmir donlu,
Bir igiddi adlı-sanlı
Giziroğlu Mustafa bəy.
Bir atı var Alapaça,
Aman vermir Qırat qaça,
Nizəsinin ucu haça,
Giziroğlu Mustafa bəy.
Bir atadan kaş olaydıq,
Bir-birindən xoş olaydıq,
Doğmaca qardaş olaydıq,
Giziroğlu Mustafa bəy.
Hay geyəndə haya basar,
Huy deyəndə huya basar,
Koroğlunu çaya basar,
Giziroğlu Mustafa bəy.
Giziroğlu Mustafa bəy Koroğludan bu sözü eşidib başının adamları
ilə onun yanına gəldi.
Dedi:
– Koroğlu, sən doğrudan da Koroğlusan. Mərd iyidsən, bu gündən
sonra arada olan düşmənçiliyi atdım, səninlə qardaş oldum. Başımdakı
dəstəmlə sənin dəlilərinə qarışdım. Əl ver, düşməninlə düşmən, dostunla
dostam.
Koroğlu ilə Giziroğlu bir-birlərinə əl verdilər. O gündən dost
oldular.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR