Könül Nurullayeva: “Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı tarixində ilkə imza atıldı”
“Azərbaycan pandemiya şəraitində də qlobal həmrəyliyə, eləcə də dövlətlər arasında təmasların möhkəmlənməsinə töhfəsini davam etdirir”.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupu formatında “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən zirvə görüşünün təşkili, eyni zamanda orada səslənən fikirlər bunu bir daha təsdiq etdi:
“Nəzərə alsaq ki, Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisatdır, o zaman tam əminliklə söyləmək olar ki, bu nüfuzlu quruma sədrlik ilk növbədə etimad və ölkəmizin qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin növbəti nümunəsidir. Ötən il Hərəkata sədrliyi öz üzərimizə götürərkən cənab Prezident bəyan etmişdi ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaq. Pandemiyanın dünyanı ciddi sınaqlar qarşısında qoyduğu bir vaxtda, qlobal əməkdaşlığa ehtiyac duyulduğu bu həssas məqamda məhz bu zirvə toplantısının təşəbbüskarı qismində çıxış etməklə Azərbaycan növbəti dəfə həmin prinsiplərə sadiqliyini nümayiş etdirdi. Bu səbəbdən yekun bəyannamədə də bu toplantı Azərbaycan Prezidentinin dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsü kimi xarakterizə olunur”.
Deputat vurğulayıb ki, videokonfrans vasitəsilə keçirilən zirvə toplantısında Azərbaycan Prezidentinin “özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik” çağırışı görüş iştirakçıları tərəfindən də yüksək səviyyədə dəstəklənib:
“Azərbaycanın bu çağırışı və könüllü maliyyə yardımı, həmçinin pandemiyaya qarşı mübarizədə təqdim etdiyi standart sübut etdi ki, ölkəmizin təşəbbüsləri dünyada həmrəyliyin möhkəmlənməsinə xidmət edir. Bu toplantıda da Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtında və operativ şəkildə həyata keçirilən qabaqlayıcı tədbirlər nümunə kimi təqdir olundu. Prezidentin “Azərbaycan öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazırdır” söyləməsi isə bu çətin dövrdə qarşılıqlı dəstək çağırışı idi. Təsadüfi deyil ki, məhz Azərbaycanın sədrliyi dövründə hərəkatın tarixində ilkə də imza atıldı - Qoşulmama Hərəkatı ilə əks qütblərdə yer alan Avropa İttifaqının rəsmisinin zirvə görüşündə iştirakı və çıxışı baş tutdu. Bununla da bütün dövrlərdə olduğu kimi, qlobal pandemiyanın yaratdığı mürəkkəb şəraitdə, dünya ölkələrinin öz sərhədləri daxilində mürəkkəb çağırışlarla üz-üzə qaldığı vaxtda Bakı növbəti dəfə əks qütblərin birləşdiricisi rolunda çıxış etdi”.
Qeyd edək ki, mayın 4-də Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. Qoşulmama Hərəkatında 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, Zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında baş tutub. Zirvə görüşünün yekununda Bəyannamə qəbul edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət