Konstitusiya Məhkəməsi kreditlərlə bağlı qərar verdi
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, iclasda Mülki Məcəllənin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Mülki Məcəllənin 746-cı maddəsi istehlak kreditlərinə də şamil edilir. Həmin maddənin tələblərinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə uyğun olaraq, borc alanın əmlak vəziyyəti borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşdiyi təqdirdə, bank (borc verən) kreditin verilməsindən imtina edə bilər.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət