Kondisionerin faydaları və zərərləri
Hər il yay fəslinin yandırıcı istilərində insanlardan “hələ builki kimi isti olmamışıdı” cümləsini tez-tez eşidirik.
Hər kəs sərinləmək üçün kimin gücü nəyə çatdı, ventilyator, kondisioner kimi vasitələrdən istifadə edir.
Sərinləmək üçün istifadə etdiyimiz vasitələrin nə qədər faydası varsa, o qədər də zərəri var. Bu vasitələrin faydasını gördükdən sonra cəriməsini sağlığımızla ödəməli oluruq.
Biologiya elmləri doktoru Toqay Hüseynov bununla bağlı açıqlamasında xüsusiylə kondisionerlərin havanın vitamini, qaymağı hesab olunan aeroionları öldürdüyünü bildirdi. Onun sözlərinə görə, otaqda yüngül elektro-mənfi oksigen ionları var. Həmin aeroionlar dəniz kənarında, dağlıq ərazilərdə daha çox olur. Kondisoner işləyərkən həmin ionlar ölür. T.Hüseynov deyir ki, digər tərəfdən, kondisioner işlədikcə, ondan yavaş-yavaş otağa freon tipdə qaz buraxılır. Bu isə qapalı yerdə insana təsir edir. Buna görə də, kondisioner havasında uzun müddət qalmaq məsləhət deyil.
Bəs kondisionerin sağlamlığımıza vurduğu hansı zərərləri var?
Yuxarı tənəffüs yollarının infeksiyaları, revmatizmaya bağlı ağrılarda artış, immunitet sisteminin gücsüzləşməsi, bronxit, qrip, üz iflici, burunda quruluq, gözlərin içərisində quruluq kimi xəstəliklərin yaranmasına şərait yaradır. Təbii ki, bunların hansınınsa baş verməsi mütləq deyil, amma bu bir gerçəkdir ki, kondisioner küləyi altında nə qədər çox otursaq, özümüzü o qədər yorğun və taqətsiz hiss edərik.
Bütün bu zərərləri necə minimum endirmək olar?
Əlbəttə ki, bu zərərlərdən tamamilə yaxa qurtarmağımız mümkün deyil. Lakin deyilən qaydalara riayət etsək, zərərləri azalda bilərik.
İlk olaraq, evinizin ölçüsündə kondisioner almanız məsləhətdir. Daha sonra ən uyğun otaqda və ən uyğun istiqamətdə qoyulmalıdır, mümkünsə, qarşı tərəfdə olmasın. Cihazın baxımına diqqət yetirmək və hava süzgəcini vaxtlı-vaxtında təmizləmək əsas şərtdir. Mümkün olduqca, kondisionerdən fasiləli istifadə etmək lazımdır. Ara-sıra pəncərəni açıb otağın havasını dəyişmək gərəkdir. Əgər gecə də istifadə edəcəksinizsə, o zaman kondisionerinizi gecə rejiminə keçirməlisiniz. Sonda, kondsionerin işlədiyi otaqda siqaret çəkmək olmaz.
Lakin kondisioner nə qədər zərərli olsa da, onun faydalarını gizlədib, haqqını yemək də olmaz. Bəs onun faydalarına nələr daxildir?
Havadakı nəmi azaldır, süzgəci sayəsində otaqdakı havanı tez-tez təmizləyir, tərləməni azaldır, isti hava ümumiyyətlə insanı daha da gərginləşdirdiyini nəzərə alsaq, otağı sərinləşdirərək, gərginliyimizin azalmasına yardmçı olur.
Bütün bu qaydalara düzgün riayət etdiyimiz zaman həm canımız sağ qalar, həm də kondisionerimizin “ömrü” uzun olar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət