Slimfit
  1. AZƏRBAYCAN

Köhnə avtomobillərə qadağa qoyulsun

Köhnə avtomobillərə qadağa qoyulsun
Sakura

Köhnə avtomobillərə qadağa qoyulsun

Ramin Musayev yazır...

2019-cu ilin ilk rübündə ölkəmizə 2423 avtomobil gətirilib ki, bunlardan 1415 ədədinin (58 faiz) orta idxal dəyəri 4700 dollardır. Hələ bu harasıdır, bir tanışım deyir ki, gedirəm Almaniyadan “Renault Megane” gətirməyə, 1500 avroya alacağam. Deməli, avropalılar bu maşınlardan can qurtarmaq üçün “şor qiymətinə” onları satır.

Məsələ ondadır ki, Avropada avtomobil köhnələndən sonra onun utilizasiyası sahibinin hesabına edilir. Adam da həm bu pula qənaət edir, həm də xırda-mırda pul çıxarır. Bizimkilər də sevinir ki, ay can, ucuz maşın aldım. Buraxır taksiyə ki, pul qazansın.

Avropalılar köhnəlmiş avtomobillərdən canlarını qurtarırlar, həm də ölkələrinin ekologiyasına zərər vurmurlar. Bəlkə, bu məqaləni oxuyanda deyəcəklər ki, “özün, yəqin, bahalısını sürürsən, niyə qoymursan kasıb da maşın alsın”. Əvvəla, mən piyada gəzirəm və sağlamlıq üçün bunu təbliğ edirəm. İkincisi, köhnə maşınların qazını udan balalarımızın həmin o Avropa balalarından nəyi əskikdir? 

Son illər onkologiya və digər ağır xəstəliklərinin sayı durmadan, sürətlə artır. Bunun başlıca səbəblərindən biri də ekologiyadır. Özəlliklə şəhərdə hər ay avtomobillərin artan sayı atmosferə atılan zərərli tullantıların həcmini də artırır. 

İndi gəlin barmaqlarımızı qatlayıb gəlir və zərərləri hesablayaq. Deyək ki, ucuz qiymətə köhnə maşın aldıq. Sonra onu taksi kimi işlədib, pul qazanmağa cəhd etdik. Bu gün taksi o qədər ucuz olub ki, heç maşın almaq sərf eləmir. Mən maşınımı sataraq taksi və ictimai nəqliyyatdan istifadə edirəm. Həm də yanacaq, DYP cərimələri, təmir xərclərini (aşınmış, yəni köhnə maşında təmir xərcləri yüksək olur) hesablayanda, bəlkə, qəpik-quruş qala, ya qalmaya. Bəs itirdiyimiz nə olur? Uşaqlarımızın və bizim sağlamlığımız! Müalicəyə xərclədiyimiz pulu da hesab etsək, görün, nə qədər zərərdə oluruq?! Gələcək nəslin sağlamlığına vurduğumuz zərəri də göz önünə alsaq… Onlar bunu bizə bağışlamayacaq. Küçələrimizi metal qırıntılarından, havamızı ziyanlı tullantılardan təmizləmək gələcək nəsillər qarşısında borcumuzdur.   

Avtomobil sektorunda mövcud vəziyyət, problemlər və təkliflər - Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) toplantısının mövzusu məhz belə səslənirdi. Əslində, toplantıda çıxış edən iştirakçılardan birinin sözləri ilə desək, bu başlıq belə də ola bilərdi “… mövcud vəziyyət və rəsmi avtomobil idxalçılarının fəryadı!” 

Çərşənbə axşamı Azərbaycan Avtomobil Dilerlər Assosiasiyasının növbəti toplantısında oldum. Toplantıda rəsmi avtomobil dilerlərinin rəhbərləri, dövlət strukturlarının və avtomobil mediasının nümayəndələri iştirak edirdilər. Sözügedən toplantıda əhaliyə yeni avtomobillər almaq imkanı yaradacaq kredit, lizinq və başqa maliyyə sxemləri müzakirə olundu. Banklar assosiasiyası və dövlət orqanlarına yeni təkliflər hazırlanması müzakirə olundu. 

Aşağıda göstərilən rəqəmləri və faktları oxuyandan sonra yuxarıda yazdıqlarımla razılaşacaqsınız.

AADA adlanan ictimai birlik barədə məlumat vermək istərdim. Rəsmi avtomobil idxalçılarının ilk təşkilatlanmaq cəhdi hələ 1998-ci ildə baş tutmuşdu. Yenicə təsis konfransını gerçəkləşdirib, o vaxt dərc olunan “Avto+” qəzetinin baş redaktoru Natiq Zərbəliyevi sədr təyin etmiş AADA, elə həmin il ölkədə ilk avtomobil yürüşünü həyata keçirdi. 28 May Respublika gününə həsr olunmuş 850 km-lik yürüşün məqsədi Bakıda və regionlarda sivil avtomobil bazarını təbliğ etmək idi. Xatırlayırsınızsa, həmin illərdə avtomobillərin küçə-trotuar satışı inkişaf etmişdi, rəsmi diler və distribüterlər isə ilk addımlarını atırdı.

2002-ci ildə AADA “Caspian Motor Şou” adlı ölkədə ilk avtomobil sərgisini təşkil etdi. Maraqlıdır ki, bu forumun açılışı “Lider” TV vasitəsilə canlı yayımlanırdı. Bu il bu sərgi 17-ci dəfə keçiriləcək. Hər il avtoşou çərçivəsində Avtodilerlər Assosiyasiyasının “Qızıl çarx” mükafatı avtomobil sektorunun ən uğurlu nümayəndələrinə təqdim olunur, eləcə də, hər seqmentdə “İlin avtomobilləri” elan edilir. Ümumiyyətlə, AADA bu günə qədər bir sıra maraqlı layihələr həyata keçirib, bunlardan avto-retro sərgilər, “off-road” yarışları və 2008-ci ildə baş tutmuş “İlhamla İrəli!” genişmiqyaslı avtomobil yürüşünü nümunə gətirmək olar.

Lakin məlumdur ki, biznes-assosiyasiyalarının vəzifəsi təkcə sərgilər-yürüşlər təşkil etməkdən ibarət deyil. AADA-nın sədri Natiq Zərbəliyev söhbət zamanı dedi ki, “Avtomobil sektorunda çalışan biznes subyektlərinin fəaliyyətini koordinasiya etmək və onları dövlət qurumları ilə əlaqələndirmək  - bizim əsas missiyamız budur. Assosiayasiya eyni zamanda iki informasiya körpüsü rolunu oynamalıdır: birincisi, bir-biri ilə faktiki rəqib olan, müştərilər uğurunda mübarizə aparan şirkətlər arasında, ikincisi - bu rəqibləri birləşdirdikdən sonra onların birliyi ilə dövlət orqanları arasında. Qeyd etməliyəm ki, ikinci vəzifə daha asandır. 2000-ci illərin əvəllində ölkəmizdə avtomobil sektorunu tənzimləyəcək bir sıra normativ aktların hazırlanmasında AADA iştirak etmişdi və belə təcrübəmiz var. Daha sonra avtomobil bazarında inkişaf dövrü başladı.

Təəssüf ki, dünya iqtisadiyatında baş verən olaylar, böhranlar, onların nəticələri ölkəmiz üçün də təsirsiz ötüşə bilməzdi. 2015-ci ili avtomobil sektorunda da tənəzzül ili adlandırmaq olar. Manatın xarici valyutalara nisbətən kəskin zəifləməsi, bankların avtokreditlərə xitam verməsi və s. səbəbləri sadalamaq olar. Nəticədə, ölkəyə yeni yox, mənəvi və texniki cəhətdən köhnəlmiş, yararsız, təhlükəli avtomobillərin kütləvi surətdə gətirilməsi göz qabağındadır.

AADA-nın hazırkı toplantısında səslənən bəzi rəqəmlərə diqqət yetirək. Yaşı 10 ildən çox olan avtomobillərin sayı 900 minə yaxınlaşır. Bu, ümumi avtomobil parkının 77 faizidir. Yaşı ikidən az olan avtomobillərin payı isə cəmi 1 faizdir. İlk baxışdan 2016-cı ildən başlayaraq, avtomobil idxalında müşahidə olan artım sevindirməlidir, lakin biləndə ki, məsələn, 2018-ci ildə gətirilən avtomobilərin 61 faizi köhnədir, sevincdən əsər-əlamət qalmır.

Xüsusən Avropada tədricən sıxışdırılan köhnə dizel avtomobillərinin Azərbaycana trafikini izləyəndə həyəcan təbili vurmaq istəyirsən. Təkcə son iki ildə dizel avtomobil idxalı 13 dəfə artıb. Belə çıxır ki, dəyərli valyutanı xərcləyib, yeni avtomobillər əvəzinə metal zibili gətiririk. Sonra da onlara ehtiyyat hissələri daşımalıyıq. Bu, həm iqtisadiyyata, həm təhlükəsizliyə, həm ekologiyaya, həm də ölkənin imicinə ciddi zərbədir. Bütün bunları nəzərə alaraq, avtomobil dilerləri assosiasiyası İqtisadiyyat Nazirliyinə, Nazirlər Kabinetinə təqdim etmək üçün təkliflər paketi hazırlyır. Ümumiyyətlə, hər hansı biznes sektorunun fəaliyyətini tənzimləyən sənəd və qanunlar hazırlayarkən, həmən sektorun nümayəndələri, birlikləri ilə məsləhətləşmələr aparmaq bütün dünyada, elə ölkəmizdə də normal haldır”.     

Toplantıda yol-qəza hadisələri ilə bağlı statistika da açıqlandı. Baş vermiş qəzalarda ölənlərin sayına (avtomobil parkının ölənlərə nisbəti) görə dünyada ilk yerdəyik. Bunun səbəbi də köhnə avtomobillərin təhlükəsizlik normalarına uyğun olmamasıdır. Axı hər il istehsalçıların təhlükəsizlik standartları yüksəlir. 10-15 ildən çox yaşı olan avtomobil artıq aşınıb, nə müasir təhlükəsizlik, nə də ekologiya standartlarına uyğundur.

İndi fikirləşin! Bizə təhlükəsizlik və sağlamlıq lazımdır, yoxsa ucuz qiymətə köhnə avtomobil?

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR