Son zamanlar Ermənistan ictimai rəyində Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana geri qaytarılması…
Son zamanlar Ermənistan ictimai rəyində Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana geri qaytarılması məsələsi gündəmə gəlir.
Bu sözləri Axar.az-a açıqlamasında Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, bunun gündəmə gəlməsinə səbəb ABŞ-ın Ermənistandakı sabiq səfiri Riçard Millsin son bəyanatıdır:
“Mills bildirdi ki, siyasi və diplomatik fəaliyyəti dövründə Qarabağ probleminin həll olunması istiqamətində erməni ictimai rəyinin və siyasətçilərin Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması məsələsinə həmişə qorxu və şübhə ilə yanaşdığını müşahidə edib. Yəni Mills erməni siyasi elitasının bu məsələləri ümumiyyətlə, müzakirəyə çıxarmadığını deyirdi. Bu bəyanatdan sonra Ermənistanda və qondarma rejimdə müxtəlif siyasətçilər bu bəyanata münasibət bildirdi. Əlbəttə, münasibət bildirənlərin içərisində ən ciddi sayıla biləcək fiqur sabiq prezident Robert Köçəryan idi. Köçəryan demək olar ki, Riçard Millsin dediklərini təkrar elədi və Azərbaycanla müzakirələrdə hər zaman bu məsələnin gündəmdə olduğunu vurğuladı. Bir daha Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonların geri qaytarılması məsələsinin ATƏT-in Minsk Qrupunun həmsədri olan üzvlərin də tələbi olduğu və bunun müzakirələrdə ələ alındığı etiraf edildi”.
Politoloq vurğulayıb ki, Köçəryanın bu barədə fikir bildirməsi son zamanlarda Nikol Paşinyan hökumətinin məsələ ilə bağlı verdiyi bəyanatların yalan olduğunu göstərir:
“Çünki Paşinyan hakimiyyətə gəldiyi zaman Dağlıq Qarabağ ermənilərinin müzakirələrdə tərəf olması, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini gündəmə gətirdi. Paşinyan müzakirələrdə konstruktiv mövqe sərgiləmirdi. Amma Köçəryanın bu barədə verdiyi bəyanatdan məlum olur ki, böyük ehtimalla Paşinyanın bu cür bəyanatları erməni ictimai rəyinə yönəlik idi. Bu baxımdan mənə elə gəlir ki, Nikol Paşinyan hökuməti də əvvəl-axır bu məsələnin müzakirə predmeti olduğunu dərk edəcək və yaxud artıq dərk edib. Köçəryanın bu cür açıq danışmasının səbəbi isə Paşinyana zərbə vurmaq istəyidir. Köçəryan 7 rayonun geri qaytarılma məsələsinin hər zaman müzakirə predmeti olduğunu bildirməklə, əslində, N.Paşinyanın xalqa yalan danışdığını və populizmlə məşğul olduğunu göstərmək istədi. Bu isə dekabrda keçiriləcək parlament seçkisi ərəfəsində daxili siyasi mübarizənin daha yüksək səviyyəyə qalxacağından xəbər verir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət