Slimfit
  1. MEDİA

KİTABXANA İŞİNİN İNKİŞAFINDA HEYDƏR ƏLİYEVİN ROLU

KİTABXANA İŞİNİN İNKİŞAFINDA HEYDƏR ƏLİYEVİN ROLU
Sakura

KİTABXANA İŞİNİN İNKİŞAFINDA HEYDƏR ƏLİYEVİN ROLU

Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətində Azərbaycanda kitabxana işinin inkişaf etdirilməsi məsələsi xüsusi yer tutur. Dahi şəxsiyyətin bu sahədəki əvəzedilməz xidmətləri iki mərhələyə ayrılır:

1) Sovet hakimiyyəti illərində kitabxana işinin inkişaf etdirilməsində Heydər Əliyevin xidmətləri;

2) Müstəqillik illərində kitabxana işinin inkişafında Heydər Əliyevin rolu.

Heydər Əliyev "ümumi sovet siyasəti fonunda bu sahədəki fəaliyyətini böyük əzmlə bir neçə istiqamətdə həyata keçirirdi:

-dövlət büdcəsindən kitabxanaların saxlanılmasına və inkişafına ayrılan xərcləri artırırdı;

-yeni nümunəvi kitabxana binalarının tikintisini genişləndirirdi;

-kitabxana fondlarının zənginləşdirilməsinə diqqəti artırmağı tövsiyə edirdi;

-kitabxana işçilərinin, xüsusən kənd yerlərində işləyənlərin ali təhsil almalarına əlverişli şərait yaradırdı;

- böyük və tarixi qədim olan kitabxanaların yubileylərini keçirirdi və s.”

Ulu öndərin qayğısı nəticəsində kitabxana işi üçün ayrılan xərclər ildən-ilə artırılır, yeni binalar tikilirdi. Məhz Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan 1970-1980-ci illərdə özünün ən yüksək inkişaf səviyyəsinə çatmışdı. Həmin dövrdə respublikamızda demək olar ki, hər il kitabxana binaları tikilirdi. 1975-ci ildə kitabxanaların sayı 110 vahid artırıldı. Həmin məqsədlə büdcədən 14,2 mln. manat ayrıldı. 1979-cu il planına nisbətən 1980-ci ildə bu işə 6,5% artımla 32, 9 mln. manat vəsait ayrıldı. Həyata keçirilən tədbirlər nəticəsində 1976-1980-ci illərdə Azərbaycanda dövlət büdcəsi hesabına 415 kitabxana binası tikildi. Sosial-mədəni tədbirlər üçün ayrılan xərclər 11574 mln. manat artırıldı.

1981-ci ildə  təkcə Mədəniyyət Nazirliyinin xətti ilə 80 kitabxana istifadəyə verilmişdi. Ümumiyyətlə, 1970-1980-ci illərdə Azərbaycanın bütün rayon mərkəzlərində vahid tipli kitabxana binaları tikilmişdi.

Heydər Əliyevin hakimiyyəti illərində kitabxana fondlarının artırılmasına, xarici ölkələrdən kitab, jurnal və elmi məcmuələrin alınmasına xüsusi fikir verilirdi. Bütün bunların nəticəsində sovet hakimiyyəti illərində Azərbaycan kitabxanalarının fondlarının zənginləşdirilməsinin zirvə nöqtəsi məhz həmin illərdə oldu. Müqayisə üçün bu fakt əhəmiyyətlidir ki, əgər 1923-cü ildə M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının (indiki Milli Kitabxananın) fondunda 20 min 441 nüsxə, 1940-cı ildə 612 min 207 nüsxə kitab var idisə, 1973-cü ildə bu rəqəm 3 mln. nüsxəyə çatdırılmışdı.

Azərbaycan KP MK bürosunun 1973-cü il 19 dekabr tarixli iclasında M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının 50 illiyinin keçirilməsi barədə qərar qəbul edildi. Yubiley tədbirinin keçirilməsi respublikada kitaba olan marağı daha da artıraraq xalqın mənəvi xəzinəsinin qorunması və inkişafına diqqət və qayğını təcəssüm etdirdi.

Heydər Əliyev eyni zamanda Azərbaycanda ali təhsilli kitabxanaçıların hazırlanmasına xüsusi önəm verirdi. Belə mövqe kitabxaların ali təhsilli kadrlarla təmin edilməsi və ümumi mədəni səviyyəsinin yüksəldilməsi məqsədini daşıyırdı.

Heydər Əliyev hakimiyyətə gələrkən Azərbaycanda cəmi 3019 kitabxanaçı fəaliyyət göstərirdi. Onların da yalnız 1436 nəfəri ali təhsilli idi.

Azərbaycan rəhbəri bu vəziyyətin düzəldilməsi istiqamətində qətiyyətli tədbirlər həyata keçirdi. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kitabxanaçılıq fakültəsinə tələbə qəbulu planı artırıldı. Kənd rayonları üçün müsabiqədənkənar qəbul yerləri ayrıldı. Artıq 1980-ci illərin əvvəllərində Azərbaycanda ali təhsilli kitabxanaçıların ümumi çəkisi üstünlük təşkil edirdi. Hətta ən ucqar dağ kəndlərinin kitabxanaçıları da ali təhsil almağa başlamışdılar.

Tanınmış kitabxanaşünas alim, professor Abuzər Xələfov yazır: "Kitabxana işinin qocaman mütəxəssislərindən, yüksəkixtisaslı kitabxanaçı kadrlar hazırlayan ali təhsil işçilərindən biri kimi böyük iftixar və minnətdarlıq hissi ilə demək istəyirəm ki, ölkəmizdə yüksəkixtisaslı kitabxanaçı kadrların hazırlanmasında Heydər Əliyevin xidmətləri əvəzedilməzdir. O, respublikada rəhbərliyə gəldikdən sonra 60-cı illərdə ləğv edilmiş kitabxanaları bərpa etmək, yeni kitabxanalar açmaqla yanaşı, yüksəkixtisaslı kitabxanaçı kadrların yetişdirilməsi işinə də xüsusi diqqət yetirməyə başladı. Azərbaycanın kənd rayonlarında yüksək ixtisaslı kadrların olmamasını nəzərə alan Heydər Əliyev qısa bir zaman içərisində Bakı Dövlət Universitetində fəaliyyət göstərən Kitabxanaçılıq fakültəsinin genişləndirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, qəbulun artırılması üçün xüsusi göstəriş vermişdi”.

"Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Bakıda Kitab evi açılmışdı. Bu münasibətlə keçirilən tədbirdə Ulu öndərin  iştirak etməsi onun kitaba, xalqın maariflənməsinə və mənəvi xəzinəsinə ciddi əhəmiyyət verdiyini göstərirdi. Heydər Əliyevin həmin məsələyə diqqəti sayəsində qısa müddətdə Azərbaycan rayonlarının siması başdan-başa dəyişmişdi. Heç əbəs deyil ki, Moskvada oxuyan tələbə və aspirantlarla 1979-cu ilin dekabr ayında keçirilən gorüşdəki nitqində o  deyirdi: “Söhbət yeni … mədəni-maarif və məişət obyektləri tikintisindən gedir... söhbət Azərbaycan kəndinin simasının əsaslı surətdə dəyişdirilməsindən gedir”.

Heç bir mübaliğəyə yol vermədən demək olar ki, Azərbaycan kəndində ən yuksək mədəni inkişaf məhz Heydər Əliyevin hakimiyyəti illərində baş vermişdir. Məhz həmin dövrdə Azərbaycan kitabı kənddə yaşayan hər bir ailənin həyatına  daxil olmuşdu. Azərbaycan xalqı daha çox mütaliə edən xalqa çevrildi. Azərbaycanda baş verən yüksək mədəni tərəqqini hətta xarici ölkələrin tarixçiləri də qeyd edirdilər. Tanınmış polyak tarixçiləri B.Baranovski və K.Baranovski Azərbaycanda yüksək mədəni inkişafın məhz 1970-ci illərdə olduğunu xüsusi vurğulayırdılar.

Ümumiyyətlə, Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu 1969-1982-ci illərdə respublikada 1155 kitabxana tikilib xalqın istifadəsinə verilmişdi. Həmin illərdə kitabxana işinin inkişaf səviyyəsi dəfələrlə yüksək idi. Bu dövrdə 38,8 milyon nüsxə kitab fonduna malik 4245 kütləvi kitabxana fəaliyyət göstərirdi. 15 il müddətində kütləvi kitabxanaların sayı 1322 ədəd artmış, kitab fondu isə 13,4 milyon nüsxə çoxalmışdı. 1981-ci ildə respublikamızda bütün növdən (kütləvi, elmi, təhsil, texniki və s.) olan kitabxanaların sayı 8905 ədəd, kitab fondu isə 29,8 milyon nüsxə olmuşdur.

Professor Abuzər Xələfov qeyd edir ki, “Respublikamız bu göstəricilərə görə də SSRİ respublikaları içərisində əvvəlinci yerlərdən birinə yüksəlmişdi. Bu göstəricilərin arxasında böyük yaradıcı əmək, iqtisadi-mədəni inkişaf, ciddi təşkilatçılıq işi, Azərbaycan mədəniyyətinə, kitab və kitabxana işinə xalq qayğısı, xalqın böyük oğlu Heydər Əliyevin iradəsi dayanmışdı. Kitabxana işi sahəsində əldə edilmiş ciddi nailiyyətlərin, böyük kəmiyyət və keyfiyyət göstəricilərinin, əhaliyə kitabxana xidmətinin təşkilində baş verən proseslərin və qazanılmış nailiyyətlərin elmi təhlili məhz bu dövrün (1970-1985) respublikamızda kitabxana işinin tarixində yeni mərhələ - Heydər Əliyev mərhələsi olduğunu söyləməyə imkan verir.”

Müstəqillik illərində ikinci dəfə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi kitabxana işi sferasında da inqilabi çevriliş etdi.

Bu illərdə Heydər Əliyev kitabxanaların ləğv olunmasının qarşısını aldı, onların qorunub saxlanılmasını təmin etdi. 1993-1999-cu illər Azərbaycanda kitabxana işinin tarixinə kitabxanaların qorunub saxlanılması uğrunda mübarizə dövrü hesab olunur. Kitabxanaların özəlləşdirilməsi, onların binalarının başqa məqsədlər üçün istifadə olunması Heydər Əliyevin fərmanı ilə qadağan edildi. Ölkədə mövcud kitabxana şəbəkələri qorunub saxlandı.” Kitabxana işi tarixində bu illər 1993-1999-cu illəri əhatə edir. Məhz bu illərdə Azərbaycan dövləti keçid dövrünün hər cür çətinliyinə baxmayaraq, bir sıra ictimai təşkilatların kitabxana şəbəkələri istisna olmaqla, dövlət kitabxana şəbəkələrini qorumağa müvəffəq oldu”.

Kitabxanaya yüksək qiymət verən Heydər Əliyev demişdir: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyət, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdəndir. Mən vaxtilə bu kitabxanaya dəfələrlə gəlmişəm. Amma bu gün kitabxananın astanasından keçərkən çox böyük hörmət və ehtiram hissi duyuram. Kitabxanaya, burada çalışan insanlara hörmət və ehtiramımı bildirmək istəyirəm”.

Ulu öndərin kitabxanalara qayğısı, respublikanın bütövlükdə kitabxana sisteminin və şəbəkələrinin qorunub saxlanması sahəsində həyata keçirdiyi tədbirlər diqqəti cəlb edir. Ölkəmizdə Ulu öndərin hakimiyyəti dövründə “1 milli kitabxana, 3 respublika əhəmiyyətli sahəvi kitabxana, 74 şəhər və mərkəzi rayon kitabxanası, 3744 kənd kitabxanası fəaliyyət göstərmişdir. Orta hesabla əhalinin hər 700 nəfərinə bir stasionar kitabxana düşürdü. Kitabxanaların fondunda 35,9 milyon nüsxə kitab (sənəd) toplanmışdı. Bir il ərzində kitabxanalara 121,76 nüsxə kitab, 22 min nüsxə audiovizual sənəd daxil olmuşdur. Bu ədəbiyyatın 101,18 nüsxəsini Azərbaycan dilində ədəbiyyat təşkil etmişdir”.

Beləliklə, Heydər Əliyevin dövlət kitabxana siyasəti respublika miqyasında aparılan kitabxana işinin əsasını təşkil edir. Kitabxana işinə dair dövlət siyasətinin formalaşdırılmasında Azərbaycan Respublikasının Konstitusiyası əsas qanunvericilik bazası rolunu oynayır. Ölkə vətəndaşlarının mədəni sərvətlərdən istifadə etmək hüquqları Konstitusiyanın 40-cı və 50-ci maddələrində şərh olunmuş, kitabxanaların hüquqları təsbit edilmiş, onların qarşısında insanlara kitabxana və informasiya xidmətinin yüksək səviyyədə, maneəsiz, qüsursuz və vaxtında təşkil edilməsi vəzifəsi qoyulmuşdur.

1996-cı ildə Azərbaycanda “Kitabxana işi haqqında” qərar, 1998-ci ildə isə ölkəmizin tarixində ilk dəfə olaraq “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. 29 dekabr 1998-ci ildə ölkə Prezidenti Heydər Əliyev tərəfindən imzalanmış və həmin gündən qüvvəyə minmiş Qanun, həmçinin “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 12 mart 1999-cu il tarixli Fərman qanunun ayrı-ayrı maddələrinin yerinə yetirilməsinə cavabdeh olan dövlət orqanlarını müəyyənləşdirmişdir.

“Kitabxana işi haqqında” Qanun dövlət siyasətinin əsasıdır. Bu qanun Azərbaycan Respublikasında müasir dövrdə kitabxana işi üzrə dövlət siyasətini əks etdirir. Qanunda deyilir: “Bu Qanun Azərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsiplərini, kitabxana işinin və kitabxana sisteminin ümumi əsaslarını, kitabxana fondlarının formalaşdırılması və mühafizəsi tələblərini, kitabxanaların maliyyələşdirmə mənbələrini, kitabxanalardan istifadə sahəsində vətəndaşların hüquq və vəzifələrini, kitabxana işi sahəsində beynəlxalq əməkdaşlığın prinsiplərini müəyyən edir”.

      Bu gün  məhz həmin Qanuna əsaslanan respublika əhəmiyyətli kitabxanalarımız öz  oxucularına kitabxana xidmətini təşkil etməklə yanaşı, dövlətin kitabxana siyasətinin hazırlanması və həyata keçirilməsində, kitabxanaların metodik təminatında yaxından iştirak edirlər.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun və mütərəqqi ideologiyasının layiqli davamçısı olaraq Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bütün sahələrdə olduğu kimi, ölkəmizdə kitab nəşri işinə və kitabxanaların inkişafına böyük töhfələr verməkdədir. Buna nümunə olaraq onun 12 yanvar 2004-cü ildə imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamını, eləcə də 6 oktyabr 2008-ci ildə imzaladığı "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" kimi sənədləri göstərmək olar.

Bütün bunlar onu göstərir ki, bu gün  Azərbaycanda kitab nəşri və kitabxanaçılıq fəaliyyəti önəmli və tarixi ənənələrə malikdir. Məhz bu baxımdan Ulu öndər Heydər Əliyevin əməli işlərinin məntiqi nəticəsi olaraq prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi siyasət öz bəhrələrini verəcək, bu günün və gələcəyin əsasını təşkil edəcəkdir.

Məmməd Əliyev

AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor

Şəhla Tahirqızı

AMEA Mərkəzi Elmi Kitabxanasının icraçı direktoru

filologiya üzrə fəlsəfə doktoru, dosent

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR