Kino dünyasının ən uzunömürlü izdivacı: Sofi və Karlo sevgisi
Karlo Ponti məşhur italyan aktrisası Sofi Lorenin həm sevgilisi, həm də müəllimi olub. Hətta “Loren” təxəllüsünü də o düşünüb.
Bu yazıda kino tarixində indiyədək mövcud olmuş ən uzunömürlü nikahın tarixçəsindən bəhs edəcəyik.
Sofi Loren və Karlo Ponti arasındakı evlilik kinematoqrafiya tarixində ulduzlar arasında ən uzunömürlü nikah hesab olunur. Bir çoxları bunun ötəri sevgi romanı olduğunu düşünürdü. Çünki o zaman aktrisa Sofinin 16, prodüser Karlonun isə 38 yaşı vardı. Sofi aktrisa olmazdan öncə məşhur olmaq və pul qazanmaq üçün gözəllik müsabiqəsinə qoşuldu. Ponti və Lorenin tanışlığı da gözəllik yarışında baş verdi. Ponti ona yaxınlaşaraq dedi: “Sizin çox maraqlı simanız var”. Elə bu kiçik cümlədən sonra onların arasında yarım əsr davam edəcək sevgi münasibəti başladı.
Tanışlığın ilk vaxtlarında gənc qız prodüserə özünün çətin xarakterini göstərərdi. Prodüser isə öz növbəsində Sofini filmə çəkmək üçün onun qarşısına bir sıra şərtlər qoymuşdu: Sofi əvvəlcə arıqlamalı və rinoplastika etməli idi. Sofi onun gözlərinə baxaraq təkidlə dedi: “Yox! Burnu onun aktrisalıq fəaliyyətinə maneçilik yaradan elə bir insan yoxdur”.
Qızın “yox” cavabı onu əsəbiləşmiş prodüserin qapısı arxasında saxladı. Ponti hesab edirdi ki, aktrisalığa yenicə başlayan Sofi özü haqda yüksək fikirdədir. Ona görə də, Ponti ona hər hansı rol verməkdən imtina edirdi. Yerli mətbuat isə Sofiyə “Gözləmə mövqeyində qalan miss” adını qoymuşdu.
Lakin tezliklə Pontinin hirsi keçdi və Sofini sınaq məşqlərinə dəvət etdi. Aktrisalığa yenicə başlayan qız rejissorun xoşuna gəlmək üçün bütün bacarığını ortalığa qoydu. Karlo bir şeyi dərk etdi: onun qarşısındakı insan gələcəyin dahi ulduzu olacaq.
Onlar arasında sevgi macərası tanışlıqdan 3 il sonra – Sofinin 19 yaşı olarkən başladı. Ponti mənalı gözlərə malik olan əyalətdən çıxmış qızı təhsilli insana çevirdi. Ponti sanki onun müəllimi idi: Sofini incəsənət tarixi kitablarını oxumağa vadar edir, xarici dillər öyrədir, etiket üzrə stilist və pedaqoq tutmuşdu. Nəticə o qədər gözəçarpan oldu ki, hətta Ponti öz “əl işinə” aşiq oldu. Sofi isə despotik, lakin məftunedici kinematoqrafçıya qarşı olan meylinin dostluq çərçivəsini aşdığını hiss edirdi.
Ponti onu şəhərli qıza çevirmək üçün daha bir addıma da atdı. Onun fikrincə, Sofiya Şikolone kəndsayağı idi və ad-soyad dəyişdirilməlidir. “Sofiyanı” aristokratik “Sofi” adına ixtisar etdilər. Soyad isə tamamilə təsadüf nəticəsində seçildi: Ponti aktrisaya soyad seçərkən təsadüfən stolun üstündə Marta Torenin şəklini gördü. Elə onun soyadının ilk hərfini dəyişməklə hamımızın tanıdığı “Loren” soyadını qoydu.
Pontinin səyləri nəticəsində Sofi 1950-cı illərin ortalarında İtaliyanın ulduz və seks-simvoluna çevrildi. O, ekranda çılpaq görünməyə utanmırdı. Ona görə də, onu kamera qarşısında tez-tez yarıçılpaq görmək olurdu. Hər şey öz qaydası üzrə gedirdi və Sofini bütün İtaliya tanıyırdı.
Yalnız bir problem vardı: gənc kino ulduzunun sevgilisi evli idi və evində də 2 uşaq böyüyürdü. 1950-ci illərdə katolik İtaliyada boşanma prosesi asan iş deyildi. Vatikanın boşanmağa nə zaman icazə verəcəyini gözləyə bilməyən Sofi və Karlo gizlin şəkildə Meksikada evləndi. Lakin İtaliyaya qayıdanda onları xoşagəlməz sürpriz gözləyirdi: Vatikan onların nikahını etibarsız hesab etdi. Onda elə çıxırdı ki, onlar ər-arvad yox, sevgilidirlər və Karlo ikiarvadlıdır.
Peşə fəaliyyətində qazandığı uğurlar belə evlilik qərarından məyus olmuş Sofinin kefini aça bilmirdi. Çünki Sofi normal insanlar kimi sevgilisi ilə ailə həyatı qurub övlada sahib olmaq istəyirdi. Həmin illərdə isə nəinki İtaliya kinematoqrafiyası, hətta, Hollivud belə Sofinin ayaqlarına düşməyə hazır idi.
“Qızıl Neapol” filmi Sofini Amerikada məşhurlaşdırdı. 1954-cü ildə çıxan filmdə o, Frenk Sinatra və Keri Qrant kimi aktyorlarla rol bölüşdü. Hətta, Qrant temperamentli italyan qıza aşiq olmuşdu. Lakin Sofini təkcə Ponti maraqlandırırdı.
Qrant rəqibi Ponti ilə mübarizə apararaq Sofinin qəlbini fəth etməyə çalışırdı. Çünki Ponti Vatikanın qərarından sonra özünü məğlub olmuş kimi hiss edirdi və Sofi ilə sülh yoluyla ayrılmağa qərar verməyi düşünürdü. Sofi isə öz növbəsində Kerinin ona gül dəstəsini almasına və komplimentlər söyləməsinə imkan verirdi. Sofi onunla restorana gedib şam etməyə və Kerinin onun əlindən tutmasından da imtina etmirdi… Karlo dəlicəsinə qısqanırdı, lakin heç nə edə bilməzdi: inadkar gözələ qarşı hər hansı bir tədbir görməyə onun heç bir hüququ yox idi.
Sofi isə qadın hiyləsi ilə istəyinə nail oldu: 1966-cı ildə Ponti ilə nikahını etibarlı saydılar. Lakin çətinlik bununla da bitmirdi. Artıq 30 yaşı olan aktrisa dünyaya uşaq gətirə bilmirdi. Sofi isə əsil italyan qadını kimi böyük, səs-küylü ailəsinin olmasını arzu edirdi. Amma bir neçə həkim müayinəsindən sonra Sofi hamilə qala bildi.
Həkimlər ona 9 ay müddətində televizora baxmaq, radioya qulaq asmaq və yarım saat ərzində ayaq üstündə qalmağa icazə vermirdi. Dostlarının sözlərinə görə, möhkəm səsdən qorxmamaq üçün Sofi evdə qulağına tıxac taxıb gəzirdi. Bütün bu ehtiyat tədbirləri öz nəticəsini verdi: 1968-ci ildə cütlüyün uzun müddət həsrətində qaldığı övladları dünyaya gəldi.
Cütlük Pontinin 2007-ci ildə vəfatına qədər bir yerdə yaşadı. Onlar bütün qalmaqal və şayiələrə üstün gələrək öz sevgilərini qoruya bilən nadir insanlardan oldular. Pontinin vəfatından sonra Sofi hələ də ərinə qarşı sevgi hissləri yaşadığını etiraf etdi. O, bu sevgini və Allahdan onlara göndərilmiş və çox az insana qismət olan hədiyyə olduğunu hesab etdi.
Mənbə: Gencaile.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət