Slimfit
  1. İDMAN

"Keşlə"nin baş məşqçisi: "Uşaq səhvlərindən qollar buraxırıq"

"Keşlə"nin baş məşqçisi: "Uşaq səhvlərindən qollar buraxırıq"
Sakura

"Keşlə"nin baş məşqçisi: "Uşaq səhvlərindən qollar buraxırıq"

Azərbaycan Premyer Liqasının XVI turunda “Neftçi”yə səfərdə 0:2 hesabı ilə uduzduqları oyundan sonra “Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransı keçirib.

"Report" xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bölüşüb:

- Maraqlı oyun gördük. Əks-hücum taktikası ilə başlamışdıq, sonradan oyun bərabərləşdi. Uşaq səhvlərindən qollar buraxırıq. Futbolçuların zəhmətinə heyfim gəlir. Qalib də gələ bilərdik, ancaq şanslardan istifadə edə bilmədik. Bilmirəm, həmin epizodda penalti var idi, ya yox. Deyilənə görə, birinci hissədə də Andre Klennona qarşı kobudluq edilmişdi. Hər halda bugünkü matç göstərdi ki, komandanın potensialı var. Qarşıdakı turlarda daha yaxşı nəticə qazanmağa çalışacağıq. Rəqibi təbrik edirəm.

- Komandanın heyətində dəyişiklik çox olur. Gediş-gəliş bitib, yoxsa..?

- Nə gələn olacaq, nə də gedən. Bundan sonra kimisə gətirməyə lüzum görmürük. Komandanın oyun baxımından geri qalmadığı matçda məğlub olduq. Bəlkə də, futbolçuların özlərinə inamının olmaması amilini aradan qaldıra bilmirik. Gələndən bunun üzərində işləyirik. Təlim-məşq toplanışında da bunu görmüşdük. Keçən matç ümumiyyətlə komandanı tanıya bilmədim. Heç vaxt müdafiə futbolu oynatmamışam. Ancaq bu gün məcburiyyətdən belə çıxış etməli olduq. Çünki “Neftçi”nin hücum xətti çox güclüdür.

- Komandanın istədiyiniz oyunu göstərməsi üçün nə qədər vaxta ehtiyacınız var?

- Artıq vaxtımız yoxdur. Mayın sonuna qədər nə qədər zamanımız varsa, ondan istifadə etməyə çalışacağıq.

- Klubda maliyyə problemlərinin olduğu deyilir...

- Bütün ödənişlər edilib. Hər yerdə gecikmələr olur. Mətbuat da yazmaq üçündür.

- Start heyətdə 5 legioner var idi. Deyirsiniz ki, futbolçularda özünəinam yoxdur. Amma bu, gənclər komandası deyil. Həmin legionerlər bura gəlirsə, hazır olmalıdır. Onları bura gətirməyin məsuliyyəti kimdədir?

- 4 futbolçu transfer etmişik. 3-ü legionerdir, biri isə Vüsal İsgəndərli. Qalanları yayda gəlib. Əvvəldən məğlubiyyətlər olub deyə, o psixologiyanı komandanın başından çıxara bilmirik. Desəm ki, fiziki və ya taktiki cəhətdən problem var, yanılmış olaram. İstər-istəməz keçmiş futbolçuların psixologiyası yeni gələnlərə də təsir edir. Oyunçuları bura kimin gətirməyinin fərqi yoxdur. Yeni gələnləri bütün məşqçilər korpusu bəyənib.

- Bir komandanın yaxşı çıxış etməsi üçün 3 amil lazımdır: hazırlıq, maliyyə və psixoloji durum. Əsas problem nədir?

- Dedik ki, maliyyə barədə problem yoxdur, hazırlıq da normaldır. Sadəcə, psixoloji cəhətdən çətinlik var. Məğlubiyyətə öyrəşən komandanı vəziyyətdən birdən-birə çıxarmaq olmur. Çünki futbolçular həmin qorxu ilə oynayırlar.

- Kubok qazanmış komandada niyə belə ardıcıl məğlubiyyətlər oldu?

- O komandadan neçə futbolçu qalıb? Yayda xeyli oyunçu komandanı tərk edib. Bəlkə də onlar qalsaydı, tamamilə fərqli ab-hava olardı. Həmişə eyni nəticəni qazanmaq olmur. Komanda kubokdan sonra avrokubokda ilk mərhələdə dayandı, bu da təsirsiz ötüşmədi.

- Mövsümün sonuna qədər komandanın nəticələri yaxşılaşmasa, sizin şəxsi qərarınız nə olacaq?

- Məni bura gətirən klub rəhbərliyi var. Qərar onların olacaq. Qarşıdakı oyunlarda maksimum nəticə əldə etməyə çalışacağıq. Ümid sonda ölür. Çalışacağıq ki, komandanı qara zolaqdan çıxaraq.

- Emin Mehtiyevlə bağlı yaranan vəziyyətdə məsuliyyət kimdədir?

- Mən baş məşqçi olaraq sənədləşmə işləri ilə maraqlanmıram. Belə problemlər həmişə mövcud ola bilir. Kimisə günahlandırmaq mənasızdır. Emin yaxşı formadadır, amma belə problem yaşadıq. Artıq bu, bizim üçün keçmişdə qalıb.

- Zaur Axundov deyib ki, əgər PFL icazə versə, texniki zonada əyləşəcək. Bu baş versə, sizə əlavə təzyiq yaranmayacaq?

- Mənim üçün heç bir gərginlik yoxdur. Klubun prezidentidir. Bu gün də görürsünüz ki, gərginlik yoxdur. Mən heç vaxt təzyiq altına düşmürəm. PFL icazə verəcəksə, deməli, oturmalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR