Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Kənd müəllimindən kasıb şagirdlər üçün yenilik: "Dərsləri çəkib "YouTube"da paylaşıram"​

Kənd müəllimindən kasıb şagirdlər üçün yenilik: "Dərsləri çəkib "YouTube"da paylaşıram"​
Sakura

Kənd müəllimindən kasıb şagirdlər üçün yenilik: "Dərsləri çəkib "YouTube"da paylaşıram"​

6 ilə yaxın Ağstafa rayonunun Zəlimxan kəndində orta məktəbdə müəllim işləyən Şahin Hüseynov müəllim yanına getməyə maddi imkanı olmayan abituriyentlər yararlana bilsinlər deyə, maraqlı addım atıb.

Bu barədə Yeniavaz.com saytına onu tanıyan şəxslər məlumat veriblər.

Onların sözlərinə görə, Şahin müəllim tədris etdiyi Fizika fənni ilə bağlı mövzuları videoya çəkərək başa salır, daha sonra "YouTube"da paylaşır ki, bundan da Azərbaycanın istənilən yerində yaşayan hər bir abituriyent yararlana bilir.

Ş. Hüseynov saytımıza açıqlamasında bu ideyanı ona şagirdlərindən birinin verdiyini deyib: "Bir gün şagirdlərimdən biri dedi ki, "Riyaziyyat fənni ilə bağlı nəyisə başa düşməyəndə, öyrənməyə çətinlik çəkəndə "YouTube"da axtarıb tapa bilirik, ancaq Fizika ilə bağlı belə videolar yoxdur, belə bir video hazırlayıb paylaşsanız, ehtiyacı olan hər kəs faydalanar. Onun bu təklifi mənə maraqlı gəldi, xüsusilə ali məktəbə hazırlaşmaq istəyən, ancaq müəllim yanına getməyə maddi imkanı olmayan abituriyentlər üçün faydalı olsun deyə, video dərslərə başladım. Yay tətilində boşluq olmasından istifadə edib bir neçə video hazırlayıb paylaşdım. Videodan abituriyentlərlə yanaşı, Müəllimlərin İşə Qəbulu üzrə imtahana hazırlaşanlar da faydalanırlar. Telefonla çəkirəm və "YouTube"yə yerləşdirirəm. Orta məktəblərdə dərs olmamasına baxmayaraq, yay boyu çəkdiyimiz videolar da maraqla qarşılanıb, baxılıb, rəy yazılıb".

Şahin Hüseynov çəkdiyi videoları "facebook"da da paylaşır: "Çox sadə, maraqlı olduğunu deyirlər. Mən Fizika fənninə Riyaziyyat kimi baxmıram, fizikaya fizika kimi baxıram - mövzu, dərketmə, mövzunu necə daha yadda saxlamaq olar və s. barədə məlumat verirəm. Ümid edirəm ki, hələ çox insan bundan faydalanacaq. İnşallah, mövzuların hamısını internetə yerləşdirməyi fikirləşirəm, tam faydalana bilsinlər deyə. Öz hazırlıq məşğələlərimdə necə edirəmsə, internetə yerləşdiyim videoları da o şəkildə çəkirəm. Çalışıram ki, video 10 dəqiqədən çox olmasın. Məşğələdə dərsi necə keçirəmsə, videoda da o cür başa salıram".

Şahin müəllim şəhid övladları, imkansız ailədən olan şagirdləri də ödənişsiz hazırlaşdırmağa hazır olduğunu deyib: "Ağstafa kiçik bir rayondur, imkansız adamı hamı tanıyır. Heç bir maddi imkanı olmayan adamın övladını təmənnasız ali məktəbə hazırlaşdırmağa hazıram. Şəhid övladlarını, onların qardaşı uşaqlarını təmənnasız hazırlaşdırmağa razıyam. Lazım gələrsə, onun kitabını da özüm alaram. Əgər bir ailədən iki uşaq hazırlığa gəlirsə, valideynə çox yük düşməsin deyə, onların birinə görə pul almıram. Mən özüm hazırlığa gedərkən imkanımız yox idi, valideynlərim çətinlik çəkirdi, ona görə kiminsə belə bir çətinlik çəkməsini istəmirəm".

Sonda qeyd edək ki, Ş. Hüseynov Müəllimlərin İşə Qəbul İmtahanında iştirak edib və yeni dərs ilindən müəllimlik fəaliyyətini Ağstafanın Vurğun qəsəbəsindəki tam orta məktəbdə davam etdirəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR