Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Kənd müəllimi: “Xəritə az, qlobus yox, maddi durum isı çox zəifdir”

Kənd müəllimi: “Xəritə az, qlobus yox, maddi durum isı çox zəifdir”
Sakura

Kənd müəllimi: “Xəritə az, qlobus yox, maddi durum isı çox zəifdir”

AzEdu.az Azərbaycanın müxtəlif  bölgə və şəhərlərində çalışan müəllimlərin silsilə yazılarını davam etdirir.  Növbəti yazı Zaqatalanın ikinci Tala kəndindinin müəllimi  Ehtiram Safquliyevdən gəlib.

O, tədris prosesi, coğrafiyanın kənd mühitində tədrisi ilə bağlı fikirlərini bölüşüb, üzləşdiyi çətinlikləri dilə gətirib: 

“Kənd yerində müəllim-şagird münasibətləri daha səmimidir” 

-Sizə Zaqatalanın İkinci Tala kəndindən yazıram. Buradakı orta məktəblərdən birində coğrafiya fənnini tədris edirəm. Fəaliyyətə başladığım ilk gündən uşaqlarla səmimi, dost münasibətində olmağa çalışmışam. Əlimdən gələni edirəm ki, şagirdlərim məndən çəkinməsinlər, qorxmadan istədiklərini soruşub, istənilən vaxt müraciət edə bilsinlər. Tədrisdə avtoritar rejimi sevmirəm. İlk günlərdən çalışmışam ki, məni özlərinə müəllim deyil, dost kimi bilsinlər.

Düşünürəm ki, şəhər yerində müəllim-şagird münasibətlərində bir az fərqlər var. Bu münasibət daha yaxşı olmalıdır.  Müəllim-şagird münasibətlərinin daha yaxşı olması həm coğrafiyanın inkişafına kömək edər, həm də tədrisin keyfiyyətini artırar. Bura həm dərs vəsaitləri, həm də internet resursları aiddir. Məncə, kənd yerində müəllim-şagird münasibətləri daha səmimidir. 

“Məcburən, öz kompüterimdən istifadə edirəm” 

-Adətən, şəhər məktəbləri hər şeylə təmin olunur. Bizim məktəbdə isə proyektor olmadığı üçün öz kompüterimdəki video-roliklərdən istifadə edirəm. Tez-tez viktorinalar, maraqlı və əyləncəli coğrafi oyunlar keçirirəm. Onlardan ikisinin videosunu sosial şəbəkələrdə yayımlamışdım. Bu üsullar dərsi mənimsətmək baxımından çox yaxşıdır. Uşaqlara həmin oyunlar maraqlı gəlir. 

Xəritənin biri vardı, biri yox... 

-Kənd yerində coğrafiyanın tədrisi üçün bəzi çətinliklər var. Bu, əsasən vəsaitlərlə bağlı olur. Dərslikləri nəzərdə tutmuram, fənnə aid olan vəsaitləri deyirəm. Məsələn,  xəritələr çeşidli deyil. Eyni xəritədən dərs keçməyə məcbur oluruq. Fiziki coğrafiya xəritəsi varsa, bitkilərin necə yayıldığını göstərən xəritə yoxdur, və ya azdır. Bundan əlavə tədris qlobusu yoxdur. Bu kimi bəzi çətinliklər olur. Onları çox vaxt video-roliklərlə izah etməyə çalışıram. Dərsliklərdən isə razıyam. Kifayət qədər əhatəli və keyfiyyətlidir. Şagirdi düşünməyə vadar edir. Daha çox praktik yönümlüdür. Şagirdlər dərsliyi yalnız oxuyub keçmir, üzərində işləməli olurlar. Kitablarda müəyyən düşündürücü tapşırıqlara yer verilir ki, şagirdlər onları həll edirlər. 

“Əgər şəhərdə işləsəydim...”

-Şəhər məktəbində işləsəydim, yəqin ki, yenə müxtəlif oyunlardan istifadə edərdim. Müasir texnologiyalardan yararlanmaq imkanım daha çox olardı. Şagirdlərlə olan dost  münasibətlərimi qorumağa çalışar, müxtəlif gəzintilər təşkil edərdim. 

“Maddi durum zəifdir, uşaqlar vəsait ala bilmirlər” 

-Mən uşaqlarla daim ünsiyyətdə oluram. Görürəm ki, buradakı uşaqların əsas çətinlikləri maddiyyatla bağlıdır. Yəni, hansısa əlavə vəsait lazım olsa,  onu ala bilməzlər.

Bundan əlavə, kəndin ərazisi böyük, əhalisi isə azdır. Bu şagirdlərə yol problemi yaradır. Hətta elə uşaqlar var ki, məktəbə gəlmək üçün  4 km yol qət edirlər. Qəribəsi odur ki, buna baxmayaraq, davamiyyət normaldır. Kəndin yolları da  yaxşıdır, sadəcə uzaqdır.

“Valideylər uşaqlarla maraqlanmırlar”

-Həm də valideynlər şagirdlərlə çox da əlaqədə deyillər. Təhsil baxımından uşaqlara elə də təsir etmir, sanki maraqlanmırlar. Bununla bağlı valideynlərlə dəfələrlə danışıqlar aparmışıq. İclaslarda onları maarifləndirməyə çalışır, deyirik ki, uşaqlarınızla  maraqlanın. Onlar həmişə deyirlər ki, nəzərə alacaqlar. Hətta bəziləri bildirir ki, uşaqlarla kifayət qədər maraqlanırlar. Amma sonda bizimlə razılaşırlar. Deyirlər ki düzələcək. Adətən kənd yerlərində belə olur. Valideynlərin övladları ilə maraqlanmağa vaxtları olmur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR