Karantin dövründə Moldovadakı azərbaycanlıların durumu açıqlandı
Koronavirus pandemiyasına qarşı tədbirlərin görüldüyü ölkələrdən biri də Moldovadır. Son məlumatlara görə, bu ölkədə xəstəlikdən ölənlərin sayı 37 nəfərə çatıb.
"Report" xəbər verir ki, Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Azərbaycan Televiziyasının (AzTV) "Koronavirus İnfo" verilişinə skayp vasitəsilə bağlanaraq, bu ölkədəki son vəziyyət haqqında məlumat verib.
Səfir deyib ki, ümumilikdə Moldovada 1 712 nəfər virusa yoluxub, 188 nəfərin vəziyyəti ağırdır, 37 nəfər vəfat edib, 134 nəfər isə sağalıb: "Həkim nəzarəti altında karantində olan say isə 40 min nəfərə yaxındır".
Moldovadakı Azərbaycan vətəndaşlarının aqibəti barədə məlumat verərkən Q.Osmanov deyib ki, soydaşlarımız arasında xəstəliyə yoluxan yoxdur:
"Mənim səfir olaraq təşəbbüsüm ilə diaspora təşkilatıyla birlikdə, fövqəladə fond yaratmışıq. Fonda ilk öncə şəxsən özüm 2 min dollar pul qoydum. Daha sonra çağırışım ilə burada yaşayan iş adamları imkan daxilində pul köçürürlər. Maraqlı bir məqama toxunmaq istəyirəm. Kənddə yaşayan bir azərbaycanlı iki qoyununu satıb, 100 dollar məbləğində fondumuza pul köçürüb. Səfirlik tərəfindən votsap qrupu yaradılıb.
Bütün Moldovadakı azərbaycanlılar bu qrupda daim fikir mübadiləsi aparırlar. Bu və ya digər vasitələrlə azərbaycanlıların siyahısını hazırlamışıq. Kimlər aztəminatlıdır, kimlərin qayğıya ehtiyacı varsa, onlara ərzaq, dərman göndəririk. Az miqdarda olsa da, ehtiyacı olanlara pul da veririk. Hazırda vəziyyətlə əlaqədar kömək etmək imkanımız var.
Hesab edirəm ki, səfirlər qayğıya ehtiyacı olan azərbaycanlıların problemləri ilə sadəcə tanış olmamalıdırlar, həm də problemləri həll etməyə borcludurlar. Ölkə rəhbərimiz səfirlər qarşısında bu tapşırığı birmənalı şəkildə qoyub. Bu, biz səfirlər üçün əslində imtahandır ki, imtahandan üzüağ çıxmalıyıq və çıxacağımıza da şübhəm yoxdur".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət