Slimfit
  1. AZƏRBAYCANLI

Kanadanın azərbaycanlı müğənnisi

Kanadanın azərbaycanlı müğənnisi
Sakura

Kanadanın azərbaycanlı müğənnisi

Məlahətli səs Allah vergisidir, İlahi ərmağandır. Elə ki, ifaya çevrilir, əsəblərə sığal çəkib zövqləri oxşamağa başlayır. Ecazkar gücü ilə hər kəsi sehrləyib düşünməyə vadar edir. Bu tilsimin təsiri altında insan ruhən dincəlir, mənən saflaşır. Bir də baxıb görür ki, başqa bir aləmdədir…

Bəli, bu gün sizə məlahətli səsiylə ürəklərə yol tapan bir müğənnidən söhbət açmaq istəyirəm. Elə bir müğənnidən ki, altı yaşından Təbriz radiosunda çıxışlar edib. On dörd yaşından həmin radionun xalq çalğı alətləri ansamblının solisti olub. İfa etdiyi nəğmələrin lent yazısı bu gün də radionun “Qızıl fond”unda qorunub saxlanılır...

Haqqnda danışdığım Yusif Savalan İranda dünyaya gəlib. İran şahı Rza Pəhləvi devriləndən dörd il sonra bu ölkəni tərk edib. Bir il Tükiyədə məskunlaşsa da sonradan üç il Fransada yaşayıb. Daha sonra Belçikaya köçüb. 1987-ci ildən 1998-ci ilədək orada idman mərkəzində işləyə-işləyə opera evində öz ecazkar ifası ilə Azərbaycan musiqisini təbliğ edib. 1998-ci ildə isə ABŞ-ın Kaliforniya ştatına gəlib. Burada görkəmli musiqiçi Çingiz Sadıqovla tanış olub. San Xosedə, Santa Klarada, San Fransiskoda onunla birlikdə konsertlər verib…

Deyir ki,- “Rəhmətlik Çingiz Sadıqov mənə mənəvi atalıq edib. Ondan musiqinin sirlərini öyrənmişəm”…

1999-cu ildə Kanadaya üz tutub. Dörd il Kanadanın Toronto şəhərində yaşayıb. Burada olarkən tarzən Məhəmməd Aman və qarmon ustası Ramin Şadpurla bir araya gələrək "Təbriz" ansamblını yaradıb. Monrealda, Ottavada, Torontoda dəfələrlə konsert proqramıyla çıxışlar ediblər. 2002-ci ildə isə “İpək Yolu” kamera orkestrini yaradaraq bir sıra konsertlər təşkil edib. 2003-cü ildə Bakıya gedib, 2006-cı illədək orada “Lider” televiziyasının dublyaj redaksiyasında çalışıb. Eyni zamanda Xəzər Universitetində fransız və ingilis dillərini tədris edib. Bundan əlavə yaradıcılıqla da məşğul olub. Bir sıra videokliplər çəkdirib, o cümlədən Ruhəngiz Qasımovadan, Yalçın Rzazadədən, Mobil Əhmədovdan, Teymur Əmrahdan vakal dərsləri alıb. 2006-cı ildə isə Arif Qaziyevin ərsəyə gətirdiyi “Xarı bülbüllər” filmində Aleksandr Dümanın obrazını yaradıb...

…Bakıda olarkən həm də ailə qurub. Ömür-gün yoldaşı Naznaz Sadıqova Azərbaycan Dillər Universitetini bitirib. İxtisasca ingilis dili müəllimidir. Hazırda Torontoda şirkətlərdən birində işləyir. İki övladı vardır. Qızı Dəniz 14, oğlu Ayaz isə 12 yaşındadırlar…

2007-ci ildə yenidən Kanadaya qayıdıb. Daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olur və həmçinin “Kişi salonu”na rəhbərlik edir. 2009-cu ildə “Kanadada Azərbaycan İncəsənət Mərkəzi”ni yaradıb. Həmin mərkəzin xətti ilə bir sıra tədbirlər keçirib…

İndiyədək üç CD diski işıq üzü görüb. Onlardan birincisi bəstəkar mahnılarından ibarət “Heydər baba” albomu adlanır. 1997-ci ildə Bakıda, Cavanşir Quliyevin dəstəyi, Möhlət Müslümovun rəhbərlik etdiyi ansamblın müşayəti ilə ərsəyə gəlib. İkinci diski də 1999-cu ildə Bakıda, “Qarabağ” adı altında işıq üzü görüb. Üçüncü “Azərbaycan sevgi nəğmələri” diski isə Kanadada yazılıb. Əcnəbi musiqiçilərdən ibarət yeni yaratdığı “Xəzər nəfəsi” estrada orkestirinin müşayəti ilə təqdim olunan bu diskdə Emin Sabitoğlu, Ruhəngiz Qasımovanın, Elza İbrahimovanın bəstələrindən ibarət mahnılar yer alıb…

Deyir ki,- “İran adlı məmləkətdə doğulub böyüsəm də şəcərəm böyük Məhəmməd Hadiyə gedib çıxır. Azərbaycanı canım qədər sevirəm. Haraya getsəm də, harada yaşasam da içimdə bir Azərbaycan gəzdirmişəm. Ömrüm boyu onun musiqisini təbliğ etmişəm. Nə qədər ki, nəfəs alıram, o, mənim anam, mən də onun övladıyam”…

Şux zarafatları ilə adamda xoş əhval-ruhiyyə yaradan, mehriban, diqqətli insandır. Söhbətimiz boyu bütöv Azərbaycan sevdalısı olduğu aydın görünürdü. Arzuları çoxdur. Hər iki Azərbaycanın birləşməsi, övladlarına yüksək təhsil vermək, onları əsl azərbaycanlı kimi böyütmək ən əsas arzusudursa, Bakıda konsert vermək ən böyük istəyidir. Velosiped sürməyi, idmanla məşğul olmağı xoşlayır. “Müğənninin səsi yerində, görkəmi xoş olmalıdır”- söyləyir. Bəs Kanadaya gəlmək istəyənlərə tövsiyən nədir soruşanda, cavabı Molla Vəli Vidadidən üç bənd oldu:

Dəli könül, gəl əylənmə qürbətdə,
Bir gün оlur vətən dеyib ağlarsan.
Yadlar ilə ömür çürür həsrətdə,
Bir gün оlur vətən dеyib ağlarsan.

Yaхşı gündə yarü yоldaş çох оlur,
Yaman gündə hеç bulunmaz, yох оlur.
Yad еllərin tənə sözü ох оlur,
Bir gün оlur vətən dеyib ağlarsan.

Mən görmüşəm bu qürbətin dadını,
Yanıb-yanıb çох çəkmişəm оdunu.
Qəmlənirsən hər görəndə şadını,
Bir gün оlur vətən dеyib ağlarsan…

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR