Slimfit
  1. CƏMİYYƏT

Jurnalistlər AQTA-nın kəsim məntəqələri ilə tanış olub - Qurban hazırlıqları

Jurnalistlər AQTA-nın kəsim məntəqələri ilə tanış olub - Qurban hazırlıqları
Sakura

Jurnalistlər AQTA-nın kəsim məntəqələri ilə tanış olub - Qurban hazırlıqları

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Qurban bayramında fəaliyyət göstərəcək stasionar və çadır tipli kəsim məntəqələrinə infotur təşkil olunub.

"Report"un əməkdaşı xəbər verir ki, infotur çərçivəsində Sabunçu rayonu ərazisində fəaliyyət göstərən stasionar kəsim məntəqəsi və Xətai rayonu ərazisində qurulan çadır tipli kəsim məntəqəsi ilə yaxından tanış olma imkanı yaradılıb.

AQTA-nın Heyvan sağlamlığı və baytarlıq nəzarəti şöbəsinin müdiri – Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev jurnalistlərə açıqlamasında bildirib ki, agentlik tərəfindən bayram günlərində ölkə ərazisində qurbanlıq heyvanların kəsiminin baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar və çadırtipli heyvan kəsimi məntəqələrində aparılması həyata keçiriləcək: "Qurban bayramı günlərində heyvan kəsiminin qida təhlükəsizliyinin tələblərinə uyğun formada həyata keçirilməsi üçün çox ciddi hazırlıqlar gedir. Biz daimi fəaliyyət göstərən kəsim müəssisəsinə və müvəqqəti olaraq hazırlanmış çadırtipli ətkəsimi məntəqələrinə baxış keçiririk. Qurban bayramı günlərində kəsilən heyvan ətlərində qida təhlükəsizliyinin tələblərinin qorunmasını təmin etmək üçün respublikada 44 stasionar heyvan kəsimi məntəqəsi və 30 çadırtipli kəsim yeri lazımi avadanlıqlar ilə təmin edilərək vətəndaşların ixtiyarına verilib. Bura gətirilən heyvanlar həkim müayinəsindən keçir və baytarlıq şəhafətnamələri ilə təmin olunur. Heyvan sağlamlığı tam sübuta yetirildikdən sonra onun kəsiminə icazə verilir. Daha sonra kəsilmiş ət də baytar-sanitar ekspertizasından keçirilir. Yekunda isə ət müştərilərin istifadəsinə verilir".

Sabunçu rayonu Zabrat qəsəbəsində stasionar ət kəsimi məntəqəsində kəsim üçün saxlanılan heyvanlara xüsusi qulluq olunur. Bura kəsim üçün gətirilən bütün heyvanların baytar müayinəsindən keçdikdən və onlarda heç bir xəstəliyin daşıyıcısının olmadığı müəyyənləşdirildikdən sonra kəsimə buraxılır.

AQTA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva jurnalistlərə açıqlamasında deyib ki, 44 stasionar məntəqə bu günədək mövcud olan və AQTA-nın tələblərinə uyğun qeydiyyatdan keçmiş məntəqələrdir: “Həmin məntəqələrdə qiymətlər sahibkarla vətəndaş arasında olan tələblərə əsasən müəyyənləşir. Agentliyin mütəxəssislərin metodiki tövsiyəsi ilə hazırlanmış çadır tipli kəsim məntəqələrində qurbanlıq heyvanların satışı ilə yanaşı onların kəsimi, hazırlanması və digər xidmətlər yerli icra strukturları tərəfindən təmin ediləcək. Kəsimdən əvvəl və sonra müvafiq baytarlıq müayinəsinin keçirilməsi heyvandan insana keçə biləcək xəstəliklərin qarşısının alınması baxımından zəruri şərtdir. Heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməli, sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarları, məhəllələr, parklar və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq arayışı olmadan iri və xırda buynuzlu heyvanların daşınması yolverilməzdir. Burada Agentlik yalnız nəzarət və tənzimləmə funksiyasını həyata keçirir. Bayram günlərində bu məntəqələrin ətrafında bizim səyyar baytarlıq labaratoriyalarımız fəaliyyət göstərəcək. Həmin labaratoriyalarda xidmətlər ödənişsiz olacaq. Şəxsi istifadəsi üçün öz həyətyanı sahəsində qurban kəsən şəxslərə heyvanı kəsməzdən əvvəl baytar müayinəsindən keçirmələri tövsiyə olunur. Qanunsuz olaraq küçə və yol kənarlarında antisanitar şəraitdə heyvan kəsimi və satışı ilə məşğul olmaq isə qanunla qadağandır və bu kimi halların qarşısını almaq üçün aidiyyatı icra orqanları ilə birlikdə qanunvericilik çərçivəsində tədbirlər həyata keçiriləcək”.

30 saylı Qida Təhlükəsizliyinə Nəzarət məntəqəsinin baytar həkimi Mədət Qocayevin sözlərinə görə, kəsimdən əvvəl yoxlanılan heyvanda kəsimdən sonra xəstəlik aşkarlanarsa həmin ət utilizasiya edilir: “Kəsim prosesindən əvvəl bütün heyvanlara kliniki baxış keçirilir. Heyvanın baş nahiyəsindən tutmuş daxili orqanlara qədər bütün yoxlanışlar aparılır. Əgər xəstəliklə bağlı heyvanlarda hər hansı şübhəli məqam aşkarlanarsa, onu laboratoriya şəraitində yoxlanışa cəlb edirik. Daxili orqanlardan, xüsusilə, ağciyər, qaraciyərdən, ətin özündən nümunələr götürülüb yoxlandıqdan sonra ətin yararlı olub- olmadığı haqqında yekun qərar verilir. Bu günə qədər hər hansı xəstəliyin daşıyıcısı olan heyvan bizim məntəqəyə daxil olmayıb. Ümumiyyətlə, xəstə heyvanın kəsiminə icazə verilmir".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR