Jan-Mari Oran: "Azərbaycanda üzümçülük və şərabçılığın inkişafı neft, qaz sektoru ilə balanslı tərəqqini…
“Azərbaycanda üzümçülük və şərabçılığın inkişaf etməsi neft, qaz sektoru ilə digər sektorlar arasında balanslı inkişafın olduğunu nümayiş etdirir. Azərbaycanda şəhərlərin inkişafı ilə yanaşı, kəndlərin və kənd təsərrüfatının tərəqqisi bərabər səviyyədə həyata keçirilir".
Bu sözləri “Report“un Qərbi Avropa bürosuna açıqlamasında Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının icraçı direktoru Jan-Mari Oran (Jean-Marie Auran) bildirib.
İcraçı direktor qeyd edib ki, Azərbaycan ilə Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatı arasında əlaqələrin tarixi qədim deyil. Respublikamız cəmi 5 ildir ki, təşkilatın üzvüdür. Lakin bu qısa dövrdə yüksək səviyyədə əməkdaşlığın qurulmasına nail olunub.
Ölkəmizdə qeyri-neft sektorunun inkişafına toxunan baş direktor əlavə edib ki, Azərbaycan üzümçülük və şərabçılığın müasirləşdirilməsini həyata keçirir: "Bu, tariximizə hörmət, onu yaşatmaq və bərpa etmək üçün böyük əhəmiyyət kəsb edir. Çünki Azərbaycanda tarixən üzümçülük və şərabçılıq mövcud olub. Lakin bu, eyni zamanda iqtisadiyyatın balanslı şəkildə inkişafına dəlalət edir. Azərbaycanda üzümçülük və şərabçılığın inkişaf etməsi neft, qaz sektoru ilə digər sektorlar arasında balanslı tərəqqini nümayiş etdirir. Azərbaycanda şəhərlərin inkişafı ilə yanaşı, kəndlərin və kənd təsərrüfatının tərəqqisi bərabər səviyyədə həyata keçirilir".
Jan-Mari Oran vurğulayıb ki, ölkəmizdə xüsusilə çətin zonaların inkişafına diqqət ayrılır: "Mən bunu Gəncədə keçirilən Beynəlxalq Çaxır Festivalında iştirak etmək üçün Azərbaycana səfərim zamanı müşahidə etmişəm“.
Təşkilat rəhbəri ölkəmizdə üzümçülük, şərabçılığın inkişaf etdirilməsi üçün müvafiq qurumların birgə fəaliyyət göstərdiyini yüksək qiymətləndirib: “Azərbaycan şərablarının bizim təşkilatda təqdimatı mərasiminin təşkilində nazirlik, assosiasiya və aidiyyatı institutun əməkdaşları birgə fəaliyyət göstərirlər. Bu cür qarşılıqlı inam şəklində fəaliyyətin nəticəsidir ki, Azərbaycan şərabları yüksək keyfiyyətə və çoxsaylı növlərə malikdir. Üzümçülüyün və şərabçılığın uzun tarixi ənənələri olan Azərbaycanla əməkdaşlığımızı bugünkü yüksək ritmdə davam etdirməyimiz lazımdır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət