İvanov vilayəti Azərbaycandan pambıq idxal etmək istəyir
Rusiya Federasiyasının İvanov vilayəti Azərbaycandan pambıq idxal etmək istəyir.
AZƏRTAC İvanov vilayəti hökumətinin saytına istinadla xəbər verir ki, bunu region hökuməti sədrinin müavini Lyudmila Dmitriyeva “İvanov vilayətində ixracatçı həftəsi” çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə biznes-görüşdə söyləyib.
Məlumatda deyilir ki, Azərbaycan nümayəndə heyətinin səfəri Azərbaycan ilə İvanov vilayəti arasında iqtisadi və mədəni əlaqələri möhkəmləndirmək, əlaqədar şirkətlərlə məhsul təchizatı barədə danışıqlar aparmaq, turizmi inkişaf etdirmək məqsədi daşıyır.
L.Dmitriyeva bildirib ki, qarşılıqlı faydalı əməkdaşlıq potensialı çox yüksəkdir. O deyib: “İvanov müəssisələri ilk növbədə parça, tibbi tekstil, kimyəvi məhsullar, avtokran və ekskavatorlar ixracatının, habelə pambıq idxalatının inkişafına maraq göstərirlər. Region hökuməti əməkdaşlığa həmişə açıqdır və əmtəə istehsalçıları arasında birbaşa əlaqələrin yoluna qoyulmasına və möhkəmləndirilməsinə dəstək göstərməyə həmişə hazırdır. Lyudmila Dmitriyeva vurğulayıb ki, Azərbaycan İvanov vilayətinin mühüm ticarət tərəfdaşıdır, bu ilin səkkiz ayında əmtəə dövriyyəsi təqribən 4 milyon ABŞ dolları təşkil edib.
Azərbaycan nümayəndə heyətinin tərkibində tikinti, ticarət, turizm, kənd təsərrüfatı, habelə xalça istehsalı sahəsində iri şirkətlərin rəhbərləri təmsil olunublar. İvanov tərəfindən biznes-görüşdə “Ayvenqo” tikiş fabriki, “Russki Dom” toxuculuq şirkəti, “Avtokran”, “Polyot”, Verxnovoljski SMS” və digər şirkətlərin nümayəndələri iştirak ediblər.
Tədbirin sonunda hər iki tərəfin sahibkarları B2B formatında danışıqlar aparıblar. İqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq etmək niyyəti ifadə olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət