İtaliya Futbol Federasiyası daxili yarışlarda irqçiliyin qarşısını almaq üçün yeni tədbirlər hazırlayıb
İtaliya Futbol Federasiyası daxili yarışlarda irqçiliyin qarşısını almaq üçün yeni tədbirlər hazırlayıb.
Qol.az-ın "La Gazzetta dello Sport" nəşrinə istinadən yaydığı xəbərə görə, qurumun prezidenti Qabriele Qravina mətbuata açıqlamasında bu cür hallarda oyunun dayandırıla biləcəyini bildirib. Ancaq o, bunun qaydalar çərçivəsində ediləcəyini söyləyib:
"Ötən həftə Matteo Salvini (Daxili İşlər Naziri) bununla bağlı öz təklifini irəli sürüb. Nazirin fikirlərinə hörmət edirəm, amma federasiya FİFA və UEFA-nın reqlamentinə riayət etməlidir. İcraiyyə Komitəsinin növbəti iclasında oyunların dayandırılması qaydalarını sadələşdirəcəyik. Oyun vaxtı irqçi şüarlar səsləndirilərsə, stadion diktorunun anonsundan sonra qarşılaşma müvəqqəti olaraq dayandırılacaq və komandalar meydanın mərkəzinə gələcəklər. Əgər bu hal davam edərsə, futbolçular paltardəyişmə otağına yollanacaqlar. Bundan sonra oyunun davam etdirilib-etdirilməyəcəyinə stadionun təhlükəsizlik xidməti qərar verəcək".
Qeyd edək ki, bu mövsüm İtaliyada qara dərili futbolçulara qarşı irqçilik hadisələri artıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət