İsveçrənin dövlət katibi Bakı Ali Neft Məktəbində olub
Bakı Ali Neft Məktəbində (BANM) İsveçrə Konfederasiyasının Təhsil, araşdırma və innovasiyalar üzrə dövlət katibi Mauro Dell’Ambrocio ilə görüş keçirilib.
Bu barədə "Report"a BANM-dən məlumat verilib.
Görüşdə Ali Məktəbin rektoru Elmar Qasımov, İsveçrənin Təhsil, araşdırma və innovasiya üzrə dövlət katibliyinin elmi məsələr üzrə müşaviri Filip Rosli, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova, İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfiri Filip Ştalder, Cenevrə Universitetinin Beynəlxalq əlaqələr üzrə icraçl direktorunun müavini, professor Aleksandr Hedcazi, ABB şirkətinin ölkə üzrə direktoru Rüstəm Qasımov, eyni zamanda BANM-ın məsul əməkdaşları iştirak ediblər.
Qonaqları salamlayan rektor Elmar Qasımov, onlara Ali Məktəb haqqında ətraflı məlumat verib. Rektor bildirib ki, bu il Ali Məktəb öz rekordları ilə daha çox seçilib. Belə ki, I ixtisas qrupu üzrə 700 bal toplayan abituriyentərin hamısı BANM-ı seçib. Eləcə də Prezident təqaüdünə layiq görülmüş 26 tələbənin hamısı BANM-ın tələbələridir. Hər iki göstərici Ali Məktəbi ölkə universitetləri arasında lider edib. Elmar Qasımov həmçinin qeyd edib ki, BANM-da təhsilin ingilis dilində olması onun məzunlarının transmilli şirkətlərdə çalışmasını və xarici universitetlərdə təhsil almasını daha da asanlaşdırır.
Rektor Elmar Qasımova görüş üçün təşəkkür edən İsveçrə Konfederasiyasının Təhsil, araşdırma və innovasiyalar üzrə dövlət katibi Mauro Dell’Ambrocio Ali Məktəb haqqında müsbət fikirlər bildirib. Dövlət katibi qeyd edib ki, onun Azərbaycana səfərinin başlıca məqsədi, xüsusilə təhsil müəssisələrini ziyarət edərək İsveçrə müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulmasına yardım etməkdir. Bu nöqteyi-nəzərdən BANM mühəndislik sahəsində əməkdaşlıq ediləcək müəssisələr arasında öndə gedə biləcək ali məktəbdir.
Artıq 4 gün ərzində ikinci dəfə Ali Məktəbi ziyarət etdiyini bildirən İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfiri Filip Ştalder İsveçrənin ABB şirkəti tərəfindən təhsil sahəsinə dəstək çərçivəsində BANM-a investisiya qoyularaq, Ali Məktəbdə xüsusi laboratoriya avadanlıqlarının quraşdırıldığını bildirib.
Rektor Elmar Qasımov isə ABB şirkətinin ölkə üzrə direktoru Rüstəm Qasımovun bu təşəbbüsünü yüksək qiymətləndirərək ABB şirkətinin timsalında İsveçrə Konfederasiyasına Azərbaycan təhsilinə edilən qiymətli investisiya üçün təşəkkür edib.
Daha sonra Ali Məktəbin kampusu ilə yaxından tanış olmaq üçün kampusu gəziblər. ABB şirkəti tərəfindən quraşdırılan ABB laboratoriyasında isə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alan tələbələr tərəfindən Mauro Dell’Ambrocioya laboratoriya və oradakı avadanlığın təqdimatı edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət