İsveçdə Azərbaycan musiqilərini tədris edən Vüsalə Bağırova
Bir millət haqqında hansısa təsəvvürə malik olmaq istəyirsənsə, öncə onun mədəniyyətinə, incəsənətinə nəzər salmalısan. Etiraf etmək lazımdır ki, Azərbaycan xalqının zəngin tarixi, mədəniyyəti və incəsənəti var. Son 20 ildə Azərbaycan xalqı dünyanın başqa ölkələrinə inteqrasiya olunur. İnteqrasiya proseisndə öz dəyərlərini, mədəniyyətini təqdim edir. Vətənini sevən hər bir azərbaycanlının üzərinə xaricdə Azərbaycanı yüksək səviyyədə təmsil etmək düşür.
Bu gün xeyirxah missiyanı İsveçdə aparan insanlardan biri də Vüsalə Bağırovadır. Vüsalə xanım neçə illərdir ki, İsveçdə Azərbaycan musiqilərini tədris edir. O, Azərbaycanda Soltan Hacıbəyov adına Sumqayıt musiqi kollecində Təranə Şahmərdanovadan piano dərsi alıb. Kolleci bitirdikdən sonra Neftçala rayonunda musiqi müəllimi kimi çalışıb. 10 ildir İsveç Krallığının Stokholm şəhərində yaşayır. 4 ildir ki, Stokholmda musiqi məktəbində pianodan dərs deyir. Azərbaycanlı uşaqlarla yanaşı, ispan, çinli və isveçli, rus millətlərinin də tələbələri var. Onlardan biri də bu günlərdə Azərbaycanın xalq mahnısı olan “Sarı gəlini” ifa edən çinli uşaq Amberdir. Məqsəd Azərbaycan musiqisinin xaricilərin dili ilə daha geniş təbliğidir. Çinli tələbə Amberdir dərslərdə iştirak etməkdən məmnundur.
“Vüsalə müəllimə bizə bütün dünya musiqilərindən, tarixindən və ölkələrin milli geyim mədəniyyətindən də əlavə məlumat verir. Azərbaycan milli geyiminin gördükdən və musiqisini eşitdikdən sonra mən, məhz bu geyimdə “Sarı gəlin” mahnısını konsertdə ifa etmək istədim və bunu etdim. Çox da alqış aldım”, - deyə o, təəssüratlarını bölüşüb.
Vüsalə Bağırova isə Azərbaycan musiqilərini başqa millətin uşaqları tərəfindən sevilməsi bizim üçün sevindirici və qururverici hiss olduğunu bildirir.
“Repertuarımızda dünya musiqiləri ifa olunur. “Sarı gəlin” mahnısı milli geyimdə başqa millətlər tərəfindən yüksək qarşılandı. Düşündüm ki, gələn il konsert də ölkələrin musiqilərini ifa edərkən uşaqlar həmin ölkələrin geyimində ifa etsinlər, çünki musiqini sadəcə ifa etmək yox, həm də onun içində olmaq və hiss etmək lazımdır”.
Vüsalə Bağırova İsveçdə musiqilərimizi təbliğ edən Nəzakət Rəşidzadə ilə bərabər çalışır, konsertləri bərabər təşkil edirlər.
“Nəzakət xanım Azərbaycan Milli Konservatoriyanı skripka bölməsini bitirib (indiki Bakı Musiqi Akademiyası), kamera ansamblı şöbəsində konsertmeystr kimi çalışıb. İsveç Krallığında skripkadan Azərbaycan uşaqlarına dərs deyir. Mənim qızımın da müəlliməsidir. Nəzakət Rəşidzadə azərbaycanlı tələbələri Qönçə və Nübar adında qızlardır. Tələbələrim içərisində Əhməd Adıgözəlov da var. Tanınmış musiqiçi Adıgözəlovlar nəslindəndir. Tələbələrimin yaşca ən böyüyüdür, daha çox klassik musiqiyə üstünlük verir. Tələbələrimin sonbeşiyi Laradır. Mən Stokholmda yeni yaranmış “Tumurcuq” teatrında musiqi bölümündə də təmənnasız çalışıram. Biz bütün dünyaya sübut etməliyik ki, Azərbaycan mədəniyyəti və tarixi qədimdir və möhtəşəmdir. Keçən il uşaqlarla bərabər, qocalar evində könüllü olaraq konsert verdik. Uşaqların çıxışından sonra, konsertin sonunda yaşlı insanların gözləri yaşla dolu idi. Konsertrin sonunda uşaqlara hədiyyələr təqdim etdik. Tədbirdə qonaq qismində İsveçdə yeniyetmə olmasına baxmayaraq, ölkəmizin adını həmişə uca tutan Məhəmmədəli Nəzərli və onun anası “Tumurcuq” teatrının rəhbəri Sevinc Nəzərli iştirak edirdi. Azərbaycan xalqının əsl xarakterini, həm insanı keyfiyyətlərini, həm mədəniyyətini, həm də incəsənətini əlimdən gəldiyi qədər İsveç xalqına çatdırmaq istəyirəm”, - deyə Vüsalə Bağırova əlavə edib.
P.S. Bəli, bu gün Vüsalə xanımın simasında Avropada yaşayan və onu təbliğ edən insanlarımızın sayı artmaqdadır. Mədəniyyət böyük silahdır. Ondan yararlanmaq mütləqdir.
Mənbə: Modern.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət