İstirahət etmək istəyənlərin nəzərinə: Hotellərə xüsusi loqo vurulacaq - RƏSMİ
“Müştəri hoteli tərk etdikdən sonra həmin otağa 48 saat müddətində heç kəsin buraxılmaması məsələsinə sahibkar özü qərar verməlidir”.
Ens.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə bildirib.
Onun sözlərinə görə, turizm sahəsində koronavirus infeksiyasının idarə olunmasının profilaktikası ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən müvafiq metodiki göstərişlər təqdim edilib:
“Bu göstərişlər ictimai nəqliyyata, iaşə obyektlərinə, turizm və hotelçilik sektoruna aiddir. Sənədlərdə obyektlərdə bir sıra addımların atılması qeyd edilib. Eyni zamanda, göstərişlərdə qonaqların qəbul olunması, onlara xidmət göstərilməsi, sosial məsafənin saxlanılması və digər məsələlər detallı şəkildə açıqlanıb”.
K.Quluzadə bildirib ki, DTA bu istiqamətdə marketinqlə məşğuldur:
“Məqsəd Azərbaycan turizminin rəqabət qabiliyyətini artırmaqdır. Bu metodik göstərişlərə əməl edən iaşə və yerləşdirmə obyektləri könüllü olaraq, təşəbbüs proqramımıza qoşula bilər. Bu, SAHMAN (Sanitation and Hygiene Methods and Norms – Sanitariya və Gigiyena Metodları və Normaları) proqramı adlanır. Tərəfimizdən SAHMAN-a könüllü qoşulan sahibkarlara təlim keçiriləcək, onlara müəyyən dəstək veriləcək. Həmin obyektlərin üzərinə SAHMAN loqosu vurulacaq.
Obyektlərdə olan bu loqo insanlarda sağlamlıqlarının qorunması ilə bağlı əminlik yaradacaq. Proqramın monitorinqi daxili və xarici mütəxəssislər tərəfindən aparılacaq”.
DTA rəsmisi əlavə edib ki, bu, ilk mərhələdə daxili turizm çərçivəsində olacaq:
“Ölkədə elan edilən xüsusi karantin rejimi bitdiyi gündən 24 saat sonra Azərbaycanda yeni turizm mövsümü açıq elan ediləcək. Növbəti mərhələdə isə gəlmə turizmə yönəlmiş addımlar atılacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət