İstilik qiymətləri qaldırılacaq? - ““Azəriqaz”a borcun səbəbi tariflərin aşağı olmasıdır”
““Azəriqaz” İstehsalat Birliyi və “Azəristiliktəchizat” ASC arasındakı borc məsələsi hökumət tərəfindən tənzimlənir. Əvvəllər də borc məsələsi belə tənzimlənib, indi də bu istiqamətdə işlər gedir”.
Bunu Modern.az-a “Azəriqaz” İstehsalat Birliyinin ittihamlarına cavab verərkən “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib. O qeyd edib ki, “Azəriqaz” tam haqlıdır, ortada həll edilməmiş borc məsələsi var:
“Borcun hələ də qalmasının səbəbi tariflərin aşağı olmasıdır. Biz istilik haqlarını 100 faiz yığıb “Azəriqaz”a ödəsək belə, yenə də qaz xərclərini qarşılmağa kifayət etmir. Baxmayaraq ki, digər xərclərimiz – su, elektrik enerjisi, əməkhaqqı və s. də var. Amma bununla bağlı da aidiyyəti üzrə müraciət etmişik, iş gedir. Bu məsələ həmişə hökumət tərəfindən tənzimlənir”.
Qeyd edək ki, "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev açıqlamasında "Azəristiliktəchizat" ASC-nin onlara 29 milyon manat borcu olduğunu söyləyib. O “Azəristiliktəchizat”ı bu şəkildə ittiham edib:
“Borc hələ ödənilməyib. Sadəcə olaraq biz əhalinin istilik sistemi ilə təmin edilməsi üçün yenidən qazın açılışını bərpa etdik. "Azəistiliktəchizat" iddia edir ki, əhaliyə istilik sisteminin verilməsində qiymət ucuz olduğu üçün onlar həmin məbləği ödəyə bilmirlər. Yəni onlar əhalidən istilik sisteminə görə ödənişləri alır, amma bu, qazın ödənişinə çatmır. İndiyə qədər bizdən aldığı borcun 30 faizini ödəyə bilməyib. Biz isə aldığımız qazın məbləğini Azərbaycan Dövlət Neft Şirkətinin digər qurumuna tam ödəyirik. Bizim ödəmələr tam şəkildə həyata keçir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət