Slimfit
  1. AZƏRBAYCAN

“İstəyirdim əliboş gəlməyim, ona görə bir az vaxt apardı...”

“İstəyirdim əliboş gəlməyim, ona görə bir az vaxt apardı...”
Sakura

“İstəyirdim əliboş gəlməyim, ona görə bir az vaxt apardı...”

Xəbər verildiyi kimi ötən gün prezident İlham Əliyev və birinci xanım İsmayıllı rayonunun qədim Lahıc qəsəbəsində olub. Qəsəbədə tikilmiş yeni orta məktəbin açılışında, Lahıca ilk dəfə təbii qazın verilməsi mərasimində iştirak edib, qəsəbə sakinləri ilə görüşüb söhbətləşib.

Prezidentin rəsmi saytı İlham Əliyevin Lahıc sakinləri qarşısında çıxışının stenoqramını yayıb. Virtualaz.org xəbər verir ki, prezident qəsəbə sakinlərini salamlayıb, bu qəsəbəyə prezident kimi ilk dəfə səfər etməsindən şad olduğunu bildirib.

“Uzun illərdir ki, istəyirdim gəlim. Amma Prezident kimi ilk səfərimdir. Əvvəllər dəfələrlə olmuşam, siz də bunu yaxşı bilirsiniz. İstəyirdim əliboş gəlməyim. Ona görə bir az vaxt apardı. Ancaq bu səfər ərəfəsində Lahıc qəsəbəsində çox önəmli hadisələr baş vermişdir. Birincisi, biz bu gün Dəmirçi-Lahıc avtomobil yolunun açılışını qeyd etdik. Bu, hesab edirəm ki, tarixi bir layihədir. Lahıc qəsəbəsini Şamaxı rayonu ilə birləşdirir. Əvvəlki yol keçilməz idi. Heç yük maşını ilə getmək mümkün deyildi. İndi isə mən özüm bu yolla gəlmişəm. Çox rahat, gözəl yoldur, təhlükəsiz yoldur. Bakıdan Lahıca gələn turistlər üçün də, vətəndaşlar üçün də çox rahat bir yoldur. Həm daha qısadır, həm də təhlükəsiz getmək mümkündür”-dövlət başçısı deyib.

İlham Əliyev bildirib ki, Lahıca gəlməzdən əvvəl Şamaxının Dəmirçi kəndində olub, bu kəndin inkişafı ilə bağlı göstərişlər verib. Dövlət başçısı qeyd edib ki, Dəmirçi kəndi də Lahıc qəsəbəsi ilə tarixən bağlı olan bir kənddir. Ona görə indi gediş-gəliş də çox rahat olacaq.

Prezidentin çıxışından sitat: “Lahıc qəsəbəsinin təhsil məsələlərinin həlli də diqqət mərkəzindədir. Bilirəm, belə təkliflər də olubdur ki, yeni məktəb tikilsin. Keçən il Sərəncam verildi və bu gün biz bu məktəbin açılışını etdik. Gözəl, 400 şagird yerlik məktəbdir. Hazırda burada təxminən 200-dən çox şagird oxuyur. Amma gələcəkdə əhali artacaq, uşaqların sayı artacaq. Elə məktəb tikmişik ki, gələcəkdə də Lahıc qəsəbəsinin ehtiyacını tam ödəsin.

Əlbəttə ki, Lahıc qəsəbəsinə təbii qazın çəkilişi də tarixi layihədir. Siz yaxşı bilirsiniz ki, qaz xətlərini çəkmək çox çətin məsələdir, həm maliyyə baxımından, həm texniki baxımdan. Ancaq Lahıcın Azərbaycanda xüsusi yerini nəzərə alaraq, biz bu böyük layihəni də icra etdik. İndi biz təbii qazın verilməsini sizinlə birlikdə qeyd edəcəyik”.

 

İlham Əliyev qeyd edib ki, Lahıc sakinlərinin xahişləri tam yerinə yetirilib : “Əgər əlavə xahişlər olarsa, siz mənə deyin, biz onları da həll edərik ki, bu tarixi, qədim qəsəbə öz inkişafını bundan sonra da təmin etsin”.

Prezident çıxışında Lahıcın tarixi, qədim yaşayış məskəni olmasından danışıb. Bildirib ki,  lahıcılıların miskərlik sənəti, digər sənət sahələrində fəaliyyəti onların nə qədər istedadlı olduğunu göstərir: “Eyni zamanda, Lahıcdan bir çox görkəmli şəxsiyyətlər olub, bu gün də var - alimlər, ziyalılar, ictimai xadimlər. Yəni, Lahıc çox dəyərli insanlar yetişdirib. Hesab edirəm ki, təhsil məsələsində də siz ön sıralardasınız. Mənə indi məlumat verildi ki, Lahıc məktəbini bitirən şagirdlər Azərbaycanın ali məktəblərinə yüksək ballarla daxil olurlar. Yəni, bu, onu göstərir ki, qəsəbənin çox dərin kökləri var, mədəniyyəti var”.

 

Prezidentin sözlərinə görə, təsadüfi deyil ki, dünyanın aparıcı televiziya kanallarında Lahıcla bağlı verilişlər gedib və bu gün də gedir. Həm “Euronews”, həm başqa aparıcı televiziya kanallarında, qonşu ölkələrin kanallarında indi çox gözəl reportajlar verilir. Bu da Azərbaycanın şöhrətini daha da artırır və Lahıca gələcək turistlərin sayını da artırır.

İlham Əliyev çıxışında deyib: “Turizm Azərbaycanda prioritet istiqamətlərdən biridir. Mənə verilən məlumata görə, Lahıcda otellər tikilir, bir otel indi məktəbin önündə inşa edilir. Mən bunu da alqışlayıram. Nə qədər çox turist gəlsə, ölkəmizə o qədər də çox pul gələcək. Bax, turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 7 ayında 9 faiz artıb və bu proses davam edir. Hər gələn turist xidmət sektorunun inkişafına xidmət göstərir. Mən istəyirəm ki, hər bir yerdə, ölkəmizin hər bir guşəsində insanlar daha da yaxşı yaşasınlar, onların həyat səviyyəsi yüksəlsin, dolanışıq yaxşı olsun”.

Prezident vurğulayıb ki,  yolun, qazın çəkilişindən sonra Lahıca gələn qonaqların - həm Azərbaycan vətəndaşlarının, həm də xarici vətəndaşların sayı qat-qat artacaq.

“Mən şadam ki, bu gün sizinlə birlikdəyəm. Mən lahıclılarla müxtəlif sərgilərdə dəfələrlə görüşmüşəm - Bakıda, Mehriban xanımın xətti ilə Heydər Əliyev Fondunun tədbirlərində, xarici ölkələrdə lahıclılar öz sənətini nümayiş etdirirlər. Hər dəfə də onlar məni dəvət edirdilər, mən də hər dəfə deyirdim ki, gələcəyəm. Amma bir daha demək istəyirəm, istəyirdim ki, əliboş gəlməyim. Sizi bir daha təbrik edirəm”-İlham Əliyev lahıclılar qarşısında səmimi çıxışını yekunlaşdırıb.

Lahıc sakinləri də çıxış edərək prezidentə minnətdarlıq ifadə ediblər.

 

Mənbə: Virtualaz.org

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR