Slimfit
  1. AZƏRBAYCANLI

İstedadına güvənib ABŞ-a pənah gətirən Azərbaycanlı

İstedadına güvənib ABŞ-a pənah gətirən Azərbaycanlı
Sakura

İstedadına güvənib ABŞ-a pənah gətirən Azərbaycanlı

Biz ona ad qoymuşuq- İstedad! O isə əslində, Tanrının sevdiyi bəndələrindən əsirgəmədiyi ilahi ərmağandır. Bütün sədləri aşıb keçir, məkan tanımadan sahibinə baş ucalığı, şöhrət gətirir. Bəli, istedadlı insanlar harada yaşasalar da, orada gec-tez uğurlara imza atırlar. Və bu istedad körpə olanda, necə deyərlər, ipə-sapa yatmayanda, daha parlaq, daha saf olur.

Haqqında söhbət açdığım Elmar Bayramov da parlaq istedadlı gənclərdəndir. Cəmi iki ildir ki ABŞ-da yaşayır.

O, 1986-cı ildə Lənkəran şəhərində dünyaya gəlib. 2004-cü ildə həmin şəhərdəki 4 nömrəli Humanitar təmayüllü məktəb-litseyi bitirib. 2005-2010-cu illərdə Bakı Dövlət Universitetinin biblioqrafiya və informasiya fakultəsində ali təhsil alıb. Bununla yanaşı o, 2006-2015-cu illərdə idmanın Kapoeyra növü üzrə məşqlər keçib.

2013-cü ildən 2015-ci ilədək Respublika Kapoeyra Federasiyasının prezidenti olub. İstedadı onu rahat buraxmayıb, 2013-cü ildə ilk dəfə "Ekaloji missiya" adlı sosial videoçarx hazırlayaraq, tamaşaçıların ixtiyarına verib. Ardınca "Ramazan" adlı videoçarx çəkib. Burada o, 2015-ci ilin ramazan ayında keçirilən Avropa oyunlarında idmançıların oruc tuta-tuta yarışlara qatılmağının fəsadlarından söhbət açıb.

"Məryəm" adlı sosial videoçarx çəkərək, Azadlıq metrosunun yaxınlığında od tutub yanan binada baş verən hadisələrin acı nəticələrini tamaşaçıların diqqətinə çatdırmağa çalışıb. Sosial şəbəkəyə yerləşdirilən bu videoçarxın bir gün ərzində milyondan çox tamaşaçı baxışı olub. Bundan həvəslənən qəhrəmanım müxtəlif mövzularda "Kəmər", "Oxu", "Mübarizə" adlı qısametrajlı sosial filmlər çəkib. 2016-cı ildə kommersiya xidmətləri məqsədi ilə "Black Garden Company" MMC-ni yaradıb və müxtəlif reklam, klip, film layihələrini həyata keçirib.

Bir neçə bədii filmdə döyüş səhnələrinə quruluş verib. 2016-cı ilin sonunda "Don Marleoni" filminin istehsalına başlayıb. Bu filmlə o, Azərbaycan film tarixinə yeni nəfəs gətirib.

2017-ci ildə filmin təqdimatından sonra, Amerika Birləşmiş Ştatlarına gəlib. İlk vaxtlar Corciya şatatının Atlanta şəhərində fəaliyyət göstərən "Brobart production" media studiyasında çalışıb. Bir neçə aydan sonra Texas ştatının Hyuston şəhərinə gedib. Orada xüsusi kurslara qatılaraq, video layihələrin onlayn satış proqramının prinsiplərini öyrənib. 2018-ci ildən Nyu Yorka gəlib, burada 1 il kino təşkilatçılığı və film sahəsində komersiyasının sirlərini tədris edən “Friends in film” kursunda təhsil alıb. Kursun tələblərinə əsasən qəhramanımız film festivallarında işləməli idi və buna görə də "Havana" və "Americans" film festivallarında ssenarist və rejissorların bələdçisi vəzifəsində təcrübəyə başlayıb. Kursun tələblərinə görə növbəti mərhələdə Elmar öz filimini çəkərək, festivallara qatılmalı idi. 2018-ci ilin iyul ayından “Oops” filminin hazırlıq işlərinə başlayır, qısa metrajlı film sentyabr ayının sonlarıda bitir. Film ilk olaraq "Cinemax" və "Warner Bros" kimi nəhəng film şirkətlərinin dəstəyi ilə təşkil olunmuş “Urban Action Show Case International' film festivalında iştirakçı olur və “Ən yaxşı döyüş filmi” nominasiyasının qalibi elan edilir.

Arzuları böyükdür, qarşıda onu növbəti addımlar gözləyir. "Netflix", "Amazon" "Plutofilms", "Hulu"- bunlar ABŞ-ın film istehsal edən ən böyük şirkətlərindəndirlər. Bu şirkətlərdən hər hansı biri ilə əməkdaşlıq üçün bir neçə müsabiqənin qalibi olmalısan. Elmar Bayramov artıq bir müsabiqənin qalibi olub. İnanırıq ki, bu təmkinli, gülərüz, istedadlı soydaşımızın səsi tezliklə bu şirkətlərdən birindən gələcək.

Ömür-gün yoldaşı Könül Kəngərli məşhur azərbaycanlı rəssam Bəhruz Kəngərlinin nəslindəndir. Rəssamdır, əsərləri ABŞ-da çox baha qiymətlə satılır.

Elmar imtahanları uğurla verərək City University of New York Brooklyn kollecinə qəbul olunub. Dörd il buranın film fakultəsində təhsil alacaq.

Niyə vətəndə qalmadın, Amerikaya gəldin, sualıma, belə cavab verdi:

"Mən gördüm ki, son vaxtlar mahiyyətsiz, şit kinokomediyaların sifarişi daha çoxalıb. Düşündüm ki, buna zaman sərf etməkdənsə, istedadımı daha böyük işlərə həsr edim".

Bəs, ABŞ-a can atan azərbaycanlı gənclərə tövsiyyən nədir?- soruşanda o, dedi:

"Əgər hər hansı bir ciddi məqsədləri yoxdursa, buraya gəlmək lüzümsuzdur. Gəlib burada taksi sürəcəklərsə və ya hər hansı bir adi işdə çalışacaqlarsa vətəndə qalıb, həmin işlərlə məşğul olsalar daha faydalıdır. Vəhşi kapitalizmin tələbləri çox ağırdır. Burada təhsil almadan çətinliklərə sinə gərmək insandan dözüm, iradə, güc tələb edir".

 

Müəllif: Elman Eldaroğlu (ABŞ, Miçiqan)

Mənbə: Moneta.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR