Slimfit
  1. MARAQLI

İşsiz kimlərə və nəyə deyirik ?

İşsiz kimlərə və nəyə deyirik ?
Sakura

İşsiz kimlərə və nəyə deyirik ?

Məlum olduğu kimi, ölkədə pandemiya şəraitinə görə işsiz və ya xüsusi karantin rejiminə görə iş yerlərini itirmiş qeyri-formal işləyən şəxslərə dövlət tərəfindən dəstək mexanizmi çərçivəsində birdəfəlik ödəniş müddəti bu ay, yəni may ayı ərzində yenə 600 min nəfərə hər bir kəsə 190 manat ödəniş həyata keçirilməklə başa çatacaq.

Ancaq belə görünür, bunun yaratdığı söz-söhbətlər və rezonans isə davam edəcək. Özü də uzun müddət...

Bu da təsadüfi deyil. O səbəbdən ki, koronavirusla bağlı hökumətin əhalinin sosial müdafiəsinə dair dəstək paketində ən çox səs-küy yaradan işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərə birdəfəlik vəsaitin - 190 manatın verilməsi oldu.

Əvvəl də yazdığım kimi sanki ölkə üzrə bütün vətəndaşların dərdi elə 190 manat, yəni aylıq yaşayış minimumu həcmində imiş...

Düzdür, 190 manat həm müsbət, həm də mənfi mənada çox həqiqətləri üzə çıxardı. Belə ki, guya koronavirus olmasa idi, nə işləyənimiz bəlli idi, nə işsiz olanımız...

Bununla belə, 190 manatlıq birdəfəlik ödəmənin işsizlərimiz barədə üzə çıxartdığı həqiqət hər halda ondan ibarət olmadı ki, onların sayı məhz 600 min nəfərdir.

Xeyr!

Düzdür, hökumətin siyasətinə opponent olan ekspertlər sırasında "qatığın rəngi qaradır" deyənlər, bilərəkdən hələ bir az da uzağa gedərək qeyd edirlər ki, ölkədə işsizlərin sayı 1 milyon 235 min 200 nəfərdir. Guya, ona görə ki, 190 manat almaq üçün bu qədər adam müraciət etsə də, 635 min 200 nəfərə imtina cavabı verilib.

Düzünü deyim, bunların sırasından "utanmasan oynamağa nə var ki" məsəlinə uyğun olanları çıxsam belə, qeyd olunan rəqəm, həqiqətən də, böyükdür.

Ancaq sual edirəm ki, biz, işsiz kimə və nəyə deyirik?!

10 milyon əhalisi olan ölkədə əgər 1 milyon 235 min 200 nəfər işsizdirsə, onda bu ölkədə işləyənlər nə qədərdir ki ?! 1 milyon 235 min 200 nəfər pandemiya şəraitinə görə tədbiq olunan xüsusi karantin rejimi ucbatından dövlət tərəfindən cəmi 2 ay ərzində verilən 190 manatlıq yaşayış minimumuna əgər belə ehtiyac duyursa, o zaman bu fonda ölkədə yoxsulluq görəsən, hansı səviyyədədir?!

Bunları qoyuram kənara. Tutaq ki, işsiz olanların sayı 600 min nəfərdir. Rəsmi statistikaya görə, 2020-ci il mart ayının 1-nə olan məlumata əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 107 200 nəfər və ya 7 faiz artaraq, 1 641 500 nəfər təşkil edib, onların da 911 400 nəfəri iqtisadiyyatın dövlət, 730 100 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Ancaq bu son rəqəm deyil. Dövlətin sahibkarlara dəstək göstərəcəyi bəlli olduqdan sonra əmək müqavilələrinin sayı təkcə, aprelin 1-dən bəri 80 mindən çox artıb. Və bunun hələ davam edəcəyi gözlənilir ki, proses bunu təsdiq edir.

Əhalinin müəyyən bir qisminin əmək qabiliyyətli olmadığını, yəni uşaqlardan, yaşlılardan, fiziki məhdudiyyətlilərdən və o cümlədən əməkqabiliyyətli olub, amma işləmək istəməyən və ya buna ehtiyac duymayanlardan və sairədən ibarət olduğunu nəzərə alsaq, yenə eyni sual ortaya çıxır ki, əslində işsiz kimə və nəyə deyirik?!

Bu gün ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin rəsmi statistikaya əsasən mövcud sayına görə, 600 min nəfər həqiqi və durğun formada işsiz ola bilərmi?!

Sözsüz ki, yox.

190 manatlıq birdəfəlik ödəmənin ölkəmizdə işsizlik barədə üzə çıxartdığı həqiqət sadəcə bundan ibarət oldu ki, işsiz olanların sayı məşğulluq xidməti orqanlarında qeydiyyata alınanlardan çoxdur.

Məsələn, 2020-ci il fevral ayının 1-nə məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 86,2 min nəfər olub ki, yanvar ayında isə ölkədə işsiz şəxslərin sayı 81,3 min nəfər təşkil edib. Aylıq müqayisədə fevralda işsizlərin sayı 4,9 min nəfər və yaxud 6 faiz artıb.

İşsiz və ya, xüsusi karantin rejiminə görə iş yerini itirmiş qeyri-formal işləyən şəxslərə dəstək mexanizmi isə Nazirlər Kabinetinin qərarı ilə aprelin 7-də təsdiq olunub və ödənişlərə aprelin 9-dan başlanıb. Birdəfəlik ödəmə proqramı üzrə 190 manat fərdi olaraq əvvəl 200 min nəfərə verilməli idisə, Prezident İlham Əliyevin tapşırığına əsasən 3 dəfə artırılaraq, ümumən 600 mini əhatə etdi.

Və bu, təkcə işsizlərə deyil, qeyri-formal çalışan və xüsusi karantin rejimi dövründə müvəqqəti olaraq qazancını itirmiş şəxsləri, vaxtamuzd çalışanları, habelə iqtisadi qeyri-fəal əhaliyə də aid olmaqla, ümumən aztəminatlı şəxslərin minimum ehtiyaclarını ödəmək məqsədi ilə icra edildi.

Ona görə də sözügedən birdəfəlik ödəmə üçün müraciət edənlər sırasında işsizlərlə yanaşı, çoxsaylı məşğul, xüsusi karantin şəraitində qazancını itirən qeyri-formal işləyən, habelə iqtisadi qeyri-fəal, yəni işləmək istəməyən, heç bir zaman iş axtarmayan və yalnız ev işlərini yerinə yetirən, ailə üzvlərinə qulluq edən və sair şəxslər də oldu.

Bunların heç də hamısı işsizlər sayılmır və sayıla da bilməz.

Sözün qısası, işsiz o vətəndaşdır ki, əməkqabiliyyətlidir, amma gəlir gətirən heç bir məşğuliyyəti yoxdur və real olaraq iş axtarır. Bu mənada, 190 manat işsizliyi aradan götürmək məqsədi daşımırdı. Odur ki, əmək qabiliyyətli həqiqi işsiz və ya heç bir gəliri olmayan hər bir kəs öz potensialı çərçivəsində əslində iqtisadiyyatın bu və ya digər sahəsində dövlətin yaratdığı imkan çərçivəsində məşğul olmalı və yaxud da heç olmasa, işsiz kimi qeydə alınmalı, qeyri-rəsmi məşğulluğa mübtəla olsa da belə, heç vaxt uçotdan kənarda qalmamalı və dövlət “yardım edirəm” deyən kimi də, dərhal ortaya çıxmağa çalışmamalıdır.

Bəli, iqtisadiyyatda inkişafın əsas göstəricilərindən biri məşğulluğun artması, işsizlik səviyyəsinin getdikcə azalması və ümumiyyətlə, maksimum aşağı rəqəmlər təşkil etməsidir. Buna nail olmaq hər bir dövlətin və hökumətin əsas vəzifəsi sayılır, sosial siyasətin məğzini təşkil edir.

Ancaq sonda bir məqama da toxunum. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmisinin açıqlamasına əsasən 190 manata ehtiyac duyduqlarını israrla bildirən sayca 4 400 vətəndaşa dəstək olmaq məqsədilə 190 manatdan daha çox gəlir gətirən, üstəlik əmək müqaviləsi əsasında ödənişli ictimai işlər təklif olunub ki, bunlardan yalnız cəmi 21-i, başqa sözlə desəm, 0,5 faizi müsbət qarşılanıb.

Qalanına ya imtina cavabı verilib və yaxud da heç əhəmiyyət belə verilməyib.

Dövlət və hökumət buna nə etsin ?!

600 min nəfərə hər ay 190 manat paylasınmı ?!..

İqtisadçı ekspert Pərviz Heydərov

Mənbə: report.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR