Slimfit
  1. AZƏRBAYCAN

İsraillilər Bakını kəşf edir - İsrail mediası

İsraillilər Bakını kəşf edir - İsrail mediası
Sakura

İsraillilər Bakını kəşf edir - İsrail mediası

Bu il məhz Azərbaycan Cənubi Qafqazda israilli turistlər üçün həqiqi ulduza çevrilib. Şərq və Qərb sivilizasiyalarının kəsişməsində yerləşən bu ölkədə hər iki sivilizasiyanın təsiri hiss olunur. Burada heyrətamiz görməli məkanlar çoxdur: Tunc dövrünün petroqlifləri, orta əsrlər dövrünə aid minarələr və məscidlər və əlbəttə, nadir təbiət. Azərbaycan Respublikası Xəzər dənizinin sahilində yerləşən turizm incisidir. O, özünün turizm potensialı ilə öyünə bilər. Burada siz ovsunlayıcı və cəlbedici nə varsa, hamısını bir arada görəcəksiniz: dağlar, şəlalələr, çaylar, göllər, mineral bulaqlar və dünyada yeganə müalicəvi neft yatağı. Əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət olan neftlə zəngin bu ölkə həm də əsl dünyəvi dövlətdir.

Axar.az xəbər verir ki, bu barədə israilli jurnalist İris Qorlet ölkəsində çıxan nüfuzlu “Maariv” qəzetində dərc olunmuş “Tarix, mədəniyyət və üfüqlər: israillilər Azərbaycanı kəşf edirlər” sərlövhəli məqaləsində yazıb.

Bir çox konfessiyaların nümayəndələrinin artıq min ildir Azərbaycanda mehribanlıq şəraitində dinc yanaşı yaşadığını vurğulayan məqalə müəllifi yazır: ”2500 ildən çoxdur ki, burada mötəbər və nüfuzlu yəhudi icması yaşayır. Bir çox ekspertlər qeyd edirlər ki, yəhudilər bu ərazidə Yəhudi çarlığı dövründən məskunlaşıb. Odlar Yurdunda müxtəlif iqlim qurşaqlarını, yeniliklə köhnəliyin sintezini görmək olar. Qədim məscidlərin böyründə ultramüasir binalar da görmək olar. Müstəqilliyi bərpa olunandan sonra Azərbaycan Respublikası qısa müddətdə beynəlxalq tədbirlərin, müxtəlif yarışların, “Eurovision” mahnı müsabiqəsinin və Formula 1 Azərbaycan Qran-Prisinin keçirilməsi üçün həqiqətən möhtəşəm platformaya çevrilib”.

İ.Qorlet yazır ki, 2017-ci ildə bu Cənubi Qafqaz ölkəsində turistlərin sayı 20 faiz artaraq, ümumən 2,6 milyon nəfərə çatıb.

“LeMetayel” veb-saytının redaktoru Yael Kfir deyir: “Biz Azərbaycana turizm axınının 100 faizdən çox artdığını və paytaxt Bakıya marağın daha da gücləndiyini görürük. Başqa sözlə desək, əgər Azərbaycanda istirahətdən və ya bu ölkəyə səyahətdən danışırsınızsa, hazırda diqqət mərkəzində Bakıdır. Hər halda israillilər üçün belədir”.

Qüdsdə yerləşən Yəhudi Universiteti nəzdindəki Trumen İnstitutunun antropoloqu və mühazirəçisi doktor Xen Bram dəhşətli Holokost illərində Avropa yəhudilərinin xilas edilməsində Azərbaycanın böyük rolunu qeyd edərək deyir: “Təqribən on il əvvəl Azərbaycanda turist qruplarına rəhbərlik etməyə başlayanda, turizm xidmətləri, demək olar, yox dərəcəsində idi. Bugünkü Azərbaycan tamamilə başqa və daha təhlükəsiz məkandır. Ölkənin turizm landşaftı sürətlə dəyişir. İndi Azərbaycanda İsraildən gəlmiş çoxlu turist qruplarına təsadüf etmək olar. Azərbaycan israilli turistlər üçün çox təhlükəsiz ölkədir. Azərbaycan xalqı isə çox qonaqpərvər və mehribandır. Bu da turistləri daha çox cəlb edir. Biz bu ölkədə ənənəviliklə müasirliyin gözəl vəhdətini görə bilərik”.

Yerli sakinlərin çox qonaqpərvər və mehriban olduğunu xüsusi vurğulayan məqalə müəllifi yazır: “Azərbaycana gələn israillilər onların təhlükəsizliyinin çox yüksək səviyyədə olduğunu hiss edirlər. Turistlərin İsraildən gəldiyini eşidən yerli sakinlərin gözlərində səmimi bir maraq və sevinc hiss olunur”.

Bakıda doğulmuş, hazırda baş aşpaz işləyən, şəxsi kulinariya məktəbi olan Ella Barlev deyir: “İstirahətin kulinariya tərəfi israillilər üçün çox əhəmiyyətlidir. Təl-Əvivdən Bakıya uçuş müddəti çox qısadır, 3 saatdan azdır. Mənim üçün Bakı uşaqlıq dövrümün ən gözəl şəhəridir. Bakı çox təmiz şəhərdir. Burada yeməklər çox ləzzətlidir, insanlar isə çox mehriban və qonaqpərvərdir. Arxitektura da son dərəcə gözəldir. Avropa arxitekturasının, onun inteqrasiya olunduğu qədim milli memarlıq ənənələrinin və ultramüasir arxitekturanın vəhdəti yaranıb. Bu vəhdət şəhərə çox gözəl görkəm verir. Ümumi təhlükəsizlik hissi. İnanılmazdərəcədə gözəl bulvar. Uzunluğu 25 kilometrə çatan Bakı bulvarı, yəqin ki, dünyanın ən gözəl bulvarıdır. Mən lap balaca olanda onun uzunluğu cəmi 3 kilometr idi. Bulvar çox gözəldir və paytaxtın az qala bütün sahilyanı ərazisi boyunca uzanır. Dünyanın müxtəlif ölkələrindən bura ağaclar gətirilib. Bu da ona tamamilə fərqli gözəllik verir. Azərbaycan mətbəxi çox ləzzətlidir. Hər bir evdar qadın mahir aşpazdır, çünki mətbəx Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsidir”.

İris Qorlet daha sonra yazır ki, Azərbaycan təkcə Bakı şəhərindən ibarət deyildir. Maraqlı və qeyri-adi məkanlar göstərmək üçün bu ölkənin israilli turistə təklif edəcəyi imkanlar xeyli genişdir. “Məsələn paytaxtdan cənubda yerləşən Qobustan qoruğu. Qoruğun ərazisində cırtdan vulkanlar, bulanıq hövzələr, habelə sanki yerin altından dik qalxan bazalt qayalar və üzərində tarixdən əvvəlki dövrdə insan və heyvan fiqurlarının təsvir olunduğu qayalar var.

Böyük Qafqaz dağlarına gedən yolda “dağ yəhudiləri” adı ilə də məşhur olan Qafqaz yəhudilərini görə bilərsiniz. Quba şəhərində, “Qafqazın Qüdsü” adlandırılan Qırmızı Qəsəbədə böyük yəhudi icması məskunlaşıb.

Doktor Bram Azərbaycanda yəhudilərin həyatını hiss etməyə imkan verən başqa yaşayış məntəqəsindən də danışır. Bu, Azərbaycanın şimal-qərbində dağların ətəyində yerləşən Oğuz şəhəridir. Müəllif yazır: “Burada iki sinaqoq qalıb, onlardan biri muzeydir. Yəhudilər bu şəhərdə müsəlman azərbaycanlılarla qardaş kimi dinc yanaşı yaşayıblar”.

İ.Qorlet öz məqaləsində vurğulayır ki, Azərbaycana səfər edən israilli turist əzəmətli və gözəl dağlar, təmiz dağ havası, qumsal çimərliklər, səfalı kəndlər, dadı damaqdan getməyən meyvə-tərəvəz, növbənöv çeşiddə təzə balıq və ət, isti təndir çörəyi və qonaqpərvər insanlar görür. Bütün bunlar Azərbaycana səfər etmək üçün adi səbəblərdir.

Beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut deyir: “Azərbaycan təhlükəsizlik nöqteyi-nəzərindən israillilər üçün qeyri-adı məkandır. Odlar Yurdunda özünüzü həqiqətən evinizdə hiss edirsiniz. Azərbaycan xalqı çox mehriban və qonaqpərvərdir. O, yəhudi xalqına və yəhudi dövlətinə böyük hörmətlə yanaşır.

Azərbaycanda maraqlı yerlər, landşaftlar olduqca çoxdur və bütün bunlar bu gözəl ölkəni gəzib-dolaşmaq üçün mühüm səbəblərdir. Amma düşünürəm ki, daha mühüm bir səbəb var, o da Azərbaycan xalqının İsrail xalqına mehriban, səmimi və qayğıkeş münasibətidir. Yəhudilər müasir Azərbaycanın ərazisində 2 min ildən çoxdur yaşayırlar. Azərbaycan Prezidenti İlham Əliyev dörd il ərzində iki yeni sinaqoq inşa etdirib. İsraillilər Azərbaycanda çox qəribə və unikal bir məkan da görə bilərlər. Bu, yəhudilərin məskunlaşdığı məşhur Qırmızı Qəsəbədir. Burada yığcam şəkildə təqribən 5 min dağ yəhudisi yaşayır. Ukrayna və Rusiya ilə müqayisədə Azərbaycan yəhudiləri antisemitizmin və talanların nə demək olduğunu heç vaxt bilməyiblər. Onlar Azərbaycan xalqından yalnız sevgi, hörmət və mehriban münasibət görüblər.

Bu gün İsraillə Azərbaycan arasında gözəl strateji münasibətlər mövcuddur. Hər iki ölkənin liderlərinin siyasi dialoqu çox yüksək səviyyədədir, ticari-iqtisadi dövriyyə ildə təqribən 5,5 milyard dollardır. Ən başlıcası bu ölkələrin insanları arasında əsl körpü yaranıb”.

Məqalə müəllifi qeyd edir ki, Azərbaycan özünü demokratik, parlamentli və dünyəvi respublika elan edən, qadınlara seçki hüququ verən ilk müsəlman ölkəsidir. O yazır: “1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti 23 ay fəaliyyət göstərib. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa edib. SSRİ dağıldığı dövrdə Ermənistan və Azərbaycan arasında münaqişə yaranıb. Nəticədə Ermənistan Azərbaycan ərazilərinin 20 faizini, o cümlədən Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal edib. Amma bu hadisə Azərbaycanın multikultural modelinə əsla təsir göstərməyib. Azərbaycan xalqı nadir humanizmi, mehribanlığı və qonaqpərvərliyi ilə seçilir və siz bu möcüzələr ölkəsinə səfər etməklə, bütün deyilənləri sınaya və yoxlaya bilərsiniz”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR