Slimfit
  1. DÜNYA

İspaniyadakı fəlakət azərbaycanlının dilindən: "İtkilərin sayının artacağı gözlənilir"

İspaniyadakı fəlakət azərbaycanlının dilindən: "İtkilərin sayının artacağı gözlənilir"
Sakura

İspaniyadakı fəlakət azərbaycanlının dilindən: "İtkilərin sayının artacağı gözlənilir"

Bir neçə gün əvvəl İspaniyada meydana gələn qasırğanın fəsadları durmadan artır. Hökumət təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün səfərbər olsa da, mülki binalara və infrastruktura dəyən zərər artmaqda davam edir. Təbii fəlakət fonunda İspaniyanın dövlət meteoroloji agentliyi Valensiyada qırmızı, Əndəlüsün bəzi yerlərində narıncı həyəcan siqnalı elan edib. Hətta bu hadisə 1967-ci ildə Portuqaliyada baş verən daşqınlardan sonra Avropada ən böyük fəlakət hesab olunur. Lakin problemin aradan qaldırılmaması xalqı daha da qəzəbləndirib. Yerli sakinlər əraziyə baş çəkən İspaniya Kralı VI Filipin üzərinə zibil və palçıq atıb, "qatil" şüarları səsləndiriblər. Çünki yerli sakinlər İspaniya hakimiyyətinin ölkədə baş verən daşqınlar səbəbindən yaranmış fəlakətlə mübarizə üsulundan narazıdırlar.

 

Bəs ölkədə son vəziyyət nə yerdədir? İtkilərin sayı artıbmı? Hadisənin fəsadlarının qarşısının alınmaması nə ilə bağlıdır və hökumət hansı tədbirləri görür?

Ens.Az-ın məlumatına əsasən,Baş verənlərlə bağlı Oxu.Az-a İspaniya Azərbaycanlıları Birliyinin sədri Vahid İmanov məlumat verib. Onun sözlərinə görə, hadisə nəticəsində ölənlərin sayı 200 nəfəri keçib və bu rəqəmin artacağı gözlənilir:

"Çünki məlumatlar hələ tam dəqiqləşdirilməyib. Təbii fəlakətdən ən çox Valensiya əyaləti zərər çəkib. Hətta bölgənin, demək olar ki, 50-60 faizinə ziyan dəyib. Xilasetmə işləri isə hələ də davam edir. Ölkə kralı iki gündür ki, həmin ərazidədir. Həmçinin, digər rəhbər şəxslər də ərazidə davamlı olaraq görülən işlərə şəxsən nəzarət edirlər. Hazırda su altında qalan evlər və obyektlərdə xilasetmə işləri aparılır. Həyatın əvvəlki axarına düşməsi üçün 24 saat ərazidə iş gedir. İtkilərin artıb-artmadığı kəndlərdə olan insanları hesabladıqdan sonra bilinəcək".

 

Müsahibimiz deyib ki, İspaniyada hər bölgənin özünəməxsus problemləri var:

"Mən Kastilya və Leon əyalətinin Medina de Pomar şəhərində yaşayıram. Fəlakətin baş verdiyi ərazi - Valensiya isə İspaniyanın cənubundadır. Burada da hər bölgənin özünəməxsus problemləri var. Hazırda bizim bölgədən Valensiya üçün ianələr toplanır, yardımlar aparılır. Çünki Valensiya bölgəsi az qala yox olub. Elə kəndlər var ki, onlardan əsər-əlamət qalmayıb. Bu baxımdan, Avropa Mərkəzi Bankı da İspaniyaya külli miqdarda yardım ayırıb. Amma hələ də dəymiş zərərin dəqiq miqdarı hesablanmayıb. Bu da əbəs deyil, təsəvvür edin ki, təkcə yüzminlərlə maşın tamamilə sıradan çıxıb".

 

"Valensiya əyaləti dəniz səviyyəsindən çox da hündürdə deyil. Ən böyük problem isə korrupsiyanın hökm sürməsi ilə bağlıdır. Belə ki, uzun müddətdir ki, yerli hakimiyyətdə təmsil olunan Xalq Partiyası həmişə korrupsiya və qeyri-qanuni fəaliyyətlərlə tanınıb. Ona görə də problemin qarşısını almaqda çətinlik çəkdilər və hadisə yerində də qəzəbli xalq kütləsi ilə qarşılaşdılar. Lakin son məlumatlarda deyilir ki, krala edilən hücumlara görə əyalət prezidenti və ya baş naziri, yəni buna məsul şəxslər arasında həbslər ola bilər. Çünki ölkə rəhbərinə bu dərəcədə radikal hücumlar etmək adi hal deyil.

Bizim bölgədə yerli idarəetmədə sosialistlər təmsil olunurlar. Burada qanunsuzluq cənub əyalətindəki kimi deyil. Düzdür, bizim əyalət İspaniyanın ən böyük əyaləti olsa da, həm də ən kasıb əyalətidir, amma proseslər qanunla tənzimlənir. Ona görə də bizdə vəziyyət daha yaxşıdır", - deyə İmanov əlavə edib.

O, Valensiyada yaşayan soydaşlarımızdan da danışıb:

"Valensiyada yaşayan azərbaycanlılarla mütəmadi əlaqə saxlayıram. Soydaşlarımız arasında yalnız bir nəfərin avtomobillərinə zərər dəyib. Digər soydaşlarımız arasında, şükür ki, itki yoxdur, mülklərinə də zərər dəyməyib".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR