İsmayıllının 4 kəndinə qaz verilib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması ilə bağlı tədbirləri davam etdirir.
“Azəriqaz”dan “Report”a verilən məlumata görə, bu ilin dövlət proqramına uyğun olaraq, İsmayıllı rayonunun 4 kəndinə təbii qazın verilməsi münasibətilə rayonun Qalagah kəndində tədbir təşkil olunub.
Tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, eləcə də digər rəsmilər, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Açılış mərasimində çıxış edən SOCAR prezidenti R.Abdullayev əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. O qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin mavi yanacaqla təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına, həmçinin ekologiyanın qorunmasına xidmət edir. Prezident İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən SOCAR prezidenti bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, İsmayıllı rayonunun Qalagah kəndində 208, Zeyvə kəndində 109, Soltankənd kəndində 106 və Uştal kəndində 91 ev qazlaşdırılıb, hər bir ev fərdi tənzimləyici və sayğacla təmin olunub. Kəndlərdə qaz çəkilişinə bu ilin aprel-may aylarında başlanılıb və müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətlərinin çəkilişi üçün, ümumilikdə, 14 182,1 m polietilen, 32 372,51 m polad borulardan istifadə olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət