Slimfit
  1. MƏDƏNİYYƏT

İslam dininə məxsus qədim və zəngin süfrə mədəniyyəti

İslam dininə məxsus qədim və zəngin süfrə mədəniyyəti
Sakura

İslam dininə məxsus qədim və zəngin süfrə mədəniyyəti

Dinimizə məxsus zəngin mədəniyyətin bir hissəsini təşkil edən süfrə mədəniyyəti İslam ölkələrində mühüm yer tutur. İslam xalqlarının mətbəx mədəniyyətində ortaq dəyərlərin, müəyyən yeməklərin, qidaların bir-birinə yaxın olması da onu göstərir ki, bu süfrə mədəniyyəti hər bir müsəlman xalqının məişətinə daxil olmuşdur. Bu gün də bu qaydalara əməl edilməsi və adət halını alaraq yaşadılması bunun əsas göstəricisidir.

İslam dininin özünəməxsus süfrə mədəniyyətindən danışarkən qeyd etmək lazımdır ki, yeməkdən əvvəl dinimizə aid olan bir sıra məsələləri bilməyin böyük əhəmiyyəti vardır. Dinimizdə bir sıra qidaların haram və qadağan olması sistemləşdirilmişdir. Bəzi quşların, dəniz heyvanlarının, hətta onların hansı əzalarının yeyilib-yeyilməməsi də aydın şərh edilmişdir. Məsələn, İslamda donuz ətini yemək, yaxud donuz ətindən yemək hazırlamaq qadağandır (haramdır). Tarixi İslamdan da əvvələ gedən bu qadağa dinimizdə də müəyyən amillərə əsaslanaraq davam etdirilir. İaşə sahəsində digər qadağalar haqqında müqəddəs kitabımız olan “Qurani Kərim”in müxtəlif surələrində bəhs olunur. Bununla bağlı çoxsaylı hədislər də vardır. Belə hədislərin birində oxuyuruq: “Allah qan, leş, donuz əti yeməyi, spirtli içkilər içməyi qadağan etmişdir”. Təbii ki, bu cür hədislərin sayını artırmaq da olar.

İslama görə, qidalanma zamanı bir sıra qaydalar var ki, onlara əməl etmək vacibdir. Yeməkdən qabaq və yeməkdən sonra əllər mütləq yuyulmalı və dəsmalla qurulanmalıdır. Bu qaydalara indi də riayət olunur. Süfrə başında əyləşən qonaqlara əl yumaq üçün zərif qabda su və ləyən gətirilməsinə bu gün də rast gəlinir. Ev sahibi hamıdan əvvəl yeməyə başlamalı və hamıdan sonra yeməkdən çəkilməlidir. Bu, onunla bağlıdır ki, qonaqlar ona baxıb yeməklərini rahat şəkildə yesinlər.
Süfrələrimizdə bu gün də Allah-Taalanın verdiyi nemətlərə şükür edilərək yeməyə başlanılması, yeməyə başlarkən “Bismillah”, qurtaranda isə “Əlhəmdülillah”, – deyərək zikr edilməsi yemək zamanı da dini dəyərlərimizin yaşadılıb davam etdirilməsinin bariz nümunəsidir. İslamın bizə buyurduğu yemək qaydaları mövzusunda diqqət yetirilməli digər məqamlar da vardır ki, bunlar İslam süfrə mədəniyyətinin əsasını təşkil edir və böyük əhəmiyyətə malikdir. Nənə-babalarımızdan görüb-­götürdüyümüz, artıq adət halını almış və süfrələrimizdə riayət edilən bu tövsiyələr İslamda süfrə mədəniyyətinin əsası olmaqla yanaşı, həm də süfrədə əyləşən şəxsin əsalətinin göstəricisinə çevrilib.
Qida qəbulu barəsində İslamın bir sıra etik normaları ümumbəşəri normalardır. Belə ki, gün ərzində iki dəfə, yəni günün əvvəli və axşamçağı yemək yeyilməli, çörək süfrəyə gətirildikdən sonra nəyi isə gözləməməli və yeməyə başlarkən ilk tikə duzla açılmalı, son tikə duzla bitirilməlidir. İslam qaydasına görə, çörək süfrəyə verilən kimi ondan yemək vacibdir. Bu çörəyə bütün nemətlərdən daha çox ehtiram edilməsinin ifadəsidir. Ona İslam dünyasında həmişə müqəddəs nemət kimi baxılıb. And yerimiz sayılan çörək daim uca tutulub. Yerə düşən bu nemətin götürülüb insan ayağı dəyməyən yerə qoyulması xalqımızın müqəddəsləşmiş və yaşadılan adətlərindəndir. İslam adətlərinə görə, yemək zamanı tikə yaxşıca çeynəndikdən sonra udulmalı, sonra ikinci tikəyə əl uzadılmalı, yemək yeyərkən heç kimlə danışılmamalı, süfrə ətrafındakılara baxılmamalı, yeməkdə israf edilməməli, yeməyi sonacan bitirməyə çalışmalı, hər kəsin yeyib qurtarmasını gözləməli və süfrədən hamıdan əvvəl qalxmamalı, küçədə və ayaq üstə yemək yeməməli, süfrə başında əyləşərkən əvvəlcə yaşca və mövqecə böyük olan şəxsin yeməyə başlamasını gözləməlidir. Yeməkdən sonra süfrə təmiz yığışdırılmalı, qida qalıqları natəmiz yerə atılmamalıdır. Bu qalıqların quşlara və heyvanlara verilməsi daha məqbul hesab edilir.
İslamda süfrə mədəniyyəti ilə bağlı qeyd etdiyimiz bir sıra məsələlərlə yanaşı, insanın sağlamlığı ilə bağlı şərtlər də nəzərə alınmışdır. Bu etikadan kənar məsələlər məkruh sayılır (pislənilir). Məsələn, qaynar-qaynar və tələsərək yemək yeyilməsi, duru yeməyi və çayı üfürmək. Yağlı yeməklərdən sonra su içmək, suyu səsli formada içmək və sair İslam qidalanma mədəniyyətində doğru sayılmır.
Bütün bu sadalananlar İslam süfrə mədəniyyəti haqqında kiçik qeydlərdir. Təbii ki, bu mövzu ilə bağlı elə məsələlər vardır ki, onları daha geniş prizmadan yanaşaraq izah etmək olar. Bunun üçün hər birimiz araşdırmalı və maariflənməliyik ki, İslam süfrə mədəniyyətindən danışarkən lazım gələrsə, bu qadağaların (haramın) səbəblərini digərlərinə də izah edə bilək.
Qeyd etmək yerinə düşər ki, qədim diyarımız islami dəyərlərə söykənən süfrə mədəniyyəti ilə zəngindir. Ailənin birlikdə süfrə başına yığışması, böyüyün yuxarı başda əyləşməsi, hər kəsin öz yerini bilməsi həm tərbiyənin göstəricisi, həm də bir səmimiyyətin, doğmalıq hissinin təzahürüdür.
Yeməklər, nemətlər öz görünüşü, ləzzəti ilə süfrələrimizə gözəllik bəxş edir. Lakin hər şeydən daha yaxşısı bu gözəllikdən layiqincə və qədərincə istifadə etmək və sadalananlara riayət etməkdir. Çünki süfrə mədəniyyətinə əməl etmək süfrələrdəki nemətlər qədər gözəldir. Mövlana deyir: “Ulu Tanrı gözəldir və gözəlliyi əmr edir”. Ulu Tanrının buyurduğu gözəlliyə süfrələrimizdə də əməl edək.

Mənbə: Foodinfo.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR