İşdən qeyri-qanuni şəkildə azad edilmiş 88 işçi öz işlərinə bərpa olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2019-cu ildə vətəndaş müraciətlərini araşdırarkən 88 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.
Trend Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən bildirir ki, Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.
Müraciətlərin araşdırılması zamanı Xidmət həmçinin işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlərdən ibarət 178,7 min manat məbləğində vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Bununla əlaqədar görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub. Ödənilən vəsaitin 95,4 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət